Aydın Mirzəzadə: “Tacikistan Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir" ÖZƏL-ŞƏRH

“Azərbaycan və Tacikistan arasında hər iki ölkə müstəqillik qazanandan çox sıx dostluq münasibətləri var. Sovet dönəmində də bu respublikalar ümumi tarixi, mədəniyyəti, dini və s. bir çox məsələlərin baxışına görə çox yaxın idilər”. Bunu SİA-ya açıqlamasında millət vəkili Aydın Mirzəzadə deyib.

Onun sözlərinə görə, Tacikistanın prezidenti cənab İmoməli Rəhmonun Azərbaycana ilk səfəri deyil: “Hər səfərdə iki dövlət arasındakı münasibətlər daha yüksək səviyyəyə qalxır. Bu səfər bir tərəfdən münasibətləri bir daha nəzərdən keçirməyi, birgə fəaliyyəti yeni sahələrdə axtarıb tapmağa kömək edir. Digər tərəfdən isə əldə edilən razılaşmalar hər iki ölkənin milli maraqlarına cavab verərək iqtisadiyyatın inkişafına, yeni iş yerlərinin yaradılmasına və s. imkan verir. Qeyd edim ki, ölkələrin dünyada gedən proseslərə baxışları da kifayət qədər üst-üstə düşür. Bu isə olduqca vacib bir məqamdır. Tacikistan Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir və Ermənistan qoşunlarının Azərbaycan ərazisindən çıxarılmasının tərəfdarıdır.

Nəzərə alsaq ki, Tacikistan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) üzvüdür, bu Ermənistanın həmin təşkilatda Azərbaycanla bağlı yalan və böhtan yaymasının qarşısını alan faktorlardan biri hesab etmək olar. Tacikistanın prezidenti İmoməli Rəhmonun Azərbaycana səfəri nəticəsində 11 sənəd və bəyannamə imzalandı. Onların hər biri konkret məsələlərə yönəlib. Səfər Azərbaycanın dünya birliyində yaxın qonşularla yüksək nüfuza malik olduğunu, Azərbaycanla əməkdaşlığa digər dövlətlərin böyük maraq göstərdiklərini bir daha sübut edir. Azərbaycan öz tərəfindən yaxın dostu olan Tacikistanın inkişafına öz töhfəsini verməyə, iqtisadi əlaqələri gücləndirməyə, Tacikistanla birgə fəaliyyət göstərməyə həmişə hazır olduğunu bir daha nümayiş etdirdi”.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə