Müsavata qoyulan siyasi diaqnozlar reallaşır

Və ya İsa Qəmbər yenidən başqan olmaq üçün partiyanı parçalayır

Müsavat partiyasının bir neçə il öncə keçirilmiş sonuncu saxta qurultayından sonra partiyadaxili qarşıdurmalar fonunda cərəyan edən hadisələr elə həmin qondarma tədbir ərəfəsində verilən proqnozları reallaşdırmaqdadır. Belə ki, verilən proqnozlardan biri də bu idi ki, İsa Qəmbər başqanlıqdan gedərkən, Arif Hacılını ona görə öz yerinə təyin etdi ki, yəni başqanlıq seçkilərini onun üçün saxtalaşdırdı ki, yenidən başqan olmaq şansını əlində saxlasın. Məhz bu səbəbdən, dərhal “MSDM” adlı qurum yaradaraq, özünü bu qurumun sədri elan edən İ.Qəmbər növbəti qurultaya qədər siyasi arenada qalmaq üçün bundan münbit vasitə tapa bilməmişdi. İndi isə növbəti qurultayın və başqanlıq seçkilərinin zamanı çatır və İ.Qəmbər köhnə postuna dönmək üçün yeganə çıxış yolunu partiyanı parçalamaqda görməkdədir. Daha doğru desək, onun istər partiyada, istərsə də müxalifət düşərgəsində "parçala və hökm sür" ənənəsi bu gün də davam edir. Baxmayaraq ki, Müsavatın sabiq başqanı ağır xəstəliyə düşar oldu və müalicəsini Almaniyada keçdi, bütün bunlara rəğmən, onun yenidən başqan olmaq sevdası nyenidən cücərməyə başlayıb.

Müsavat uzağı bir neçə nəfərlə öz ömrünü başa vuracaq

Əbəs deyil ki, son vaxtlar Müsavat partiyasını növbəti istefa dalğası bürüyüb. İstefaya gedənlər bilavasitə partiyanın idarəçiliyində ciddi nöqsanların olduğunu deyir, rəhbərliyin ən adi problemlərin həllində aciz qaldıqlarını bildirirlər. Misal üçün, xatırlatmaq yerinə düşərdi ki, başqan müavi olmuş Elman Fəttah istefa verərkən, istefasını belə əsaslandırmışdı ki, artıq A.Hacılı partiyanı idaredilməz hala gətirib və hətta öz komandası ona qarşıdır. Və yalnız E.Fəttah deyil, digər müavinləri də A.Hacılının yatırmaz siyasətindən narazı olduqlarını gizlətmirlər. Əlbəttə, yalnız A.Hacılıya yaxın olan şəxslər klan olaraq onun ətrafında qalmaqda davam edirlər. Bu isə həm də qənaətə gəlməyə zəmin yaradır ki, istefaların ardı-arası kəsliməyəcək, sonda Müsavat "bir həsir, bir Məmmədnəsir" deyimli siyasi təşkilat olaraq, yalnız klan üsul-idarəçiliyi fonunda - uzağı bir neçə nəfərlə ömrünü başa vurmalı olacaq.

Tural Abbaslı: “Bu adamların düşüncə tərzi eyni deyil”

Onu da qeyd edək ki, bu gün bir çox sabiq müsavatçılar baş verənləri daha öncədən hiss etdiklərini deməklə bərabər, digər məsələləri də aydınlaşdırmağa çalışırlar. Məsələn, hazırda Ağ partiya adlı təşkilat yaradan Müsavatın keçmiş “Divan” üzvü Tural Abbaslı deyir edir ki, istefa verdiyi partiyada siyasi-məişət məsələləri zəminində qarşıdurmalar yaşanır. SİTAT: "Bu istefalar gözlənilən idi. Qurultaydan sonra Arif Hacılının formalaşdırdığı rəhbərlik, idarəetmə fəlsəfəsi partiyanı bu hala gətirməli idi. Hətta bundan da ağır olacağı proqnozlaşdırılır. Çünki rəhbərlikdə təmsil olunanların əksəriyyətinin idarəçilik təcrübəsi yoxdur. Partiyanı tanımırlar. Bu günə qədər əksəriyyət partiya rəhbərliyində təmsil olunmayıblar. Bu vəzifəyə birdən-birə gətiriliblər".

Keçmiş müsavatçıya görə, A.Hacılının müavin təyin etdiyi şəxslər təsadüfi vəzifəyə gələnlərdir: "Onların heç birinin arasında siyasi münasibətlər zəminində fikir birliyi, ortaq mövqe olmayıb. Birdən-birə oturdulublar ora, partiyanı idarə etməyə çalışırlar. Amma bu adamların düşüncə tərzi eyni deyil. Arif Hacılı ilə Divanda təmsil olunan insanlar dünənə qədər əks mövqedə idilər. Qurultayda bəziləri məcburiyyətdən Arif Hacılını dəstəklədilər. Hacılı da mükafat kimi onları rəhbərliyə gətirdi".

“Onlar bundan daha ağır vəziyyətin olacağına əmindirlər”

"Təcrübəsizlik, partiyanı tanımamaq, siyasi situasiyanı dəyərləndirə bilməmək ucbatından bu şəxslər indi partiyanı belə hala salıblar"-deyə qeyd edən Abbaslı hesab edir ki, o, Müsavat partiyasında daha ağır vəziyyətlərin baş alıb-gedəcəyindən əmindir: "Bundan daha ağır vəziyyətin olacağına əminəm. Sadəcə, partiyanın sıravi üzvlərinə ürəyim ağrıyır. Onlar illərini partiyaya həsr ediblər. Ancaq rəhbərliyin səriştəsizliyi ucbatından partiya bərbad hala düşüb. Rəhbərlikdə təmsil olunanların 90 faizinin alt qurumlarda, rayon təşkilatlarında heç bir nüfuzu yoxdur. Onlar qəbul olunmurlar. Bu da partiyanı zəiflədir. Acınacaqlı günlər hələ qabaqdadır".

Rövşən RƏSULOV

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...