Xəzəryanı ölkələr arasında əməkdaşlığı bundan sonra da inkişaf edəcək ANALİZ-TƏHLİL

Prezident İlham Əliyev: “Azərbaycan bu sənədin hazırlanmasının bütün mərhələlərində konstruktiv işləyib və digər Xəzəryanı ölkələr kimi bu sənədin imzalanmasına öz töhfəsini verib”

Qazaxıstanın Aktau şəhərində baş tutmuş Xəzəryanı ölkələrin V Zirvə toplantısında Xəzərin hüquqi statusu və s. əhəmiyyətli məsələlərə dair sənədin imzalanması bir daha sübut etdi ki, Azərbaycanın bu tarixi hadisədə xüsusi yeri və rolu mövcuddur. Artıq bu barədə bir sıra yerli və xarici ekspertlərin də rəyləri, şərhləri, analitik proqnozları var ki, onların hər birində ölkəmizin rəhbərliyi tərəfindən yürüdülən siyasətə ayrıca önəm verilməkdədir. Belə ki, Zirvə toplantısı çərçivəsində çıxış edən, eləcə də bəyanatla çıxış edən Prezident İlham Əliyev də vurğulayıb ki, Xəzəryanı ölkələr arasında yüksək səviyyədə əməkdaşlıq, etimad və qarşılıqlı fəaliyyət mövcuddur və bu da təhlükəsizliyin və sabitliyin başlıca qarantıdır. Məhz bu fikirləri şərh edərkən belə qənaətə gəlmək olar ki, dövlətimizin başçısı digər ölkələrlə bir yerə Xəzərin təhlükəsizliyinin, sabitliyinin qorunması istiqamətində, eyni zamanda Konvensiya çərçivəsində ardıcıl səy göstərməlidir. Belə ki, bu kimi addımlar regionda sabitliyə, təhlükəsizliyə öz töhfələrini verir. “Azərbaycan bu sənədin hazırlanmasının bütün mərhələlərində konstruktiv işləyib və digər Xəzəryanı ölkələr kimi bu sənədin imzalanmasına öz töhfəsini verib”, deyə qeyd edən dövlət başçımız digər mühüm faktorlara da toxunaraq vurğulayıb ki, Konvensiya Xəzəryanı ölkələrin sıx qarşılıqlı fəaliyyəti, iqtisadi, nəqliyyat xarakterli məsələlərin, xalqlarımızın həyat səviyyəsinin yaxşılaşmasına kömək edəcək məsələlərin həlli üçün geniş perspektivlər açır.

Prezident İlham Əliyevin çıxışından da bəlli olur ki, Azərbaycan dövləti hər zaman təşəbbüskar ölkə olaraq, regionda və beynəlxalq aləmdə öncüllük təşkil edir, eləcə də ölkələr arasında əməkdaşlıq mühiti yaradaraq, həmin ölkələrin iqtisadiyyatının güclənməsi, xalqların həyat səviyyəsinin yaxşılaşması üçün münbit şəraitlər yaradır. Məhz bu reallıq Azərbaycanın regiondakı liderlik mövqeyini möhkəmləndirir, nüfuzunu yüksəklərdə saxlayır.

“Azərbaycan mümkün olan hər şeyi edir ki, Xəzər ekoloji inkişaf, ekoloji sabitlik zonasına çevrilsin”

Digər bir nüans isə, Xəzərin ekoloji sabitliyi və inkişafı ilə bağlıdır. Məsələ ondadır ki, Konvensiyanın imzalanmasına qədər Xəzərin ekoloji təmizliyi və sabitliyi məsələsində ortaq məxrəcə gəlinə bilinməmişdi. Lakin bütün bunlara baxmayaraq, Azərbaycan dövləti əlində olan bütün mümkün vasitələrdən maksimum qaydada yararlanaraq, Xəzərin ekosisteminin sabit məcrada qalması istiqamətində çoxsaylı layihələr həyata keçirib. Zirvə toplantısında imzalanan sənədin ardınca, Xəzəryanı ölkələr bir araya gələrək, həmin istiqamətdə fəaliyyətlərini müştərək qurub, hövzənin ekoloji sabit zonaya çevrilməsi üçün birgə layihələr həyata keçirəcəklər. Məhz ölkəmizin başçısı bununla bağlı qeyd edib: “Azərbaycan mümkün olan hər şeyi edir ki, Xəzər ekoloji inkişaf, ekoloji sabitlik zonasına çevrilsin”.

“Ötən il Şimal-Cənub marşrutu üzrə Azərbaycan ərazisindən 1700 ton, bu ilin yalnız 7 ayı ərzində isə 175 000 ton yük daşınmışdır”

Daha bir diqqətçəkici məqam, Azərbaycanın nəqliyyat sektorunda uğurlu layihələrə imza atmasıdır. Bu mənada, Xəzərin də nəqliyyat sektorunda aparıcı mövqeyə sahib olması Prezident İlham Əliyev tərəfindən mühüm şəkildə qiymətləndirilib: “Azərbaycan nəqliyyat infrastrukturuna fəal surətdə sərmayə yatırır və reallaşdırdığı layihələr bu gün bizə Xəzəri mühüm nəqliyyat arteriyası kimi nəzərdən keçirməyə imkan verir”.

Ölkə başçımız öz fikirlərində Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizinin verdiyi töhfələrdən danışıb və vurğulayıb ki, Azərbaycan Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizinin yaradılmasında və inkişafında da mühüm rol oynayır: “Ötən il Şimal-Cənub marşrutu üzrə Azərbaycan ərazisindən 1700 ton, bu ilin yalnız 7 ayı ərzində isə 175 000 ton yük daşınmışdır. Bu isə yükdaşıma həcminin ötən illə müqayisədə təqribən 100 dəfədən çox artması deməkdir”.

“Ələt Beynəlxalq Dəniz Ticarət Limanının yükaşırma qabiliyyəti qısa müddət ərzində limanın imkanları 25 milyon tona çatdırıla bilər”

“Azərbaycanın öz tranzit xidmətlərini təqdim etdiyi Şərq-Qərb və Şimal-Cənub dəhlizləri iqtisadi əməkdaşlığı möhkəmləndirən, yeni iş yerləri yaradan, bizi bir-birimizə yaxınlaşdıran, sabitliyin və təhlükəsizliyin möhkəmlənməsinə şərait yaradan layihələrdir”, deyə qeyd edən dövlət rəhbərimiz yükdaşıma xidməti ətrafında da fikirlərini bildirib: “Tranzit yüklərin həcmi artarsa Ələt Beynəlxalq Dəniz Ticarət Limanının yükaşırma qabiliyyəti qısa müddət ərzində limanın imkanları 25 milyon tona çatdırıla bilər”.

Ümumiyyətlə, Azərbaycanın logistika və yükdaşıma sistemindəki rolu daim yüksək qiymətləndirilib və dövlət başçımızın bu fikirlərindən də aydın şəkildə bəlli olur ki, artıq Ələt Beynəlxalq Dəniz Limanı yaxın zamanlarda öz fəaliyyət funksiyasını daha da artıraraq, beynəlxalq yükdaşıma faktorunda aparıcı meydana çevriləcək.

“Ermənistanın Azərbaycana qarşı apardığı işğalçılıq siyasəti regional təhlükəsizlik üçün böyük təhdid doğurur”

Beləliklə, “Azərbaycan regional sabitliyin və təhlükəsizliyin möhkəmləndirilməsi işinə öz dəyərli töhfəsini verir”, deyə bildirən Prezident İlham Əliyev bu təhlükəsizliyə olan təhdidlərdən də danışıb. O, işğalçı Ermənistanın Azərbaycana qarşı apardığı təcavüzkar siyasətə işarə edərək Xəzəryanı ölkələrin dövlət başçılarının, eyni zamanda media nümayəndələrinin nəzərinə çatdırıb ki, işğalçılıq siyasəti region üçün təhlükə hesab edilə bilər: “Ermənistanın Azərbaycana qarşı apardığı işğalçılıq siyasəti regional təhlükəsizlik üçün böyük təhdid doğurur”.

Nəticə olaraq deyə bilərik ki, məhz Sammitdə qəbul edilən qərarlar Xəzəryanı ölkələr arasında əməkdaşlığı bundan sonra da inkişaf etdirilməsi, Xəzər regionunda təhlükəsizliyin və sabitliyin möhkəmləndirilməsi işinə öz töhfəsini verəcək. Bu reallıq bütün mənalarda öz müsbət çalarları ilə Xəzəryanı ölkələrin inkişafına, tərəqqisinə mühüm töhfələrini verəcək.

Rövşən RƏSULOV

Bütün xəbərlər Facebook səhifəmizdə