KXCP-də gərginlik davam edir TƏRS BAXIŞ

Partiyada çoxtirəlik yaranıb

Məlum olduğu kimi, KXCP “Milli Şura”da təmsil olunmasa da, bu partiyada uzun illər fəaliyyət göstərmiş Oqtay Gülalıyev hələ də AXCP sədri Əli Kərimlinin egidası altında olan qurumda fəaliyyət göstərir, üstəlik, bu qurumun koordinasiya şurasına da üzvdür. Söz yox ki, Mirmahmud Mirəlioğlunun əzəli düşməni hesab edilən Əli Kərimlinin yanında onun partiyasının təmsilçisinin, yəni O.Gülalıyevin fəaliyyət göstərməsi sədrə müsbət təsir bağışlamır. Bu baxımdan, artıq onun KXCP sıralarından kənarlaşdırılması barədə müvafiq qərar da qəbul edilib. Üstəlik, onu da xatırladaq ki, Gülalıyev son bir ilə qədər Mirəlioğlunun müavini postunu tutub. Lakin ona edilən xəbərdarlıqlara rəğmən, O.Gülalıyev “Milli Şura” sıralarında qalacağını bəyan edib.

Oqtay Gülalıyev Əli Kərimlinin təkidi ilə Mirmahmud Mirəlioğluna seçkiləri “boykot” etməyə səsləmişdi

Belə ki, hələ bu ilin fevralında onu KXCP-nin ali məclis üzvlüyündən xaric etmişdilər. Hətta bhəmin qərardan dərhal sonra Gülalıyev özünün facebook səhifəsində yazmışdı ki, onun ali məclis üzvlüyündən xaric edilməsi birbaşa partiyanın sədri M.Mirəlioğlunun təkidi nəticəsində baş tutub. Həmin vaxt prezident seçkiləri ərəfəsi idi və O.Gülalıyev Ə.Kərimlinin təkidi ilə M.Mirəlioğluna seçkiləri “boykot” etməyə səsləmişdi. Söz yox ki, burada əsas məqsəd, AXCP-“Milli Şura” cütlüyünün digər müxalifət partiyaları qarşısında üstünlük qazanmaq idi. Daha dəqiq desək, azsaylı elektorata sübut edilməliydi ki, müxalifətin digər cinahı seçkilərə qatıldığı halda, “Milli Şura” buna getmir və ona görə də yerdə qalan müxalifət partiyaları “xəyanətkardırlar”.

Digər tərəfdən, Ə.Kərimli yaxşı bilirdi ki, O.Gülalıyevdən M.Mirəlioğluna qarşı “silah” kimi istifadə edib,özünə xal toplaya biləcək. Çünki məlum olduğu kimi, KXCP sədri “boykot” taktikasını rədd etmişdi.

Mirmahmud Mirəlioğlu: “Oqtay Gülalıyev partiyanın nizamnaməsini pozub və destruktiv fəaliyyətlə məşğul olub”

Əlbəttə, Mirəlioğlu Gülalıyevin ona qarşı aparılan oyunda mövqe tutduğunu da yaxşı bildiyi üçün, eləcə də xəyanətə rəvac verdiyi üçün onu partiya sıralarından çıxarmalıydı. Bəs deyil ki, M.Mirəlioğlu sözügedən olayla bağlı mətbuata açıqlamasında deyib: “Oqtay Gülalıyev partiyanın nizamnaməsini pozub və destruktiv fəaliyyətlə məşğul olub. Ona görə də Ali Məclisdən xaric edilib”.

Maraqlısı da budur ki, O.Gülalıyev bütün baş verənlərə rəğmən, hələ də özünü KXCP-nin üzvü hesab edir. Halbuki, AXCP sədri ona öz partiyasına transfer olunmağa çağırıb. Əlbəttə, belə bir çağırış da siyasi manipulyasiya hesab edilə bilər. Çünki O.Gülalıyev əslində, ona KXCP üzvü kimi daha çox səmərə verər. Yəni KXCP-də parçalanma və qarşıdurmaların yaradılması üçün Gülalıyev Kərimli üçün ən məqbul vasitədir.

İddia edirdilər ki, etirazçı fraksiyaçıların əsas gücverəni bilavasitə AXCP sədri Əli Kərimlidir

Bu arada onu da xatırlatmaq yerinə düşərdi ki, hələ bir neçə il öncə KXCP-də fraksiyaçılar qrupu yaradılmışdı və onlar hər vəchlə Mirmahmud Mirəlioğlunun sədrlikdən çıxarılmasına çalışıblar. Bəlli mənbələr onda da iddia edirdilər ki, etirazçı fraksiyaçıların əsas gücverəni bilavasitə AXCP sədri Əli Kərimlidir. Lakin həmin vaxt Mirəlioğlunun yaxın ətrafı fraksiyaçıları partiyadan uzaqlaşdırmağı bacarmışdılar.

Hazırkı dövrdə isə O.Gülalıyev faktoru ortaya atılıb və deyilənə görə, KXCP-də onun tərəfdarları da üzə çıxıblar. Payızda bu partiya yeni çxanaşmaları gözləmək mümkündür. Hər halda, ənənəvi düşərgədə ölüm-qalıb savaşı davam edəcək.

Rövşən NURƏDDİNOĞLU

Bütün xəbərlər Facebook səhifəmizdə