"Paşinyanın mövqeyi tam məntiqsizdir" MÖVQE

Ermənistanın baş naziri Nikol Paşinyan Tavuş vilayətini gəzərkən Ermənistanın dinc danışıqlara hazırlaşması üçün vaxta ehtiyaclı olduğunu bildirdi. O həm də danışıqların normal kontekstdə davamını arzulayır. Bunu ön şərt kimi irəli sürür. Amma danışıqların normal konteksti deyəndə nəyi nəzərdə tutduğunu açıqlamır". Bu fikirləri SİA-ya açıqlamasında politoloq Mübariz Əhmədoğlu deyib.

Danışıqların həmişə normal şəraitdə aparıldığını deyən politoloq söyləyib ki, hər bir görüşün gündəliy iki tərəf-Azərbaycan və Ermənistan tərəfindən müəyyənləşdirilir: "Ona görə Paşinyan əvvəlcə görüşə razılıq verməlidir, sonra görüşün təşkilati, texniki və gündəliyinə olan tələblərini açıqlamalıdır".

Baş nazirin Ermənistanın Dağlıq Qarabağ tənzimlənməsində bütün ssenarilərə hazır olduğunu bəyan etdiyini xatırladan M. Əhmədoğlu söyləyib ki, Paşinyan hərbçilərin valideynlərinə əsgərlikdə olan övladlarına yemək, siqaret və alt paltarı göndərməyi qadağan etsə də onun bu qadağası işləmədi: "Qadağasının işləmədiyini özü etiraf etdi. Əksinə, müqaviləli hərbçilərə hərbi hissələrin yemək verməsi dayandırıldı. Paşinyan ordunu alt paltarla təmin etmək məsələsini toxuculuq sənayesi üzrə sahibkarlara tapşırdı. Həftədə ən azı 3 dəfə Ermənistan ordusunda korrupsiya ilə bağlı məlumatlar açıqlanır. Bu, Ermənistan ordusunun vəziyyəti. Amma Paşinyanın fikrincə, acınacaqlı vəziyyətdə olan erməni ordusu Azərbaycan ordusunu məğlub edə bilər".

Politoloqun sözlərinə görə, Paşinyanın danışıqlarla bağlı mövqeyi tam məntiqsizdir: "Ermənistanda çoxsaylı problemlərin olması əvvəlcədən bəlli idi. N.Paşinyanın 100 günlük hakimiyyəti dövründə Ermənistanda problemlərin sayı azalmayıb, əksinə artıb. Ermənistan-Rusiya münasibətləri heç vaxt indiki qədər gərgin olmayıb. Bu artıq Paşinyanın öz dövlətinə ayı xidmətidir. Ermənistanı problem məngənəsindən çıxarmaq üçün baş nazirə vaxt lazımdır. Ona görə ən yaxşı variant Paşinyanın Ermənistanın problemləri ilə məşğul olması və buna paralel olaraq da Dağlıq Qarabağ tənzimlənməsi üzrə danışıqları davam etdirməsidir. Əgər danışıqlar davam etdirilməzsə, beynəlxalq aləm N.Paşinyan hökumətinin çağırışlarına lazımi reaksiya verməyəcək".

M. Əhmədoğlu qeyd edib ki, Paşinyanın problemlərinin həlli kursuna maneçilik etmədən, Dağlıq Qarabağ danışıqlarının davamı ssenarisi mümkündür: "Ermənistan danışıqların davamını Dağlıq Qarabağın erməni icmasına həvalə edir. Azərbaycan tərəfi isə bu işi Dağlıq Qarabağın azərbaycanlı icmasına tapşırır. N.Paşinyan Ermənistanın problemlərini müəyyən rels üstünə qoyduqdan sonra yenidən danışıqlar stolu arxasına qayıdır. O bu variantı inkar edir və ya görmək istəmir. Belə başa düşür ki, o görmürsə demək başqaları da görmür. Başqa sözlə, dəvəquşu halı yaranır; Balaca başını kolluğa soxan dəvəquşu elə başa düşür ki, onun iri bədənini də heç kim görmür. Eyni qaydada N.Paşinyanın ordusu barədə də demək olar. Paşinyan düşünür ki, onun ordusundakı problemləri də hamı onun kimi qulaqardına vurur. Paşinyanın beynəlxalq məsələlər üzrə köməkçisi Arsen Xaratyan “Sivilnet” internet kanalına verdiyi müsahibədə rəhbəri kimi intellektual kasıblıq nümayiş etdirdi. Dağlıq Qarabağ danışıqlara tərəf kimi qatılmalıdır, amma bunu üçün tərəflərin razılığı lazım deyil. Danışıqların əhatəsini genişləndirmək məqsədilə ictimaiyyət nümayəndələrinin, o cümlədən Dağlıq Qarabağın erməni və azərbaycanlı icmalarının dialoqa qoşulması üçün isə tərəflərin razılığı lazımdır. A.Xaratyan sübut etdi ki, Corctaun, Harvard və s. dünyanın ən məşhur universitetlərində təhsil almaq da ermənini sonadək ağıllandıra bilməz. Ona görə onun da davranışı dəvəquşu siyasəti ilə müqayisə etmək olar".

Politoloq əlavə edib ki, Paşinyan və Xaratyanın timsalında dəvəquşu siyasətinin ardıcıllarının sayı artdı: "Ermənistan Dağlıq Qarabağ tənzimlənməsində uzun müddətdir məhz bu kursu aparıb. Bu kurs N.Paşinyanı hakimiyyətə gətirib çıxardı. N.Paşinyanın siyasətinin davamı isə Ermənistan dövlətçiliyinin bu regiondan rədd olmasına gətirib çıxaracaq.

Cənubi Qafqaz regionunda ermənilər olsa da, Ermənistan dövləti və erməni xalqı olmayıb. Rusiyanın yaratdığı “Kiçik Ermənistan”dan indi Moskva narazıdır. Kreml Ermənistan dövlətinin taleyi ilə məşğul olacaq və bununla da regional təhlükəsizliyə və inkişafa ən ciddi töhfəsini vermiş olacaq. MDB məkanında Rusiyanın siyasəti məhz Ermənistan faktoruna görə bünövrədən əyri qurulub. Haçansa Rusiya bu əyriliyi düzəltməlidir".

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə