“Konvensiyanın imzalanması heç də asan məsələ olmayıb" ÖZƏL-ŞƏRH

“Xəzər dənizi ətrafında 5 dövlət var. Bu dövlətlərdən 4-ü keçmiş SSRİ ərazisində yaranmış və öz müstəqilliklərini (o cümlədən də Azərbaycan) əldə etmiş dövlətlərdir. Bu dövlətlərin bir-biri ilə Xəzərdə əməkdaşlıq etməsi çox vacib bir məsələdir. Azərbaycan hər zaman çalışıb ki, bu dövlətlərlə çox yaxşı münasibətlər, təmaslar qursun. Təbii ki, buna da nail olub”. Bunu SİA-ya açıqlamasında "Yurddaş" Partiyasının sədri Mais Səfərli deyib.

Onun sözlərinə görə, Azərbaycan Prezidenti cənab İlham Əliyevin fəaliyyəti nəticəsində bu dövlətlər arasında çox yaxşı münasibətlər vardır: “Bu dövlətləri bir-birinə bağlamaq üçün Azərbaycan çox böyük nəhəng layihələr həyata keçirib. Bakı-Tbilisi-Qars dəmiryolu xətti Çindən, uzaq Şərqdən tutmuş Avropaya qədər böyük bir nəqliyyat dəhlizidir. Bundan başqa Azərbaycanın TANAP, TAP, “Şahdəniz-2” və digər şaxələndirilmiş neft-qaz kəmərləri həmin Xəzər regionlarını birbaşa Avropa ilə bağlayan bir layihədir. Bu layihələr dövlət başçısının çox böyük səyləri və siyasi iradəsi nəticəsində həyata keçirilib. Qazaxıstanın Aktau şəhərində Xəzəryanı dövlətlərin dövlət başçılarının V Zirvə toplantısında Xəzər dənizinin hüquqi statusuna dair Konvensiyanın imzalanması heç də asan məsələ olmayıb. Bunun üzərində 25 ildən artıq idi ki, iş gedirdi.

Bu prosesin sürətlənməsində və məhz beynəlxalq hüququn normalarına uyğun aparılmasında Ümummilli Lider heydər Əliyevin və cənab Prezident İlham Əliyevin çox böyük əməyi olub. Prezidentimizin qeyd etdiyi kimi Xəzər dənizinin hüquqi statusu haqqında Konvensiyanın imzalanması tarixi əhəmiyyətli sənəddir. Təsəvvür edin ki, bu dövlətlər artıq elə anlaşıblar ki, Xəzərlə bağlı bunların arasında hansısa problem yaşanmayacaqdır. Əməkdaşlıqdan başqa burada heç bir fikir ayrılığına yer yoxdur”.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə