Aydın Mirzəzadə: "Səhv siyasət Ermənistanı uçuruma aparır" AÇIQLAMA-ÖZƏL

“Ermənistan ərazi iddiaları ilə bağlı tələbinə birdən-birə gəlməyib. Əsrlərlə erməni icmasının içərisində sonradan gəldiyi ərazini özününküləşdirmək, qonşu dövlətlərə qarşı torpaq iddiası etmək bu xalqın milli faciəsidir”. Bu fikirləri SİA-ya Milli Məclisin deputatı Aydın Mirzəzadə Ermənistanın bütün qonşu dövlətlərə qarşı ərazi iddiası açıq şəkildə ortaya qoyması və bu barədə nümayişkaranə təbliğat aparmasına münasibət bildirərkən deyib.

Deputat bildirib ki, düşmən ölkə həm 1918, həm 1991-ci ildə tarixin təsadüfi nəticəsində əldə etdikləri milli müstəqillikdən sonra qonşu ölkələrə ərazi iddiası irəli sürüb: “Azərbaycanın 20 faiz torpaqları Ermənistanın işğalı altındadır. Qonşu Gürcüstana, Türkiyəyə qarşı torpaq iddiası, İrana qarşı da ara-sıra iddialar səslənməkdədir”.

A. Mirzəzadə söyləyib ki, görünür Ermənistan cəmiyyəti torpaq işğalından, torpaq iddiası xəstəliyindən qurtula bilmir: “Azərbaycan torpaqlarını işğal etmək düşmən ölkəyə böyük fəlakətlər gətirib. Ermənistan torpaqlarımızı işğal altında saxladığı müddətdə inkişafdan qalıb, dövlətlərin ikisi onunla sərhədi bağlayıb, əhalisi durmadan köçüb gedir, iqtisadi vəziyyəti ağır, ölkə dilənçi vəziyyətindədir. Amma bununla belə, yenə də ərazi iddiaları ilə bağlı təbliğat dayanmır. Görünür ölkə öz müstəqilliyini itirmək həddinə gəlib çatmalıdır ki, mehriban qonşuluq siyasətinin nə olduğunu dərk edə bilsin”.

Bu gün dünyanın Ermənistanın istəkləri ilə yaşamadığını xüsusi vurğulayan deputat qeyd edib ki, regionda belə gedən proseslər onun istəyi ilə həyata keçirilmir: “Ermənistan nə qədər ki, qonşu dövlətdən torpaq iddia edəcək onun vəziyyəti daha da ağırlaşacaq, mehriban qonşuluq siyasəti yürüdən ölkələr isə inkişaf edəcək. Buna nümunə olaraq Azərbaycanı, Gürcüstanı, göstərmək olar. Ermənistan hələ də orta əsr təfəkküründən, özünün xülyalarını gerçəklik kimi qələmə vermək ab-havasından çəkilə bilməyib”.

Azərbaycanın gündən-günə gücləndiyinin Ermənistanda dərk edildiyini dilə gətirən A. Mirzəzadə əlavə edib ki, ölkəmizin siyasi, iqtisadi qüdrətinin artması düşmən ölkədə qıcıq yaradır: “Bu gün regionda iqtisadi layihələr məhz ölkəmizin təşəbbüsü ilə həyata keçirilir. Azərbaycanın təşəbbüsü ilə Bakı-Tbilisi-Qars dəmir yolu, Bakı-Tbilisi-Ceyhan neft kəməri xətti çəkilib, Şimal-Cənub nəqliyyat dəhlizi fəaliyyətə başlayıb, Xəzərdən Transxəzər neft kəmərinin çəkilməsi nəzərdə tutulub. Bu layihələrin hər birində Ermənistan iştirak edə bilərdi. Əgər müharibə olmasaydı, Ermənistan bu layihələrdə müəyyən qədər iştirak etsəydi, o zaman düşmən ölkə inkişaf etməkdə olan ölkə olardı və əhalisi köçməzdir. Ancaq səhv siyasət, ən əsası isə səhv milli ideologiya Ermənistanı uçuruma gətirib çıxarır”.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə