Yaxud, radikal düşərgə növbəti qalmaqallar ərəfəsində
Radikal düşərgədə üzdən sakitçilik hökm sürsə də, uzun illərin düşmənləri olan cəbhəçilərlə müsavatçılar arasında kəskin qarşıdurmalar yaşanmaqdadır. Məsələ ondadır ki, Əli Kərimlinin sədri olduğu AXCP-nin “Milli Şura” ilə birgə “ümummüxalifət” xarakterli payız mitinqlərinə hazırlaşdığı barədə “anonslar” verilsə də, hələlik Müsavat da daxil olmaqla, AXP, ADP, ALP, AMDP və s. bənzər partiyalar bu “anonslara” barmaqarası baxmaqdadırlar.
Vaxtilə “Milli Şura”nın mitinqində birgə aksiyalara qatılan partiyalar artıq bu gün həmin mitinqlərə qatıldıqlarına görə təəssüf hissləri keçirirlər
Maraqlıdır ki, Müsavat və s. ənənəvi müxalifət partiyaları “Milli Şura”ya üzv olmasalar da, qurumun sözdə sədri Cəmil Həsənli onlarla bir olmayan siyasi təşkilatları qorxaqlıqda günahlandırır. Halbuki, “Milli Şura”da təmsil olunmayan partiyalar bu qurum qarşısında heç bir öhdəlik götürməyib. Bu baxımdan, C.Həsənlinin iddiaları və ittihamları onlarda gülüş yaradır. Digər tərəfdən, hələ ötən ilin payızında “Milli Şura”nın mitinqində birgə aksiyalara qatılan partiyalar artıq bu gün həmin mitinqlərə qatıldıqlarına görə təəssüf hissləri keçirirlər.
Ancaq AXCP və “Milli Şura” cütlüyü bu və ya digər şəkildə İsa Qəmbər, Arif Hacılı və s. Müsavat yetkililərini ən ağır ifadələrlə təhqir obyektinə çevirir, riyakarlıqda günahlandırılırlar. Nəticədə bu amili hədəfə alan AXCP-çilər sosial şəbəkələrdə və müxtəlif kuluarlarda Müsavat üzvlərini müxalifətçiliyə xəyanət etməkdə, “hakimiyyətə işləməkdə” suçlayırlar. Söz yox ki, müsavatçılar da boş dayanmır və Ə.Kərimlinin illər öncə parlament və prezident seçkilərindəki xəyanətlərini xatırladırlar, eləcə də edilən həqarətlərə daha ağır tonda həqarətlər edilir.
Cəmil Həsənli və Əli Kərimli digər partiyalara, xüsusilə Müsavata qarşı başlatdığı bu hücumu gerçəkləşdirməklə nə demək istəyirlər?
Baş verənlər isə belə bir proqnozu reallaşdırır ki, hələ yay tətili olmasına rəğmən, ənənəvi düşərgədə didişən siyasi təşkilatlar payızda daha kəskin qarşıdurmalara gedəcəklər. Maraqlısı da budur ki, indidən mitinq keçirəcəklərini “anons” edən C.Həsənli və Ə.Kərimli digər partiyalara, xüsusilə Müsavata qarşı başlatdığı bu hücumu gerçəkləşdirməklə nə demək istəyirlər? Söz yox ki, bunun arxasında dayanan əsas amillərdən biri də növbəti siyasi mövsümdə özünü digər siyasi təşkilatlar, eləcə də xarici təşkilatlar qarşısında ayaq üstdə göstərməkdir. Lakin bu vasitəylə siyasi arenada qalmağın mümkünlüyü bəri başdan görünməkdədir. Hər halda, belə olmasa idi, yayın ortasında payızda mitinq keçirmək iddiaları ortaya atılmazdı...
Rövşən RƏSULOV
Bütün xəbərlər Facebook səhifəmizdə