Paşinyan hakimiyyəti korrupsiyada ittiham olundu

Şaen Arutunyan: “Robert Koçaryanın tərəfdarları məhkəməyə nəhəng məbləğdə rüşvət təklif ediblər”

6 il öncə, Serj Sarkisyan hakimiyyəti tərəfindən siyasi motivlərə görə həbs olunan Şant Arutunyanın ABŞ-da yaşayan atası Şaen Arutunyan hakimiyyətin dəyişməsinə rəğmən, hələ də oğlunun həbsdə qalması faktına münasibətini bildirərkən deyib ki, bütün ölkələrdə hakimiyyət dəyişikliyi baş verdiyi halda, siyasi məhbuslar azad olunurlar. SİA xəbər verir ki, bu barədə 1in.am erməni portalına müsahibə verən Ş.Arutunyan baş nazir Nikol Paşinyanı ittiham edərək deyib ki, görünür, o heç də amnistiya elan etmək fikrində deyil: “Bu isə belə nəticəyə gəlməyə zəmin yaradır ki, görünür onun bəzi məhbusları azad etmək fikri yoxdur. Mən, belə düşünürəm”.

“Bu ölkə rüşvətlər ölkəsidir”

“Şant Arutunyan bağışlanma ərizəsi yazmaq fikrində də deyil, axı nəyə görə də yazmalıdır?”, deyə qeyd edən ata oğlunun 5 ildir həbsdə olduğunu və bir ilə görə bu cür ərizənin yazmağa ehtiyacın olmadığını bildirib.

Şaen Arutunyanın Robert Koçaryanın həbsdən azad edilməsi ilə bağlı fikirləri də maraqdoğurucudur. Onun sözlərinə görə, məhkəmənin Nikol Paşinyanla razılaşıb-razılaşmadığını deyə bilməz, ancaq Koçaryanın tərəfdarlarının məhkəməyə nəhəng miqdarda pul təklif etdiklərini də istina etmək olmaz: “Robert Koçaryanın tərəfdarları məhkəməyə nəhəng məbləğdə rüşvət təklif ediblər. Bu ölkə rüşvətlər ölkəsidir və onların da rüşvət vəd etdiklərini istisna etmirəm.

Bununla yanaşı, Koçaryanı mühakimə etməliydilər və onun azadlığa buraxılması ədalətli seçim deyil. Hətta onlar (yeni hakimiyyət-R.R.) oğurlanmış pulları geri alırlar, yenə də cinayət törədənlər istintaqa cəlb edilərək, mühakimə olunmalıdırlar”.

“Mümkündür ki, hakimiyyət bu adamı azadlığa buraxmaq istəmir”

Şant Arutunyanın azadlığa buraxılmasının nəyə görə gecikdirilməsi, eləcə də bu məsələdə Rusiyadan çəkinmək faktorunun olması mümkünlüyü ilə bağlı sualı da cavablandıran Şaen Arutunyan bu variantı da istisna etmədiyini deyib. “Mümkündür ki, hakimiyyət bu adamı azadlığa buraxmaq istəmir”, deyə bildirən Şaen Arutunyan oğlunun azadlığa çıxması müddətinə bir il qaldığını deyib və istəsələr də, istəməsələr də Şantın bir ildən sonra azadlığa çıxacağını deyib. “Lakin siyasi məhbusların azadlığa buraxılmaları hakimiyyətin nüfuzu üçün müsbət hal olardı”, masahib bildirib.

“Paşinyanın indiki addımları və vədləri əvvəlkilərinə bənzəmir”

“Şant Arutunyan azadlıqda olarkən, hakimiyyətə bu qədərmi mane ola bilər?” sualını cavablandıran Arutunyan bu fikirdə olmadığını bildirib və deyib ki, əksinə, “məxməri inqilabdan” sonra həbsdə olan oğlu Şant Arutunyan insanları tələsməməyə, Paşinyana öz fəaliyyətini nizama salmaq üçün vaxt verməyə çağırış etmişdi”.

Buna baxmayaraq, Ermənistanda cərəyan edən hadisələri qiymətləndirən Şaen Arutunyan ilk əvvəllərdə təəssüratlarının xoş olduğunu desə də, sonradan bu fikirlərinin dəyişildiyini də bildirib: “Düşünürəm ki, Nikol Paşinyan bir sıra ehtiyatlı addımlar atır. Onun indiki addımları və vədləri əvvəlkilərinə bənzəmir. Əlbəttə ki, fərqlər var. Mən şəxsən hesab edirdim ki, Ermənistanın hakim dairələri nəticə etibarilə qonşu ölkələrlə münasibətlərini yaxşılaşdırmalıdır, xüsusilə Türkiyə ilə...Onu da hesab edirəm ki, türklərlə, iranlılarla, gürcülərlə, ruslarla və s. qonşularla mehriban qonşuluq siyasəti aparmaq lazımdır”.

“Daşnaklara elə də böyük ümidlər bağlamaq olmaz”

Diasporanın yeni hakimiyyətlə münasibətlərinə gəlincə, Şaen Arutunyan qeyd edib ki, Respublika partiyasının yanında olan və proseslərə təsir edən Daşnakksyutun partiyası Nikol Paşinyanın siyasi kursuna qarşı çıxırlar: “Onların mövqeləri rusiyapərəstdir. Ona görə də daşnaklara elə də böyük ümidlər bağlamaq olmaz. Mən Ermənistanda olarkən, Daşnaksyutun barədə başqa təəssüratlar var idi və buraya (ABŞ-a) qayıtdıqdan sonra fikrim dəyişildi. Mən Amerikaya ilk dəfə gələndə SSRİ-yə qarşı çox fikirlər səsləndirirdim. “Asparez” qəzetinin o zamankı baş redaktoru Abo Poqikyan mənə dedi ki, antisovet fikirləri az səsləndirim, əksinə, Daşnaksyutunun Ermənistandakı nüfuzunun nə qədər çox olması barədə danışım. Lakin məndə antisovet orientasiyası daha çox idi və nəticədə ölkədən çıxarılmış insan oldum”.

Jurnalistin onun Ermənistana geri dönməsi barədə qərarının olub-olmaması ilə bağlı sualını da cavablandıran Şaen Arutunyan deyib ki, bu barədə düşünsə də və nə qədər çətin olsa da onun bu barədə fikri yoxdur. “Ermənistanda bu cür şərait mövcud deyil. Mən burada pensiya alıram, evimin icarəsinin böyük hissəsini dövlət ödəyir. Ermənistanda isə bu olmayacaq, mənzilsiz yaşamaq isə çətin olacaq. Oğlumun və ailəsinin boynunda oturmaq isə istəmirəm”.

Rövşən RƏSULOV

Bütün xəbərlər Facebook səhifəmizdə