Ekspertlər sosial şəbəkə “qəhrəmanlarından” danışdılar RƏYLƏR

Belələrinin canfəşanlıq göstərmələri arxasında heç də xalq, dövlət maraqları deyil, əksinə, düşmənçilik, şantaj və böhtan amilləri dayanır

Xarici ölkələrdə, eləcə də ölkəmizdə Azərbaycanın dövlətçilik maraqlarına qarşı çıxış edənlərin sosial şəbəkələrdə var-gəl etmələri nəticə verməsə də, onlar hələ də nəyəsə ümid edir, eləcə də maliyyə donorlarından maksimum şəkildə yararlanmağa çalışırlar. Xüsusilə, seçkilər, ölkəmizin təşəbbüskar olduğu böyük layihələrin təqdimatı, Azərbaycanın beynəlxalq aləmdəki yüksək nüfuzunu sübuta yetirən tədbirlər, konfrans, sammit və forumlar ərəfəsində ortalığa çıxan bəlli ünsürlər dərhal əks-cəbhədən çıxış edərək, düşmənlərimizin maraqlarına cavab verən statuslar yazır, videgörüntülər hazırlayırlar.

Müraciət etdiyimiz ekspertlər də bu fikirlə razılaşaraq qeyd edirlər ki, belələrinin canfəşanlıq göstərmələri arxasında heç də xalq, dövlət maraqları deyil, əksinə, düşmənçilik, şantaj və böhtan amilləri dayanır.

“Paralel” qəzetinin baş redaktoru Tapdıq Abbas: “Artıq Azərbaycan xalqı sosial şəbəkələrdə iddia edilən, uydurulan yalan və böhtanlara deyil, ölkəmizin qazandığı uğurları görür və yüksək səviyyədə müdafiə edir”

Mövzu ilə müraciət etdiyimiz “Paralel” qəzetinin baş redaktoru, ekspert Tapdıq Abbasa görə, son zamanlar sosial şəbəkələrdə Azərbaycan əleyhinə fəaliyyət göstərən daxili və xarici satqın qüvvələr nə qədər cəhd etsələr də, indiyə kimi heç bir istəklərinə çata bilməyiblər və güman etmək olar ki, bundan sonra da heç bir nəticə hasil edə bilməyəcəklər: “Bunun bir neçə səbəbi var. Əvvəla, həmin qüvvələrin sosial şəbəkələrdə Azərbaycan əleyhinə apardıqları təbliğat kökündən yalandır və yalnız populist uydurmalardan ibarətdir, ölkədə mövcud olan reallıqlarla uyğun gəlmir və başdan ayağa iftiradır.

İkincisi, xalq artıq ötən əsrin sonlarındakı məlumatsız xalq deyil, tam yetkindir, informasiyalıdır və Azərbaycan əleyhinə iş aparan qüvvələrin hansı mərama xidmət etməsindən tam xəbərdardır və hakimiyyəti tam dəstəkləyir”.

Ekspertə görə, dövlət başçısı tərəfindən yeridilən məqsədyönlü və uğurlu daxili-xarici siyasət belə ünsürlərin ayaq açıb yürümələrinə imkan vermir. Belə ki, sağlam düşüncəli Azərbaycan xalqı da Prezidentinin və dövlətinin ətrafında sıx şəkildə birləşib. Belə olan vəziyyətdə düşmən xislətli adamlar öz arzularına çatmamış qalırlar.

“Nəhayət, ölkə Prezidentinin apardığı daxili və xarici siyasətin uğurları o qədər güclü və qətidir ki, əldə edilən daxili və beynəlxalq uğurları nəinki dostlarımız, hətta düşmənlərimiz belə, inkar etməkdə çox acizdirlər. Artıq Azərbaycan xalqı sosial şəbəkələrdə iddia edilən, uydurulan yalan və böhtanlara deyil, ölkəmizin qazandığı uğurları görür və yüksək səviyyədə müdafiə edir”, deyə Tapdıq Abbas son olaraq vurğulayıb.

Prezident Yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının üzvü, Sağlam İnkişaf və Maarifləndirmə İctimai Birliyinin sədri Anar Xəlilov: “Fakt budur ki onları dinləyən insanların sayı çox azdır”

Sözügedən mövzu ilə bağlı münasibətini açıqlayan Prezident Yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının üzvü, Sağlam İnkişaf və Maarifləndirmə İctimai Birliyinin sədri Anar Xəlilova görə də, bənzər fəaliyyət göstərən “klaviatura qəhrəmanları” sapı özümüzdən olan balta funksiyasını yerinə yetirərək, məhz dövlətimizin maraqlarına cavab verən mühüm siyasi-ictimai hadisələr zamanı ortalığa çıxır, “ermənidən betər erməniçiliklə” məşğul olurlar: “Mən dəfələrlə bu məsələyə münasibət bildirəndə qeyd etmişəm ki, anti-Azərbaycan mövqeli qüvvələr və bu qüvvələrin sapı özümüzdən olan tərəfdaşları kampaniya xarakterli fəaliyyət göstərirlər. İstər sosial şəbəkələrdə istərsə də cəmiyyətdə bu insanlar Azərbaycan dövləti üçün hər hansısa bir vacib məqamda hücuma başlayırlar. Məsəslən seçkilər dövründə, Azərbaycanın hər hansısa bir böyük beynəlxalq layihələrdə iştirakı ərəfəsində və s.”

“Burdan da aydındır ki, belələri kimlərin əmri ilə bunu edirlər”, deyə qeyd edən Anar Xəlilova görə, təbii ki bu qeyri konstruktiv qüvvələr sosial şəbəkələrdə son illər daha aktiv fəaliyyətlə məşğuldurlar: “Lakin Azərbaycan vətəndaşlarının dəstəyini burada da qazana bilməyən bu qüvvələr getdikcə iflasa uğrayır və heç bir nəticə əldə etmirlər. Görünən bir faktı deyim, sadəcə onların sosial şəbəkələrdə yerləşdirdikləri videolarının baxış sayına baxın. Yəni fakt budur ki onları dinləyən insanların sayı çox azdır. Baxanların da əksəriyyəti bu gün cəmiyyətdə ictimai aktiv olan insanlardır. Əsasən də media mənsublarıdır. Bu insanlar isə onları dəstəkləmək üçün baxmırlar sadəcə onların bu qara kampaniyalarına cavab vermək üçün baxırlar”.

Ekspertə görə, əslində həmin adamların nə siyasətdən, nə də digər məsələlərdən xəbərləri belə yoxdur, sadəcə maliyyə mənbələrindən pul-para qoparmaq üçün özlərini “fəal” göstərir, bununla da xarici ağaları qarşısında xal toplamağa çalışırlar: “O ki, qaldı onlar nəyə ümid edirlər mənim fikrimcə onlar bu haqda heç düşünmürlər də sadəcə, maliyyələrin alıb xarici ölkədə yerləşib öz işlərini görürlər. Məqsəd birdir maliyyə qazanmaq. Bu gün xaricdə olan əksər Azərbaycanlılar ya təhsil alır ya da alın təri ilə pul qazanırlar getdikcə onların müsbət uğurları haqqında daha çox eşidirik və sevinirik. Bənzər tipli kiçik saylı insanlar da bu yolu anti-Azərbaycan yolu tutub özlərini müxalif elan edib həmin kirli yollarla pul qazanırlar. Bir atalar misalımız var, utanmasan oynamağa nə var ki...”

Gülyanə AĞAKƏRİMOVA

Bütün xəbərlər Facebook səhifəmizdə