Ekspertılər Xəzər Sammitinə kölgə salmaq istəyənlərdən DANIŞDILAR

Baş tutmuş Xəzər Sammiti və V Zirvə Görüşündən əvvəl və sonra xaricdəki anti-Azərbaycan qüvvələr və onlara havadarlıq edən erməni lobbisi sosial şəbəkələr, eləcə də media qurumları vasitəsilə hər vəchlə bu tarixi məqama kölgə salmağa, qərəzli fikirlər yaymağa cəhdlər göstərdilər. Lakin onların bu kimi kirli addımları baş tutmamış qaldı və bununla yanaşı sübuta yetirildi ki, Azərbaycan dövləti və rəhbərinin qətiyyətli iradəsi nəticəsində, o cümlədən, Xəzər dənizi hövzəsinə aid olan digər ölkələrin rəhbərlərinin sözügedən təşəbbüsü dəstəkləmələri bəlli bədxahların bu məsələyə müdaxilə etməsinə zəmin vermədi.

Sözügedən məsələ ilə bağlı “Səs” qəzetinə açıqlama verən ekspertlər də bu fikirdədirlər ki, heç bir qaragüruh qüvvə öz məqsədlərinə əvvəllər də nail ola bilməyib, bundan sonra da nail ola bilməyəcək.

Təhmasib Novruzov: “Bu qüvvələr yaxşı anlayırlar ki, qonşuları ilə bərabərhüquqlu tərəfdaşlıq, dostluq münasibətlərinin güclənməsi onların imperialist istəklərinə ziddir”

“Azadlıq Hərəkatçıları” İctimai Birliyinin sədri Təhmasib Novruzov açıqlamasında bildirib ki, Azərbaycanın yeraltı və yerüstü sərvətlərinin zənginliyi, eləcə də coğrafi baxımdan mühüm geosiyasi məkanda yerləşməsi tarixlər boyu dünyanın güc mərkəzlərinin diqqətini cəlb edib: “Əsrlər boyu məmləkətimizin yadellilərin istilalarına məruz qalmasının səbəbi də məhz bununla bağlıdır. Eramızdan əvvəl Makedoniyalı İskəndərdən başlamış ən son Çar Rusiyasına qədər güclü imperiyalar qədim türk diyarı olan bu məmləkəti nəzarətləri altında saxlamaq üçün bütün güclərini səfərbər ediblər. İndi dünya düzənində imperialist siyasətin yeni modeli formalaşmaqdadır. Beynəlxalq hüququn prinsipləri ölkələrin ərazi bütövlüyünün toxunulmazlığını özündə ehtiva etdiyindən tarixən mövcud olmuş imperialist-müstəmləkə siyasətini həyata keçirməyin mümkünsüzlüyü, güc mərkəzlərini yeni imperialist forma yaratmağa vadar edir. Bunun da ən səmərəli yolu kimi iqtisadi təsir rıçaqlarından istifadə etməyi məqbul hesab edirlər”.

T.Novruzova görə, dünyada, xüsusən yaxın və orta şərqdə son onilliklərdə baş verənlər məhz bu imperialist düşüncənin acı nəticələridir: “Heç şübhəsiz yenicə müstəqilliyini əldə etmiş gənc, dünya xəritəsində kiçik bir ölkənin az zaman içərisində sürətli inkişafını bu qüvvələr həzm edə bilmirlər. Gerçək, müstəqil siyasi xətti ilə heç bir dövlətin vassalı olmağı qəbul etməyən Azərbaycanın sürətli inkişafı ilə yanaşı, bütün dövlətlərlə bərabərhüquqlu münasibətlər qurmaq siyasəti də bu qüvvələr tərəfindən qəbuledilməzdir. Onlar adət ediblər ki, kiçik dövlətləri öz təsirləri altına salsınlar, onun sərvətlərindən pay alsınlar, lazım gələndə də imperialist maraqlarına xidmət etməyə, iqtisadi, hərbi və digər baxımlardan güc mərkəzlərinin insani addımlarına dəstək versinlər”.

Xəzəryanı ölkələrin Sammitinin keçirilməsi ilə bağlı dezinformasiyaların yayılmasına gəlincə QHT rəhbəri bildirib ki, Xəzərin statusuna dair Konvensiyanın imzalanması kimi tarixi əhəmiyyətli hadisəni öz istəklərinə uyğun şərh etmələri, həmin güclərin pərdəarxası siyasətinin tərkib hissəsidir: “Bu qüvvələr yaxşı anlayırlar ki, qonşuları ilə bərabərhüquqlu tərəfdaşlıq, dostluq münasibətlərinin güclənməsi onların imperialist istəklərinə ziddir. Belə də bütün vasitələrdən istifadə edirlər və yaxın gələcəkdə də çalışacaqlar ki, özlərinin regionla bağlı siyasətlərinə mane ola biləcək belə münasibətlərə xələl gətirsinlər, onu gözdən salsınlar. Azərbaycan hakimiyyətinin belə güc mərkəzlərinin maraqlarına deyil, xalqın, ölkə vətəndaşlarının maraqlarına xidmət edən xarici siyasətinin alternativi yoxdur. Bizə də düşən bu siyasətə dəstək vermək, həm ölkə xaricindən, həm də onların əlində silaha çevrilən daxilimizdəki bəzi qüvvələrdən olunan hər bir hücuma qarşı vətəndaş mövqeyi nümayiş etdirməkdir”.

İlqar Orucov: “Xəzər regionun geopolitik əhəmiyyəti bütün dünya tərəfindən, xüsusilə regionda marağı olan güclər tərəfindən izlənildiyi halda hansısa qüvvələrin fikirləri mənasız görünür və bu fikirlərə ölkəmizdən olan “siyasətçi”lərin də dəstək ifadə etməsi lap gülüncdür”

Azərbaycan Gənc Alim, Aspirant və Magistrlər Cəmiyyətinin sədri, fəlsəfə doktoru İlqar Orucov isə sözügedən mövzu ilə bağlı deyib ki, Qazaxıstanın Aktau şəhərində Azərbaycan, İran, Qazaxıstan, Rusiya və Türkmənistan dövlət başçılarının iştirakı ilə Xəzərin statusunu müəyyənləşdirən Konvensiyanın imzalanması ilə yekunlaşan Sammitdə 22 illik müzakirələrə və bəzən də bunun yaratdığı mübahisələrə son qoyuldu: “5 Xəzəryanı dövlətin başçısının bir araya gəlməsi artıq Xəzər Sammitinin əhəmiyyətinin göstəricisidir və bu görüşün əhəmiyyətliliyinə heç bir şübhə yeri qoymur. Xəzər dənizi sıradan bir su hövzəsi – göl və ya dəniz deyil. Burada artıq tədqiqatlarla təsdiqini tapmış milyardlarla barel neft və trilyonlarla kubametr karbohidrogen yataqlarına malik mənbələr mövcuddur və dəyəri trilyard dollarlarla ölçülür”.

“Həmçinin, Xəzər dənizi nəqliyyat dəhlizidir”-deyə qeyd edən İ.Orucov əlavə edib ki,Xəzər dənizinin idarə edilməsi istiqamətində razılığın əldə edilməsi yeni əməkdaşlıq platformasının formalaşması deməkdir: “Xəzər dənizinin iqtisadi əhəmiyyəti ilə bərabər onun sahilyanı dövlətlər üçün ekoloji əhəmiyyəti də xüsusi əhəmiyyət kəsb edir. Eyni zamanda, Xəzərdə mövcud olan bioresursların qorunması, idarə və istifadə edilməsi vacib məqamlardandır ki, bunlarla bağlı da razılaşma təsdiqini tapmış oldu”.

Qərəzli və məqsədli fikirlərlə gündəmə çıxmaq istəyən bədxahlara gəlincə İ.Orucov bildirib ki, bütün bu iddialar boş və cəfəng, heç bir reallığa söykənməyən mənasız iddialardır: “Sammitin səmərəsiz olduğunu demək də boş fikirlərdir. Real nəticə ortadadır və 22 illik müzakirələrin yekunu olaraq Konvensiya imzalanıb. Konvensiyada ölkələrin əməkdaşlığına, təhlükəsizliyinə, iqtisadi maraqlarına hesablanmış konkret bəndlər əksini tapıb. Təsadüfi deyildi ki, Sammiti dünyanın müxtəlif ölkələrindən nə qədər jurnalistlər, ekspertlər izləyirdilər. Müzakirələrin obyekti olan Xəzər dənizinin bölgüsü, bütövlükdə Xəzər regionun geopolitik əhəmiyyəti bütün dünya tərəfindən, xüsusilə regionda marağı olan güclər tərəfindən izlənildiyi halda hansısa qüvvələrin fikirləri mənasız görünür və bu fikirlərə ölkəmizdən olan “siyasətçi”lərin də dəstək ifadə etməsi lap gülüncdür. Azərbaycan Respublikası Prezidentinin iştirak etdiyi Xəzər Sammiti və 5-ci Zirvə Görüşü ölkəmizin həm siyasi, həm iqtisadi, həm də milli maraqlarına tam cavab verən, əvvəlcədən nəzərdə tutulmuş maraqlarının təmin olunduğu nəticələrlə yekunlaşdı. Bu hadisə ölkəmizə həm siyasi, həm iqtisadi dividentlər qazandıracaq, Xəzər sahili qonşu dövlətlərlə əməkdaşlığın güclənməsinə öz töhfəsini verəcək”.

Gülyanə AĞKƏRİMOVA

Bütün xəbərlər Facebook səhifəmizdə