"Xəzərdə yükdaşımaların təhlükəsizliyinə təminat yaranacaq" ÖZƏL-MÜNASİBƏT

“20 il davam edən Xəzərin hüquqi stausu ilə bağlı danışıqlar bazar günü 5 ölkənin rəhbərlərinin imzaladığı sənədlə yekunlaşdı. İndiyə qədər sənədin imzalanmasına maneçilik törədən səbəb Xəzərin dibinin bölünməsi ilə bağlı idi. Mütəxəssislərin rəyinə görə Xəzərin dibində hələ də milyardlara barrel neft və trilyonlarla kub metr qaz yataqları var. Bu tarixi sənəd indiyə qədər mövcud olan bütün suallara nöqtə qoydu. Bazar günü Qazaxıstanın Aktau şəhərində imzalanan sənədin mətni hələ ki, açıqlanmasa da tərəflər müqavilənin şərtlərindən razı görünürlər”. Bunu SİA-ya açıqlamasında politoloq Vasif Əfəndiyev deyib.

Onun sözlərinə görə, Böyük Britaniya ekspertləri bu müqavilənin Rusiyanın Xəzərdə karbohidrogen ehtiyatlarına nəzarət etməsinə hüquqi status verilməsi kimi qiymətləndirsə də əslində Azərbaycan tərəfinin indiyə qədər müdafiə etdiyi prinsiplərdən geri çəkilmədiyini güman edirəm: “Bu müqaviləyə əsasən Rusiya hərbi qüvvələrinin Xəzərin neytral sularında üstünlüyə malik olacağı ehtimalına əsasən qazana biləcəyi üstünlüyü əsas götürərək bu versiyanı irəli sürülər. Azərbaycanın maraqlarının təminatı Prezident İlham Əliyevin danışıqlarda göstərdiyi prinsipallıqla 4 ölkə rəhbərlərini əsaslı faktlarla inandırması hesabına olub. Bu müqaviləni Xəzər hövzəsi ölkələrin əməkdaşlığının yeni mərhələsinə bir keçid kimi dəyərləndirmək olar.

İmzalanmış müqaviləyə əsasən Xəzər sularında indiyə qədər baş verən insidentlərə son qoyulacaq və yükdaşımaların təhlükəsizliyinə təminat yaranacaq. Eləcə də ticarət, iqtisadi əməkdaşlıq, nəqliyyat vasitəsilə daşımalar sadələşdirildi, sərhədlər dəqiq müəyyənləşdirildi və öz hüquq statusunu almış oldu. Nəhayət 1996-cı ildən davam edən çətin danışıqlar yekun nəticə ilə başa çatdı. Bu da bir daha sübut etdi ki, davamlı konstruktiv danışıqlar və problemin həllini çözmək istəyi olanda sülh yolu ilə uğur qazanmaq olur. Bizim üçün ən önəmli məsələ olan Dağlıq Qarabağ probleminin həllində də bu cür prinsipiallıq və nəticə gözləyirik”.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə