Koçaryanın azadlığında Kremlin izi ANALİZ

Yaxud, Qarabağ klanı da Paşinyan üzərində qələbə qazandı

Robert Koçaryanın məhkəmə zalından azadlığa buraxılması Ermənistanın yeni “siyasi lideri” Nikol Paşinyanın ətrafında ciddi şübhələr doğurmağa başlayıb. Artıq bir sıra erməni ekspertləri, eləcə də mediası iddia edirər ki, Paşinyan Kremlin və Qarabağ klanının davamlı basqılarına davam gətirə bilmədiyinə görə, Koçaryanın azadlığa buraxılması üçün gizli göstəriş verib. Maraqlısı da budur ki, eks-prezidentin azadlığa buraxılması onun toxunulmazlığı ilə əlaqələndirilib və 1 mart hadisələri zamanı guya onun insanların qətlə yetirilməsi barədə xəbərsiz olduğu bildirilib. Ermənistanın ikinci prezidentinin vəkili Ruben Saakyan da mətbuata açıqlamasında deyib ki, Koçaryan ümumiyyətlə, məsuliyyətlə cəlb oluna bilməz. Əlbəttə, absurd və gülünc alibiləri ilə ictimai rəyi aldatmağa çalışan Paşinyan hakimiyyəti bu vasitə ilə özünü necə deyərlər, təmizə çıxarmağa cəhd edir.

Koçaryanın azadlığa buraxılması üçün müraciət ünvanlananda artıq bəlli olmuşdu ki, Qarabağ klanı hərəkətə keçib

Eyni zamanda, suallar yaranmağa başlayır ki, əgər Robert Koçaryanın toxunulmazlığı bəlli idisə, onun həbsi və həbsi ətrafında oynanılan oyunbazlıqlara nə gərək vardı? Söz yox ki, bir müddət əvvəl separatçı “DQR” rejiminin “parlament” təmsilçiləri Ermənistan hakimiyyətinə Koçaryanın azadlığa buraxılması üçün müraciət ünvanlananda artıq bəlli olmuşdu ki, Qarabağ klanı hərəkətə keçib. Düzdür, Ermənistanın baş prokurorluğu istər qarabağlı ermənilərin, istərsə də Respublika və Daşnaksyutun partiyalarının müraciətlərini rədd etdi, ancaq son anda Koçaryanla bağlı qərarın dəyişdirilməsi və onun azadlığa çıxması arxasında Rusiyanın dayanması kimsədə şübhə doğurmur. Məhz bu baxımdan, hətta Nikol Paşinyanın tərəfdarları belə, həmin qərardan sonra ona olan ümidlərini itirməyə başlayıblar. Bir sözlə, Paşinyan hələ 3-4 ay öncə qazandığı etimadını, eləcə də reytinqini yavaş-yavaş itirməyə başlayır. Bu reallığı arxasında dayanan ən mühüm faktor isə onun “məxməri inqilab”dan başlayaraq, hazırkı dövrə qədər anti-Rusiya xarakterli siyasət aparmasıdır.

Mikael Arutunyanı həbs edə bilmirlər, Yuri Xaçaturov da yaxşı bilirdi ki, bütün hallarda Kreml onu müdafiə edəcək

SİA-nın məlumatına görə, bu arada, Ermənistanın “Hraparak” qəzeti öz etibarlı mənbələrinə istinadən yazır ki, erməni hüquq-mühafizə orqanlarına 1 mart hadisələrinin hakimiyyət tərəfdən olan bilavasitə iştirakçısı, sabiq müdafiə naziri Mikael Arutunyanın yeri məlum olsa da, onu həbs edə bilmirlər. Belə ki, o Rusiya vətəndaşıdır və ehtimallar var ki, Moskva onu ələ verməyəcək.

Adıçəkilən qəzet onu da qeyd edir ki, bənzər hal hazırda KTMT-nın baş katibi Yuri Xaçaturovla da bənzər hal yaşanmışdı. O, Yerevanda həbs edilsə də, sonradan ödənilən pul müqabilində zaminə buraxıldı. Bunun ardınca isə, Kreml Xaçaturovun arxasında dayanaraq, onun həbs məsələsini birdəfəlik gündəmdən çıxmasına nail oldu. Çünki Xaçaturov da Rusiya vətəndaşıdır və əgər belə olmasa idi, Ermənistana gedib, istintaq orqanlarına ifadə verməzdi. O, yaxşı bilirdi ki, bütün hallarda Kreml onu müdafiə edəcək.

Levon Tet-Petrosyan niyə susur?

Beləliklə, məsələ tam olaraq aydındır və bu hadsələr fonunda erməni ictimaiyyətini digər bir sual da maraqlandırır. Misal üçün, digər erməni media qurumu olan “Joxovurd” yazır ki, Ermənistanın birinci prezidenti Levon Ter-Petrosyan nədənsə indiyədək baş verənlərə, 1 mart hadisələri ilə bağlı qaldırılan cinayət işlərinə, Koçaryanın həbsinə dair mövqeyini bildirməyib: “Halbuki, indi hər kəs Ter-Petrosyanın bəyanatını gözləyir, ən azı o səbəbdən ki, 1 mart hadisələri məhz ona qarşı yönəlmişdi”.

Qeyd edək ki, Robert Koçaryan həbs olunmamışdan qabaq “saatın əqrəblərini” Ter-Petrosyana tərəf döndərərək, məhz onun ordunu siyasi proseslərə cəlb etdiyini bildirmişdi. Adıçəkilən qəzet bu məsələlərlə bağlı Levon Ter-Petrosyanın mətbuat katibi Arman Musinyana sual ünvanlayıb və soruşub ki, nəyə görə birinci prezident hazırkı vaxta qədər susur, yaxud hər hansı bəyanat səsləndirmir? “Ter-Petrosyan nə zaman lazımdırsa, o zaman da danışır, o heç vaxt susmayıb”-deyə cavab verən mətbuat katibi həmçinin bildirib ki, Ermənistanın milli konqresi sözügedən məsələlər barədə dəfələrlə münasibət bildirib və konstitusiya quruluşuna qarşı çevriliş edildiyini deyib. “Ter-Petrosyan lazım olan məqamda mütləq bu barədə danışacaq”, Musinyan deyib.

Ermənistan vətəndaş müharibəsinə doğru irəliləyir

Nəticədə isə belə qənaətə gəlmək olar ki, Ermənistanda davam edən siyasi böhran dərinləşdikcə, ortaya çıxan ilginc məqam Kremlin təsiri və Qarabağ klanının yenidən baş qaldırmasıdır. Hər halda, bu iki tərəfin bir-biri ilə əlaqəsinin olması da şübhəsizdir. Və əgər Ermənistanın yeni hakimiyyəti öz siyasi baxışlarını dəyişməzsə, bu böhran davam edə, hətta vətəndaş müharibəsinə qədər gedib-çıxa bilər. Əbəs deyil ki, bu məsələlər ətrafında çıxış edən bir sıra erməni eksertləri baş nazir Nikol Paşinyanın əldən tez tərpənərək, digər cinayətkar – Ermənistanın 3-cü prezidenti Serj Sarkisyanın həbs olunması vacibliyini deyirdilər. Onlar bildirirdilər ki, əgər Serj Sarkisyan həbs olunmasa, gec olacaq və Koçaryanın azadlığa çıxması ilə hər şey əks-inqilaba doğru gedəcək. Bu baxımdan, cərəyan edən son proseslər də məhz bu reallığı açıq-aydın göstərməkdədir.

Rövşən NURƏDDİNOĞLU

Bütün xəbərlər Facebook səhifəmizdə