“Cənab Paşinyan, görüntü yetər, bizə çörək lazımdır” ANALİTİK-ŞƏRH

Küçədən gələn baş nazir xalq qarşısındakı etimadını sürətlə itirməkdə davam edir

Ermənistanda davam edən siyasi-iqtisadi böhran, eləcə də Nikol Paşinyan iqtidarının get-gedə xalq qarşısında etimadını itirməsi erməni mediasında da geniş şəkildə işıqlandırılmağa başlayıb. Belə ki, hakimiyyətə gəlişinin 100-cü günü ilə bağlı Paşinyanın mitinq keçirmək qərarı ölkədə birmənalı qarşılanmayıb. Ac və səfil erməni xalqı küçədən gələn baş nazirə dəstək verdiyinə görə, indi bəlkə də peşmançılıq hissi keçirir, üstəlik, onun öz ətrafında piar aparması da şiddətlə qınanılır. Tanınmış erməni siyasi şərhçiləri öz yazı və məqalələrində Nikol Paşinyanı ən sərt şəkildə tənqid atəşinə tutur, hətta onun öz hakimiyyətini itirə biləcəyi ehtimallarının yüksək olduğunu bildirirlər. Bütün bunlar isə bir daha sübut edir ki, Ermənistan işğalçılıq siyasəti üzündən təcrid olunmuş vəziyyətə düşüb və heç bir siyasi dəyişiklik, heç bir “məxməri inqilab”, yaxud “demokratik təzadlar” bu ölkəni uçurum astanasından xilas edə bilməyəcək.

Digər tərəfdən, fakt həm də budur ki, Nikol Paşinyan da özünü necə cəncələ saldığını anlamağa başlayıb və onun geriyə yolu olmadığına görə, artan etirazlar qarşısında acizliliyini nümayiş etdirir. Hətta onun kütləvi mitinq keçirmək arzusu belə, reallaşarsa, həmin mitinqin onun siyasi reytinqinə heç bir təsir göstərə bilməyəcəyini bəri başdan söyləmək mümkündür.

“ArmenianReport”: “Paşinyanın hökumətə rəhbərlik etməsi üzərindən artıq 3 ay keçir, ancaq təəssüf ki, ölkədə sosial-iqtisadi vəziyyətin yaxşılaşması baş vermədi”

“Ümidsizlik və ruh düşkünlüyü xalqı ağuşuna almağa başlayıb – Paşinyanın hökumətə rəhbərlik etməsi üzərindən artıq 3 ay keçir, ancaq təəssüf ki, ölkədə sosial-iqtisadi vəziyyətin yaxşılaşması baş vermədi”. SİA-nın məlumatına görə, bu barədə “ArmenianReport”un siyasi şərhçisi Tevos Arşakyan yazır. Müəllif qeyd edir ki, Avqustun 17-də, Respublika meydanında hakimiyyətə gəlişinin 100-cü günü ilə bağlı mitinq keçirmək niyyətindədir. T.Arşakyan özünə yaxın mənbələrin fikirlərinə istinadən onu da xəbər verir ki, artıq Paşinyanın tərəfdarları ilə yanaşı, əleyhdarları həmin mitinqə var gücləri ilə hazırlaşırlar: “Söz yox ki, hər iki düşərgəninhədəfi diametral olaraq tərs mütənasibdir. Paşinyanın tərəfdarları yeni liderin populyarlığını sübut etmək üçün mitinqə çox insanın axın etməsni istəyirlər və bu istiqamətdə mobilizə olunublar, əleyhdarları isə yaxın ətraflarını hakimiyyətin bu kimi piar-aksiyasına dəstək verməməyə saxlamağa, onları mitinqə getməməyə səsləyirlər”.

“Artaşatda orta və kiçik biznes nümayəndələri vergi terroru, eləcə də yerli dövlət gəlirləri komitəsi şöbələrinin sahibkarlara qarşı sıxışdırma siyasəti aparılmasına etiraz ediblər”

Yeri gəlmişkən, bir daha xatırlatmaq yerinə düşərdi ki, Nikol Paşinyan mitinqin keçirilməsi vaxtını müəyyən edən iclasda çıxış edərkən, tərəfdarlarına daha çox insanın cəlb edilməsi tapşırığını verib. Bu isə belə deməyə əsas verir ki, erməni baş nazirin özü də artıq xalqın ona qarşı olan etimadının, inamın azaldığının fərqindədir. Bu baxımdan, erməni şərhçi digər bir faktora toxunur və yazır ki, tərəfdarlar və əleyhdarlarla yanaşı, üçüncü – daha sərt və çoxsaylı güc də mövcuddur: “Bu gücün mobilizəsi mövcud hakimiyyətə heç də yaxşı nə isə vəd etmir. Bu güc, hakimiyyətin çox danışıb, heç nə etməməsindən bezən, küçələrə aksiyalara çıxan erməni xalqıdır. Məsələn, Artaşatda orta və kiçik biznes nümayəndələri küçələrə çıxaraq, vergi terroru, eləcə də yerli dövlət gəlirləri komitəsi şöbələrinin sahibkarlara qarşı sıxışdırma siyasəti aparılmasına etiraz ediblər. Aksiya iştirakçılarının sözlərinə görə, onları öncəki iqtidar zamanı amansızcasına talan edirdilərsə, yeni iqtidarın gəlişindən sonra da heç nə dəyişməyib”.

“Lidian Armeniya” şirkətinin əməkdaşları: “Biz, nə zamandan işləməyə başlayacağıq ki, ailələrimizi saxlaya bilək?”

Erməni şərhçi digər etiraz aksiyasını da xatırladıb. Belə ki, hökumət binasının qarşısına “Lidian Armeniya” şirkətinin 200 əməkdaşlının yığıldığını yazan T.Arşakyan onların Nikol Paşinyana ünvanladıqları sualı diqqətə çatdırıb. Sual isə belədir: “Biz, nə zamandan işləməyə başlayacağıq ki, ailələrimizi saxlaya bilək?”.

“Bənzər etiraz aksiyaları bütün Ermənistan boyunca artmağa davam edir”, qeyd edən siyasi yazar onu da bildirir ki, ölkə əhalisi 3 ay öncə Sarkisyannın və onun iylənmiş rejiminin siyasi səhnədən gedişini entuziazmla qarşılamışdılar: “Xalq Paşinyanın uzun illər xalqının qanını içmiş, şirəsini çəkmiş köhnə sistem nazirlərini öz yerlərindən qopararaq kənara atmasını da entuziazmla, ümidlə izləyirdi. Manvel Qriqoryanın, Rober Koçaryanın və başqalarının həbsləri də xalqın böyük dəstəyi ilə müşahidə edildi.

Lakin Paşinyanın hökumətə rəhbərlik etməsinin üzərindən 3 ay keçir, lakin təəssüf ki, ölkədə sosial-iqtisadi vəziyyət hələ də qaydasına düşməyib. Hətta hakimiyyət dəhlizlərindən baş verən həbslər də heç nəyi dəyişmədi. Ölkədə yeni iş yerləri açılmır, maliyyə sektorunun sağlamlaşdırılmasından isə ümumiyyətlə, danışmağa dəyməz. Yəni, hakimiyyətdə şəxslərin dəyişməsi bizim həyatımızda heç nəyi dəyişmədi”.

Tevos Arşakyan: “Öz xələflərinizə baxın və dərhal həmin tərəddüdləriniz yox olacaq”

Erməni müəllif Nikol Paşinyanın bütün bunların yerinə öz siyasi konkurentlərini zərərsizləşdirdiyini yazaraq, xalqın m araqlarını unutduğunu bildirir: “Biz, görürük ki, Paşinyan qolunu çırmayaraq, öz siyasi rəqiblərini necə zərərsizləşdidir və prinsipcə bu pis deyil, lakin bu kimi mübarizə bizim həyatımıza heç bir müsbət təsir göstərmir. Belə olanda isə ictimaiyyətdə narazılıqlar yaranmağa başlayır”.

Beləliklə, T.Arşakyan Nikol Paşinyanın belə davam edərsə, uzun müddət hakimiyyətdə qala bilməyəcəyi ehtimalının yüksək olduğunu da bildirib. “Mübahisə etmirəm, hələlik onun reytinqi yüksəkdir”, deyə yazan siyasi şərhçiyə görə, Paşinyan xalqın ona verdiyi inam, etibar mandatını tam istifadə etməyib, lakin belə davam edə də bilməz: “Bizim həyatımız yalnız görüntülərdən ibarət deyil, cənab baş nazir. Bu görüntülərlə kimsə tox ola bilməz. Artıq çörək barədə düşünməyin zamanıdır. Əks halda, öncəki hakimiyyətin kim tərəfindən (yəni xalq nəzərdə tutulur-R.N.) devrildiyini də unutmaq olmaz. Axı sabah ölkədə yeni “məxməri inqilabın” yeni lideri üzə çıxa bilər, hansı ki, götürdüyü öhdəliklərin yerinə yetirə bilməyən və erməni ictimaiyyətinin ümidlərini doğrultmayan Paşinyan hakimiyyətini tarixin zibilliyinə göndərəcək. Cənab məmurlar deyirsiniz ki, bu hal yenidən yaşana bilməz? Bu zaman öz xələflərinizə baxın və dərhal həmin tərəddüdləriniz yox olacaq”.

Rövşən NURƏDDİNOĞLU

Bütün xəbərlər Facebook səhifəmizdə