Ermənistan parlamentinin vitse-spikeri Azərbaycanın diplomatik uğurlarını etiraf edib!

Avqustun 12-də Aktauda imzalanmış “Xəzər dənizinin hüquqi statusu haqqında Konvensiya”nı şərh edən Ermənistan parlamentinin vitse-spikeri Eduard Şarmazanov bildirib ki, Ermənistanın yeni hökuməti müttəfiqləri ilə əlaqələri zəiflətdiyi bir vaxtda Azərbaycanın bu ölkələrlə münasibətləri möhkəmlənir.

AZƏRTAC Ermənistan KİV-lərinə istinadla xəbər verir ki, imzalanmış Konvensiyaya görə Azərbaycanın Xəzər şelfində yeni ərazilərə sahib olması ermənistanlı deputatı narahat edib. Rəsmi Bakının düşünülmüş xarici siyasətini örnək göstərən Şarmazanov Ermənistanın yeni diplomatik cəhdlərini kəskin tənqid edib: “...Buna sübut olaraq Panik kəndində rus hərbi təlimləri zamanı baş vermiş insidenti misal göstərə bilərəm. Paşinyan heç cür əsaslandıra bilməz ki, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının və Avrasiya İqtisadi Birliyinin üzvü olan Ermənistan NATO-nun təlimlərində niyə iştirak edir? Yeni baş nazir bunu belə izah edir ki, vaxtilə Serj Sarkisyan da bu cür təlimlərdə iştirak edib. Bu, bir siyasətçi üçün çox uğursuz cavabdır”.

Bir daha Azərbaycanın diplomatik uğurunu xatırladan Şarmazanov deyib: “Bütün bunların fonunda bizim rəqibimiz Avrasiya İqtisadi Birliyinin iki vacib iştirakçısı ilə - Rusiya və Qazaxıstanla, habelə çox mühüm qonşumuz İranla sənədlər imzalayır”.

Bütün xəbərlər Facebook səhifəmizdə