“Milli Şura”nın Müsavata ehtiyacı var? TƏRS BAXIŞ

Bu dəfə AXCP sədri Əli Kərimli müsavatçı Arif Hacılıya “ağız açır”

“Milli Şura”nın parçalanma prosesi davam edir və son bir neçə ayda bu ölü qurumdan gedənlərin sayı da artmağa başlayıb. Əldə etdiyimiz səhih məlumata görə, istər fərdi qaydada, istərsə də partiya şəklində təmsil olunanlar artıq AXCP sədri Əli Kərimlinin dirijor çubuğu altında qalmaq istəmədiklərini bu və ya digər şəkildə dilə gətirirlər. İddia olunan isə budur ki, sədr Cəmil Həsənli bütövlükdə öz səlahiyyətlərini Ə.Kərimliyə verib və formal olaraq bu posta sahiblik edir. Yəni fəaliyyətin əsas hissəsi AXCP sədrindədir. Hətta gec-gec də olsa keçirilən sessiyalarda belə, C.Həsənlinin verdiyi təkliflər Ə.Kərimli və onun partiyadaşları tərəfindən rədd edilir.

Əli Kəimlinin “bizimlə olmayan bizdən deyil” tipli bəyanatları arxa plana keçib

Söz yox ki, onsuz da ciddi elektorata və üzv sayına malik olmayan “Milli Şura”nın ən azı daha bir neçə ay ayaqda qalması üçün Ə.Kərimli müəyyən gedişlər etməyi planlaşdırır. Misal üçün, hələ qurum təsis olunduğu zaman AXCP sədrinin pafoslu və özündənmüştəbeh qaydada “bizimlə olmayan bizdən deyil” tipli bəyanatları arxa plana keçib və Kərimli “Milli Şura”ya üzvlər tapmaq üçün yalvarış metodundan istifadə etməyi nəzərdə tutub. Artıq onun Müsavat başqanı Arif Hacılıyla kompromisə getmək qərarı barədə məlumatlar da əldə olunmaqdadır. Halbuki, hələ 2013-cü ilin prezident seçkilərinə sayılacaq zaman qalmış müsavatçıların o zamankı başqanı İsa Qəmbərin “Milli Şura”nı partiyaqarışıq tərk etməsindən sonra, AXCP-nin Müsavat partiyası ilə əlaqələri tamamilə pozulmuşdu. Düzdür, bu kimi hallar daha öncələr də digər qurum və birliklərdə də yaşansa da, “Milli Şura” məsələsi daha sərt düşmənçiliklə əvəzlənmişdi. Məhz İ.Qəmbərin başqanlıq postunu A.Hacılıya təhvil verməsinin ardınca, Hacılı keçirdiyi ilk mətbuat konfransındaca Ə.Kərimliyə barışıq və iş birliyi mesajlı yollamışdı. Ancaq yuxarıda da qeyd edildiyi kimi, AXCP sədri A.Hacılının mesajını qulaqardına vurmaqla yanaşı, müsavatçıları hakimiyyətə işləməkdə, müxalifətə xəyanətdə, eləcə də “Milli Şura”nın siyasi baxışlarına cavab verə biləcək siyasət yürütməməkdə suçlamışdı. Hətta bundan sonra da bir neçə dəfə müsavatçılar qarşı tərəfə müəyyən təkliflər göndərsələr də, həmin təkliflər də bir kənara atılmışdı.

Mövcud vəziyyətdə isə görünən budur ki, “Milli Şura”nın ölü qurum olmaqla yanaşı, heç bir siyasi tələblərə cavab verməməsi, o cümlədən, xarici donor təşkilatların da bu qurumdan üz döndərməsi Ə.Kərimlinin A.Hacılıya “ağız açmağa” məcbur edir.

Müsavat başqanının AXCP sədrinə müsbət cavab verməsi inandırıcı görünmür

Artıq məlum olub ki, Kərimli Hacılıyla bir araya gəlmək üçün, iki partiya arasında razılaşma sənədi üzərində iş aparır və məqsəd nəinki iş birliyi, o cümlədən Müsavatın yenidən “Milli Şura”ya qayıtmasına hesablanıb. Ancaq güman etmək olmaz ki, Müsavat başqanı bütün baş verənlərdən sonra, daha dəqiq desək, onun başqanlıq postuna yiyələnərkən, Ə.Kərimliyə dəfələrlə iş birliyi təklif etməsinə rəğmən, həmin təkliflərin rədd edilməsindən sonra AXCP sədrinə müsbət cavab versin. O cümlədən, Müsavat daxilində Hacılının bu addıma gedəcəyi halda, partiyadan istefa verəcəklərini deyənlər də var. Misal üçün, Müsavatın aparat rəhbəri Gülağa Aslanlının A.Hacılıya ultimatumunu göstərə bilərik. Belə ki, G.Aslanlının müsavatçı başqanın “Milli Şura”ya qayıdacağı halda, partiya sıralarını tərk edəcəyi xəbərdarlığı ilə bağlı məlumatlar da mövcuddur.

Ona görə də belə qənaətə gəlmək mümkündür ki, A.Hacılı Ə.Kərimlinin Müsavat partiyasının bütün müsavatçılarla birgə “Milli Şura”ya geri dönməsi təklifini qəbul etmək fikrində deyil. Hətta vaxtilə İsa Qəmbərin “Milli Şura”da həmsədrlik institunun yaradılması təklifinə yenidən baxılsa, eləcə də A.Hacılıya həmsədrlik vəzifəsi təklif olunsa belə, onun həmin təklifləri rədd edəcəyi gözləniləndir.

AXCP sədri Ə.Kərimli İ.Qəmbərin bu təklifini səsə qoyaraq, süni şəkildə qəbul etdirməmişdi

Qeyd edək ki, hələ Müsavat partiyası “Milli Şura”da təmsil olunarkən, bu qurumun sədri Rüstəm İbrahimbəyov olarkən, sabiq başqan orada həmsədrlik institunun yaradılması ilə bağlı təşəbbüs irəli sürmüşdü. Məhz onda AXCP sədri Ə.Kərimli İ.Qəmbərin bu təklifini səsə qoyaraq, süni şəkildə qəbul etdirməmişdi. Məhz bu baxımdan, demək mümkündür ki, indi də “Milli Şura”nın, daha doğrusu, AXCP-nin Müsavata ehtiyacı yaranıb. Lakin Müsavat rəhbərliyi bu ehtiyacı təmin etmək fikrində olmadığını bəri başdan sərgiləyir. Hər halda, bir-birini həzm etməyən iki əzəli düşmən partiyanın bundan sonra da bir araya gəlməsi məsələsi kifayət qədər reallıqdan uzaqdır və ümumiyyətlə, inandırıcı görünmür.

Rövşən RƏSULOV

Bütün xəbərlər Facebook səhifəmizdə