"Xəzər Konvensiyasının imzalanması çox mühüm tarixi hadisədir"

"Xəzər dənizinin hüquqi statusuna dair Konvensiyanın imzalanması çox mühüm tarixi hadisədir". SİA xəbər verir ki, bunu Rusiyanın Azərbaycandakı səfiri Mixail Boçarnikov mətbuat konfransında deyib.

"Burada (Konvensiyanın imzalanmasında - red.) suveren müstəqil dövlətlər iştirak edirlər. Kiməsə hansısa resept məcburi qəbul etdirilməyib. Ölkələr öz maraqları əsasında sazişi imzalayıblar. Bu, böyük uğurdur. İndi Xəzər dənizində beynəlxalq hüquqi rejim mövcuddur və bu, mehriban qonşuluq əlaqələrini gücləndirir", - o bildirib.

Xatırladaq ki, avqustun 12-də Qazaxıstanın Aktau şəhərində Rusiya, Azərbaycan, Qazaxıstan, Türkmənistan və İran prezidentlərinin görüşü keçirilib və yekunda Xəzər dənizinin hüquqi statusuna dair Konvensiya imzalanıb. Konvensiyanın normalarının həyata keçirilməsi üzrə işçi qrupunun ilk iclası payızda Azərbaycanda keçiriləcək.

Bütün xəbərlər Facebook səhifəmizdə