"ABŞ tətbiq etdiyi sanksiyalarla tərəfdaşlarını itirə bilər" ŞƏRH-AÇIQLAMA

“Sanksiyalar beynəlxalq münasibətlərdə dövlətlərə qarşı müəyyən məhdudiyyət gətirici vasitədir. Lakin bundan sui-istifadə etmək olmaz”. Bu fikirləri SİA-ya açıqlamasında politoloq Qabil Hüseynli deyib.

Müttəfiq, yaxşı münasibətlərə malik olan ölkələrə qarşı sanksiyaların tətbiqinin düzgün olmadığını deyən politoloq söyləyib ki, ikibaşlı ağac olan sanksiyanın bir tərəfi onun tətbiq edildiyi ölkəyə toxunursa, digər tərəfi isə onu tətbiq edən ölkəyə toxunur.

Onun sözlərinə görə, ABŞ tərəfindən tətbiq edilən sanksiyalar təkcə İran, Rusiya, Türkiyəyə deyil, eləcə də ABŞ-ın özünə təsir edir: “ABŞ bazar və iqtisadi sifarişlərini itirir. Bu baxımdan ABŞ tərəfindən sanksiyaların həcmi genişlənərsə, bu həmin ölkənin öz iqtisadiyyatına, eləcə də imicinə zərbə vura bilər. Belə olan halda, tərəfdaş ölkələrin itirilməsi üçün geniş şərait yaranar”.

Q. Hüseynli söyləyib ki, ABŞ eyni zamanda özünə yaxın ölkə olan Kanadaya da sanksiya tətbiq edir: “Bu siyasət çox riskli və dövlətin özü üçün də ağır nəticələrə səbəb ola bilər. Sanksiyaların əksəriyyəti ölkələrin siyasi rejimlərindən daha çox sıravi vətəndaşlara ziyan vuraraq onların iqtisadi vəziyyətinin ağırlaşmasına səbəb olur. Bir sözlə ifadə etsək, son dövrlər dünya düzənində bir xaos hökm sürür”.

Politoloq qeyd edib ki, sanksiya tətbiq edilən ölkələrdə yaranan gərginlikdən çıxmaq üçün addımlar atılır: “Dövlət onun üçündür ki, yaranan mürəkkəb şəraiti aradan qaldırsın və təcili tədbirlər görsün. Rusiya müəyyən tədbirlər görməyə çalışır. Düzdür, hazırda ölkədə inflyasiyanın artan sürətini dayandırmaq mümkün olmayıb. Bildiyiniz kimi Rusiyanın milli valyutası olan rubl hər an ucuzlaşmaqda davam edir”.

Rusiya üçün tətbiq olunan sanksiyaların ağır olduğunu dilə gətirən politoloq vurğulayıb ki, əvvəllər sanksiyalar ayrı-ayrı şəxslərə tətbiq edilirdisə, indi bu sanksiyaların istehsal sahələrinə aid edilməsi vəziyyəti daha da ağırlaşdırır: “ Son sanksiyalar ölkənin maliyyə sisteminə tətbiq edilib ki, bunun nəticəsində banklar, maliyyə bazarı, Rusiyanın xariclə alış-veriş işləri çox böyük çətinliklərlə üz-üzə qalıb. Rusiya tərəfindən bu problemlərin qarşısının alınması istiqamətində tədbirlər davam etdiriləcək. Lakin görülən işlərin tez bir zamanda effekt verəcəyi gözənilmir”.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə