Politoloq: "Baş verənlər erməni separatçılığının iflasının başlanğıcıdır" MÖVQE-ÖZƏL

“Ermənistanın paytaxt Yerevanın mərkəzi meydanında Azərbaycana, eləcə də digər qonşu ölkələrə - İran, Türkiyə və Gürcüstana qarşı ərazi iddialarını sübuta yetirən xəritənin asılması cılızdıqdır. Bu addım göstərir ki, artıq ermənilər Azərbaycan torpaqlarının işğalı istiqamətində hətta öz xalqı içərisində belə irimiqyaslı layihələr reallaşdıra bilmirlər”. Bu fikirləri SİA-ya açıqlamasında politoloq Mübariz Əhmədoğlu deyib.

Erməni milli konqresinin üzvü Zoya Podevasyanın bu yaxınlarda ətraf ərazilərin Azərbaycana qaytarılması ilə bağlı çağırışını xatırladan politoloq bildirib ki, bu addım erməni seqmentində çox böyük səs-küyə səbəb olub: “Sosial şəbəkələrdə erməni seqmenti də məsələ qaldıraraq ətraf ərazilərin Azərbaycana qaytarılması ilə bağlı tələb irəli sürdü. Buna cavab olaraq bir qrup insan Dağlıq Qarabağda, bir qrupu isə xəstə millətçi Ermənistanda məsələ qaldırdılar ki, torpaqları Azərbaycana qaytarmağın tərəfdarlarına qarşı mitinqlər təşkil olunsun. Görünür, mitinq təşkil edə bilmədikləri üçün küçənin ortasına ərazi iddiaları ilə bağlı şüar yapışdırıblar”.

Politoloq qeyd edib ki, əgər xəstə erməni millətçilərinin sözünün qüdrəti olsa idi, onlar çoxdan mitinq keçirərək etirazlarını bildirərdilər: “Əslində baş verənlər erməni millətçiliyinin, separatçılığının iflasının başlanğıcıdır”.

M.Əhmədoğlu əlavə edib ki, əgər Paşinyan hakimiyyətdə qalsa, Ermənistan nəinki işğal etdiyi əraziləri Azərbaycana qaytaracaq, hətta düşmən ölkə mövcud olduğu 29.700 kvadrat kilometr ərazisini də itirəcək.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...