Ərdoğan: "Yeni müttəfiqlər axtarmağa başlayacağıq"

“Pisliyin dünyanın hər yerində gizləndiyi bir vaxtda uzun zamandır müttəfiqimiz olan ABŞ-ın Türkiyəyə qarşı təktərəfli addımlar atması, sadəcə bu ölkənin maraqlarına və etibarına ziyan verə bilər. Çox gec olmadan Vaşinqton münasibətlərimizin assimmetrik ola biləcəyi düşüncəsini kənara qoyaraq Türkiyənin alternativlərə sahib olduğunu qəbul etməlidir. Bu təktərəfli və hörmətsizlik münasibətlərini dəyişdirməsələr yeni dost və müttəfiq axtarmağa başlayacağıq”. SİA-nın xəbərinə görə, bu fikirləri Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan New York Times qəzetinə yazdığı məqalədə qeyd edib.

Türkiyə və ABŞ-ın son 60 ildir strateji ortaq, NATO müttəfiqi olduğunu, iki ölkənin "Soyuq müharibə" dövründə və sonra qarşılaşdıqları çətinliklərə qarşı çiyin-çiyinə durduğuna işarə edən Ərdoğan bildirib ki, Türkiyə illər boyu ehtiyac olduğu müddətlərdə ABŞ-a köməyini əsirgəməyib: “Koreyada əsgərlərimiz birlikdə vuruşdular. Kubada raket böhranının ən yüksək olduğu dövrdə, Türkiyə torpaqlarında Yupiter raketlərindən istifadə edilməsinə icazə verərək ABŞ-da vəziyyəti sakitləşdirmək səylərinə yardım etdik. ABŞ-da 11 sentyabr terror hücumları zamanı bu pisliyi edənlərə cavab vermək üçün Əfqanıstana hərbi birliklər göndərdik”.

Türkiyə başçısı yazısında ABŞ-ın türk xalqının narahatlığını anlamadığını və hörmət etmədiyini vurğulayıb.

Son illər iki ölkə arasında ortaq münasibətlərin ABŞ tərəfindən anlaşılmazlıqlarla sınanıldığını qeyd edən Ərdoğan bu münasibətlərin əksinə çevrilməsi üçün görülən işlərin heç bir nəticə vermədiyinə təəssüfünü bildirib.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə