"Azərbaycan Konvensiyanın hazırlanmasında konstruktiv işləyib" AÇIQLAMA-ÖZƏL

“Qazaxıstanın Aktau şəhərində Xəzərin statusu haqqında imzalanan Konvensiya ilə Azərbaycan Xəzər dənizindəki fəaliyyətini konkret olaraq beynəlxalq hüquq əsasında qoyacaq”. Bu fikirləri SİA-ya açıqlamasında politoloq Rüstəm Məmmədov deyib.

Konvensiyanın imzalanmasında Azərbaycan diplomatiyasının böyük rola malik olduğunu deyən politoloq söyləyib ki, Xəzərin hüquqi statusu ilə bağlı məsələ illər öncə ölkəmizin konkret mövqeyi ilə gündəmə gəlib.

Onun sözlərinə görə, Xəzərin hüquqi statusu ilə məsələ Azərbaycan tərəfindən gündəmə gətirilib: “Azərbaycan tərəfindən Xəzərin mövcud statusunun köhnəlməsi və yeni statusa ehtiyacı olması barədə təklif qeyri-müəyyən formada qarşılanmışdı. Hətta Türkmənistan nümayəndə heyəti bu anlayışı başa düşmür, Qazaxıstan isə məsələyə biganə, Rusiya isə ehtiyatla yanaşırdı. Həmin dövrdən uzun illər keçsə də, Azərbaycan tərəfinin güclü siyasi iradəsi, daim xoş qonşuluq siyasətinə sədaqəti və xoş məramı bu konvensiyanın imzalanması yolunda maneələrin aşılmasına imkan verdi”.

R.Məmmədov söyləyib ki, məsələnin gündəmə gəlməsinin əsas məqsədi 1921-40- ci il sazişlərinin öz qüvvəsini itirməsi və Xəzər dənizində tənzimlənmənin həyata keçirilməməsi idi: “1991-ci ildən Xəzərdə yeni geosiyası vəziyyət yaransa da, burada məsələlərin tənzimlənməsində müəyyən problemlər meydana gəlmişdi. Vaxtilə SSRİ ilə İran arasında olan Xəzər dənizi 5 dövlət tərəfindən sərhədə malik oldu. Müzakirələr getdiyi bütün dövr ərzində, xüsusən Konvensiya imzalanması ərəfəsində xaricdəki anti-Azərbaycan qüvvələr, erməni lobbisinə yaxın dairələr həm digər Xəzəryanı paytaxtlarda, həm də Qərb paytaxtlarında “Xəzər beşliyi” ölkələri arasında ziddiyyətləri qabartmağa çalışır, anlaşmanın baş tutmaması üçün fəaliyyət göstərirdilər. Azərbaycan bu sənədin hazırlanmasının bütün mərhələlərində konstruktiv işləyib və digər Xəzəryanı ölkələr kimi bu sənədin imzalanmasına öz töhfəsini verib”.

Politoloq qeyd edib ki, Konvensiyanın imzalanması ilə Azərbaycan qanuni sürətdə Xəzər dənizinin dibindən istifadə edəcək: “ Ölkəmiz neft-qaz yataqlarından səmərəli istifadə etmək üçün öz imkanlarını genişləndirəcək. Balıq ehtiyatları ilə bağlı mələsə də gündəmdədir ki, artıq bununla əlaqədar razılaşma da əldə edilib”.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...