DOST Agentliyinin yaradılması insan faktoruna verilən ən böyük dəyərdir - ŞƏRH

Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə uğurlu sosial siyasətin həyata keçirilməsi ilk növbədə belə qənaətə gəlməyə kifayət qədər zəmin yaradır ki, bu siyasətin əsas məqsədi Azərbaycanda sosialyönümlü dövlət quruculuğunu təmin etməkdir. Söz yox ki, bu istiqamətdə də son illər mühüm və ardıcıl addımlar atılmaqdadır. Prezident İlham Əliyev hər zaman öz çıxışlarında sosial siyasəti dövlət siyasətinin ən zəruri sahələrindən biri kimi dəyərləndirərək vurğulayıb ki, layiqli sosial siyasət qarşıdakı illərdə də Azərbaycan hökumətinin fəaliyyətinin prioriteti olaraq qalacaq.

Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə 2 milyon manat ayrılıb

Bəlli olduğu kimi, Prezident İlham Əliyev əhalinin sosial müdafiəsi sahəsində əlavə tədbirlər haqqında sərəncam imzalayıb və dövlət başçımız Konstitusiyanın 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq bir sıra mühüm qərarlar qəbul edib. Xüsusilə, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dayanıqlı və Operativ Sosial Təminat Agentliyinin fəaliyyətinin - "DOST” mərkəzlərinin təşkili və yaradılması üçün verilən qərar

belə bir qənaətə gəlməyə kifayət qədər zəmin yaradır ki, dövlət başçımız ilk olaraq əhalinin sosial-rifah halının daha da yaxşılaşdırılması, bu istiqamətdə aparılan işlərin təkmilləşdirilməsi istiqamətində diqqət və qayğısını əsirgəmir. Daha dəqiq desək, əhalinin məşğulluğu, əmək, sosial müdafiə və təminat sahələrində vətəndaşlara göstərilən xidmətlərin təkmilləşdirilməsi ilə bağlı tədbirlərin həyata keçirilməsi istiqamətində verilən sərəncam da bu mühüm amili ehtiva edir.

Onu da qeyd edək ki, bu məqsədlə Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə 2,0 (iki) milyon manat ayrılıb.

İnkişaf edən ölkəmizdə sosial siyasət həyatımızın bütün sahələrinə böyük təsirini göstərməkdədir

Əhəmiyyətli məqam isə budur ki, məhz "DOST” mərkəzlərinin təşkili barədə verilən qərar Prezident İlham Əliyevin insan faktoruna verdiyi ən dəyərli qiymətlərdən biridir. Əbəs deyil ki, dövlətimizin başçısı daim öz çıxışlarında bu amilə toxunaraq vurğulayıb ki, dövlətin inkişafı və tərəqqisi üçün əsas olaraq, insan kapitalı nəzərə alınmalıdır. Dövlət başçımızın rəhbərliyi altında güclənən iqtisadiyyatımız və bu istiqamətdə aparılan məqsədyönlü siyasətin nəticəsidir ki, bu kimi əhəmiyyətli sərəncamlar imzalanır və xalqımız bu qərarlardan bəhrələnir.

Ümumiyyətlə, inkişaf edən ölkəmizdə sosial siyasət həyatımızın bütün sahələrinə böyük təsirini göstərməkdədir. Həyata keçirilmiş və yaxın gələcəkdə yerinə yetiriləcək tədbirlər, nəhəng layihələri respublikada əhalinin sosial vəziyyətinin getdikcə daha da yaxşılaşması üçün əsaslı zəmin yaradır. Onu da qeyd etmək yerinə düşərdi ki, insana qayğı, onun maddi, mənəvi tələbatlarının ödənilməsi üçün zəruri şəraitin yaradılması Azərbaycan dövlətinin, Prezident İlham Əliyevin apardığı siyasətin mühüm prinsiplərindəndir. Azərbaycan iqtisadiyyatında ardıcıl müşahidə olunan inkişaf meylləri, ayrı-ayrı sahələrdə əldə edilən müsbət nəticələr dövlətin sosialyönümlü siyasətinin daha da gücləndirilməsinə imkan verir. Eləcə də iqtisadiyyatda həyata keçirilən köklü dəyişikliklər ölkədə iqtisadi sabitliyi təmin etməklə bərabər, əhalinin sosial müdafiəsini gücləndirmək üçün möhkəm zəmin yaradıb. Məsələn, son illər yüzminlərlə yeni iş yeri açılıb ki, bu da işsizliyin aradan qaldırılmasında müstəsna rol oynayır. Bu, bir daha təsdiq edir ki, Azərbaycanda sosial dövlət quruculuğu modeli uğurla həyata keçirilməklə yanaşı, həm də digər ölkələrə göstərilən örnəkdir. Dövlət başçımız xalqın güzəranının yaxşılaşdırılması üçün bütün imkanlardan yüksək səviyyədə istifadə edir və bütövlükdə, son illər ərzində çox ciddi sosial tədbirlərin reallaşdırılması da buna bariz sübutdur.

Azərbaycan dövləti öz güclü iqtisadiyyatı ilə qarşıdakı illərdə daha böyük uğurlara imza atacaq

Eyni zamanda, cəmiyyətin sosiomədəni bazisinin postindustrial dəyərlər və demokratik ənənələr məcrasına uğurlu transformasiyası istiqamətində möhtəşəm nailiyyətlərə imza atan cənab İlham Əliyevin iqtisadi sferada həyata keçirdiyi siyasətin daim özünü qabarıq verən ən önəmli cəhətlərindən biri məhz onun sosialyönümlü xarakter daşımasıdır.

Azərbaycanın davamlı şəkildə artan iqtisadi imkanları fonunda cənab İlham Əliyevin imzaladığı sərəncam və fərmanlarda, təsdiq etdiyi dövlət proqramlarında sosial xidmətlərin, xüsusilə “DOST” mərkəzlərinin təşkili, həcminin, bu kimi qurumların keyfiyyətinin və ünvanlılığının mütəmadi artırılması, yoxsulluğun azaldılması kimi vəzifələr daim əsas planda yer alır.

Digər tərəfdən, dövlət başçısının rəhbərliyi altında həyata keçirilən məqsədyönlü siyasətin elmi-nəzəri, iqtisadi əsaslara söykənməsi, bu zaman sosial prioritetlərin düzgün müəyyənləşdirilməsi nəticə etibarilə xalqın maddi rifah halının daha da yaxşılaşdırılmasını, eyni zamanda Azərbaycanın daha qüdrətli bir ölkəyə çevrilməsini təmin etməkdədir və bu, Prezident İlham Əliyevin sosial-iqtisadi siyasətinin prioritet məqsədidir. Belə ki, ölkəmizin ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin ailə üzvlərinin və Qarabağ müharibəsi əlillərinin, Çernobıl qəzası əlillərinin mənzil-məişət şəraitlərinin yaxşılaşdırılmasına ölkə rəhbəri tərəfindən böyük diqqət və qayğı göstərilir. Ümumiyyətlə, bütün sahələri əhatə edən sosial qayğı və imzalanan sərəncamlar belə nəticəyə gəlməyə zəmin yaradır ki, Azərbaycan dövləti öz güclü iqtisadiyyatı ilə qarşıdakı illərdə daha böyük uğurlara imza ataraq, xalqının rifah halının yaxşılaşdırılması, sosial müdafiəsinin daha da gücləndirilməsi istiqamətində davamlı addımlarını atacaqdır.

Rövşən NURƏDDİNOĞLU

Bütün xəbərlər Facebook səhifəmizdə