Emin Həsənli: “SHXÇDX-nin işi günün tələblərinə uyğundur" ÖZƏL-ŞƏRH

Ümummilli Lider Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra bütün sahələrdə olduğu kimi milli ordu quruculuğu sahəsində də mühüm işlər görüldü. Ümummilli Liderin bu sahədə milli kadrların hazırlanması ilə bağlı böyük xidmətləri olub. Ordu quruculuğuna böyük diqqətin yetirilməsi, 26 iyun tarixinin “Silahlı Qüvvələr Günü” kimi qeyd olunması və digərləri milli ordu quruculuğu sahəsində böyük işlər kimi dəyərləndirilir. Müasir ordu quruculuğu sahəsində Prezident İlham Əliyevin verdiyi töhfələr isə misilsizdir. Azərbaycanda nizami ordu formalaşdırmaq, ordumuzun regionda önə çıxarılması sahəsində görülən işlər xalq qarşısında ən böyük xidmətlər kimi dəyərləndirilir. Azərbaycan ordusu bu gün çətinliklərin öhdəsindən gələn hərbi təsisata çevrilib.

Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə İctimai Birliyinin (TOHGMİB) sədri, hərbi ekspert Emin Həsənli isə SİA-ya açıqlamasında Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətində (SHXÇDX) tətbiq olunan yeniliklərdən danışıb.

Onun sözlərinə görə, Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyev bütün sahələrdə islahatlar həyata keçirir: “Ən əsas qarşıya qoyulan tələb vətəndaşların məmunluğudur, onlara istənilən sahədə diqqət və qayğının göstərilməsidir. Elektron hökumətə keçid vətəndaşların məlumatları, arayışı asan əldə etməsinə yönəlib. Beləcə dövlət orqanlarında şəffaflıq təmin edilsin. Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti (SHXÇDX) Silahlı Qüvvələrimizin “Asan Xidməti” adlandırıram. Orada elektron hökumət yaradılıb. Yəni vətəndaşlar elektron qaydada istənilən məlumatları əldə edə bilərlər. Çağırış və Səfərbərlik sistemi tam modernləşib və müasirləşib. Eyni zamanda bu iş yüksək peşəkarlıqla qurulub. Çağırış sistemində həddindən artıq şəffaflıq təmin edilib. Vətəndaşlar harada hərbi xidmətdə qulluq edəcəyini saytına daxil olub şəxsiyyət vəsiqəsinin nömrəsini yazmaqla və sms yolu ilə məlumat əldə edirdisə artıq bu ildən tətbiq olunan yeniliklə vətəndaşlara birbaşa sms gəlir”.

E.Həsənli bildirib ki, SHXÇDX əsgərlərin yola salma, qarşılama prosesini yüksək səviyyədə həyata keçirir: “Eyni zamanda gənclərin xidmətə hazırlanması, “Vətənin müdafiəsinə hazıram” tədbirlərinin, yazı müsabiqələrinin, jurnalistlər arasında Atıcılıq turnirlərinin keçirilməsi, mətbuatla, qeyri-hökumət təşkilatları ilə iş yüksək səviyyədə təşkil edilib. SHXÇDX-nin işi günün tələblərinə uyğundur. Müdafiə Nazirliyinin keçirdiyi təlimlərdə bir günə 10 mindən artıq səfərbərlikdə olan insanı lazımi qaydada lazımi təlim məntəqələrinə təhvil verib. Bu həm Azərbaycan gəncliyinin, ehtiyatda olanların nə qədər vətənpərvər olmağından irəli gəlir, həm də görülən işlərin günün tələblərinə uyğun səviyyədə qurulmağının göstəricisidir. Eləcə də hərbiyönümlü QHT-lərlə, Qarabağ, şəhid ailələri, müharibə veteranları, Çernobıl döyüşçüləri ilə, əfqan döyüşçüləri ilə, 20 yanvar hadisəsinin iştirakçıları ilə, İkinci dünya müharibəsi, Böyük Vətən Müharibəsi iştirakçıları ilə, onların ailə üzvləri ilə, ehtiyatda olan hərbçilərlə sıx əməkdaşlıq edir və tədbirlərdə onların iştirakı təmin edilir. Xüsusi əlamətdar günlərdə onlarla görüşlər keçirilir, şəhidlərimizin yas mərasimləri təşkil edilir. QHT-lər bu işdə lap yaxından təmsil olunurlar. SHXÇDX-nın yerli idarə, şöbə, bölmələrində də xeyli uğurlu nəticələr əldə edilib və vətəndaşlarla iş günün tələblərinə uyğun qurulub. Bu işlərdə şəffaflıq yüksək səviyyədə təmin edilib”.

TOHGMİB sədri əlavə edib ki, Xidmətin rəisi, general-leytenant Arzu Rəhimov bölgələrdə vətəndaşları qəbul edir, onların problemlərini dinləyir: “Eləcə də Xidmətin özündə qəbullar keçirilir. Bunlar hamısı görülən yüksək səviyyəli işin nəticəsidir. Eyni zamanda işdə ciddi nöqsanlara yol verən, qanun pozuntusu törədən, günün tələblərinə cavab verməyən şəxslər Xidmətdən kənarlaşdırılır. Bu belədə olmalıdır. Qanunu pozan şəxslər Xidmətdən kənarlaşdırılır və barələrində cinayət işləri qaldırılır. Bu şəxslərin içərisində bəziləri var ki, onlar sosial şəbəkələrdə, mediada Xidmət haqqında böhtan xarakterli yazılar yazmağa cəhd edirlər. Şükürlər olsun ki, mətbuatımız, QHT-lər, müharibə veteranları, ziyalılar, şəhid ailələri, ictimaiyyət nümayəndələri Xidmətin apardığı işləri dəstəkləyir və bu cür insanlara layiqli öz yerlərini göstərirlər. Cənab Prezidentin apardığı uğurlu siyasət nəticəsində ölkədə bu gün güclü Ordu yaranıb. Ordu qarşıya qoyulan hər bir tapşırığı yerinə yetirməyə hazırdır və torpaqlarımızı işğaldan azad etməyə qadirdir. Bu il biz Azərbaycan Xalq Cümhuriyyətinin, eləcə də Azərbaycan Silahlı Qüvvələrinin 100 illiyini qeyd edirik. Bildiyiniz kimi bu yaxınlarda “Şərq” qəzetinin təsisçisi və baş redaktoru Akif Aşırlının müəllifi olduğu “Cümhuriyyət dövründə səfərbərlik və hərbi çağırış (1918-1920)” kitabının təqdimat mərasimi baş tutdu. Biz QHT-lər, vətəndaş cəmiyyəti, media olaraq bu işləri dəstəkləyirik”.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə