Müsavatın dəftəri ADR Hərəkatı üçün artıq qapanmışdır! MÜXALİFƏT

Qubad İbadoğlu keçmiş partiyasını sərt şəkildə ittiham etdi

Ənənəvi müxalifət düşərgəsində davam edən gərginliklərdən biri də Müsavat partiyası ilə Azərbaycan Demokratiya və Rifah Hərəkatı (ADR) hərəkatı arasında davam etməkdədir. Belə ki, bir neçə il qabqa Müsavatın qurultay və başqan seçimi saxtakarlıqlarından sonra təşkilat sıralarını tərk edənlərin Qubad İbadoğlunun yaratdığı ADR hər iki cinahı bir-birinə qarşı barışmaz düşmənə çevirdi.

Qubad İbadoğlu: “Müsavatın hazırkı rəhbərliyinə ən böyük divanı tarix tutacaq”

Bu arada, ADR Hərəkatının sədri Q.İbadoğlu qeyri-legitim hesab etdiyi mövcud Müsavat rəhbərliyinin ADR-ə qarşı apardığı siyasi qarşıdurmanı hakimiyyətə xidmət (?) etmək kimi qiymətləndirib, hətta zamanı çatanda tarixin onlara divan tutacağını da iddia edib: “ADR Hərəkatı heç bir siyasi partiyanı, o cümlədən, Müsavatı məhkəməyə verməyib. Biz gələcəyə baxırıq, amalımız demokratik, azad və müstəqil Azərbaycandır. Çox təəssüf ki, hazırkı rəhbərlikdə təmsil olunan Müsavat partiyası cəmiyyətin bütün kəsimlərinin etibarını itirdiyinə görə, bizim mübarizəmizin vizyonundan kənardadır”.

“Mənim şəxsi mövqeyimə gəlincə, Müsavatın hazırkı qeyri-legitim rəhbərliyi ilə mübarizənin hakimiyyətin nəzarətində olan müstəvidə aparılmasını məqbul hesab etmirəm, inanıram ki, vaxt gələcək, onlara ən böyük divanı tarix quracaq”, deyə qeyd edən İbadoğlu tövsiyə etməyi də unutmayıb: “Unutmayın ki, keçmişlə uğraşanın gələcəyi olmaz! Şərəfli keçmişi olan Müsavat dəftəri ADR Hərəkatı üçün artıq qapanmışdır!”

Bu arada, Müsvat baqşanının sabiq müavini, hazırda ADR Hərəkatı sədrinin müavini, Vurğun Əyyub da İbadoğlunun fikirlərinə dəstək verərək deyib ki, gec, ya da tez Müsavatın əvvəlki və hazırkı rəhbərlikləri nə qədər yanlış yol tutduqlarının fərqinə vararaq, peşmançılıq hissləri keçirəcəklər. Belə ki, bu gün Müsavat partiyasında vaxtilə orada canlarını qoymuş insanlar yoxdurlar. Onların əksəriyyəti ADR Hərəkatında birləşiblər və Müsavatda baş verən haqsızlıqlara qarşı öz sözlərini deməkdə davam edəcəklər.

Əlövsət Sadıqlı: “İsa Qəmbər və Arif Hacılı Müsavatın tarixinə saxtakarlıq damğasını vuran satqınlardır”

Müsavat partiyasının keçmiş üzvü Əlövsət Sadıqlı bildirib ki, İsa Qəmbərlə Arif Hacılının şəxsi mənafelərini partiya və ümummilli maraqlardan üstün tutması problemin partiya daxilində həll edilməsinə imkan verməyib: "Düşündüm ki, bəlkə, bu adamlar ictimai qınaqdan çəkinib, etdikləri saxtakarlıqların mənfi nəticələrinin aradan qaldırılması istiqamətində təşəbbüs göstərərlər. Ancaq inanmıram ki, bu satqınlarda həya olsun. Çünki Müsavatın tarixinə saxtakarlıq damğasını vuran şəxslər öz hərəkətləri ilə demokratik prinsiplərdən uzaq olduqlarını dəfələrlə təsdiq ediblər və İsa Qəmbər, Arif Hacılı və onların ətrafında olan bir qrup qaragüruhçu dəstə doğru yolu seçmək, etdiklərindən peşman olmaq, Müsavatın üzərinə yaxdıqları qara ləkəni təmizləmək əvəzinə, partiyada saxtakarlığa qarşı çıxan namuslu adamlara satqın damğası vurmaq və onları partiyadan qovmaq yolunu tutublar”.

Göründüyü kimi, ADR ilə Müsavatın arasında baş verən qarşıdurmanın daha geniş əhatə dairəsinə doğru inkişaf etdiyini deyə bilərik. Hətta Müsavatın saxta qurultayı üzərindən illər ötsə də, bu partiya növbəti qurultaya hazırlaşdığını bəyan etsə də, köhnə məsələlər gündəmdə qalmaqda davam edir. Bu isə həm də belə deməyə zəmin yaradır ki, bu gün ADR Hərəkatında olan keçmiş müsavatçılar gec, ya da tez İsa Qəmbər-Arif Hacılı cütlüyünə qarşı amansız mübarizəyə başlayıb, partiyanı ələ keçirməyə, oradakı səhvləri düzəltməyə cəhdlər göstərəcəklər.

Rövşən RƏSULOV

Bütün xəbərlər Facebook səhifəmizdə