ABŞ-ın tətbiq etdiyi sanksiyalar Azərbaycana təsir edə bilərmi? ŞƏRH-ÖZƏL

“Son dövrlər bir sıra bölgələrdə problemlər artmaqdadır. Bilirsiniz ki, ABŞ tərəfindən qonşu ölkələrə sanksiyalar tətbiq edilir. ABŞ üçün bu sanksiyalar güc istifadə etmədən yeganə təsir imkanıdır”. Bu fikirləri SİA-ya açıqlamasında Milli Məclisin deputatı Asim Mollazadə deyib.

Rusiya ilə bağlı sanksiyalar bu ölkənin Orta Şərqdə və Ukraynada və digər bölgələrdə öz silahlı qüvvələrindən istifadəsinə qarşı tətbiq edildiyini deyən deputat söyləyib ki, ABŞ tərəfindən Türkiyənin iki nazirinə qarşı qərar qəbul edilib: “Türkiyə ABŞ-ın hərbi müttəfiqidir və bu ölkələr arasında münasibətlər hər zaman yüksək səviyyədə olub. Hazırda onlar arasında münasibətlərin korlanması xoşagəlməz vəziyyət yaradıb. Türkiyənin iqtisadi tərəfdaşlığı, əməkdaşlığı ABŞ və Avropa Birliyi ölkələri olub. Əgər iki ölkə arasında vəziyyət ciddi şəkil alarsa, o zaman bu qardaş ölkənin iqtisadiyyatına mənfi təsirini göstərəcək”.

A.Mollazadənin sözlərinə görə, ABŞ-la Türkiyə arasında baş verənlərə qardaş ölkənin İran və Rusiya ilə bağlı həyata keçirdiyi siyasət də öz təsirini göstərir: “Amma bütün bunlara baxmayaraq, ümid edirəm ki, iki ölkə arasında münasibətlər tezliklə yaxşılaşacaq və problemlər öz həllini tapacaq”.

Baş verənlərin Azərbaycana təsirinə gəlincə, deputat qeyd edib ki, ölkəmizin həyata keçirdiyi strateji layihələr ABŞ tərəfindən ciddi şəkildə dəstəklənir: "Çünki Azərbaycan tərəfindən həyata keçirilən siyasət ilk növbədə tərəfdaşlıq, əməkdaşlıq, qarşılıqlı münasibətlərə xidmət edir. Azərbaycan bütün ölkələrlə milli maraqlarını müdafiə etməklə, öz ərazi bütövlüyünü bərpa etmək istiqamətində əməkdaşlıq edir və heç bir ölkə üçün təhlükə yaratmır”.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə