“Söz və mətbuat azadlığı” oyunu ANALİZ

Bu kimlərə sərf edir?

Bütün ölkələrdə olduğu kimi, Azərbaycanda da söz və media azadlığı kifayət qədər münbit əsaslara söykənir, bu isə belə deməyə zəmin yaradır ki, əgər bu faktor olmasa idi ölkə mətbuatımız inkişaf meyarlarından kənarda qalardı. Xüsusilə, söz və mətbuat azadlığı istər yazılı, istər elektron mediada öz inkişafını göstərir ki, minlərlə jurnalist cameəsi həmin istiqamətdəki fəaliyyətini şaxələndirir, tərəqqi etdirir. Söz yox ki, mövcud şərait təmin edilməsəydi, Azərbaycanda fəaliyyət göstərən və müxtəlif siyasi-ictimai baxışları əks etdirən saytlar, qəzetlər, portallar fəaliyyət göstərməzdi. Lakin bu mənada fikir və mülahizələr apararkən, özlərini müxalifət “liderləri”, ya da “qələm sahibləri” kimi zorla ictimai rəyə sırıyan adamların təəssüfdoğurucu “düşüncələrinin” şahidlərinə çevrilirik.

Həmdən-həmə, dəmdən-dəmə vurulan çənələr

Bu arada, kiçik bir xatırlatmanı edərək, elə də uzaq olmayan tariximizdə ekskur etmək istərdim. Misal üçün, Beynəlxalq Söz və Mətbuat Azadlığı Günündə AXCP sədri Əli Kərimlidən geri qalmayaraq, Müsavat başqanı Arif Hacılının və onun nəzarətində olan saytın media təmsilçiləri arasında sərgilədiyi ayrıseçkiliyi göstərə bilərik. Məsələ ondadır ki, Müsavat partiyası, daha doğrusu Arif Hacılı dövlətçilik maraqlarına xidmət edən real jurnalistləri bir kənara qoyub, nədənsə, dövlətin qanunlarını pozan, jurnalistlik fəaliyyəti adı altında tamamilə fərqli mövqe sərgiləyən, peşəsinin adına xələl gətirərək, cinayətlər törədən reket fərdləri “jurnalist” adlandıraraq, onları öz təbirincə təbrik etmişdi. Bu da azmış kimi, Azərbaycanda mövcud ola müstəqil və azad mətbuatın guya basqılara məruz qaldığını əlində heç bir fakt, sübut olmadan iddia edən Hacılı məhz özünü və ailə podratına çevirdiyi partiyasını cinayət törədərək həbs edilmiş “jurnalistlərin” azadlığa çıxacağı yönündə fəaliyyətini artıracağını demişdi. Bu xatırlatmanı isə ona görə etdim ki, A.Hacılı indi də bağlanmış saytların “dərdinə” qalmağa başlayıb və üstəlik özündən nəinki Amerika, hətta Afrika kəşf edərək, həmdən-həmə, dəmdən-dəmə çənə də vurub.

Reketçilik, şantajçılıq, böhtançılıq edənlər nə zamandan jurnalist cameəsinin “aparıcı fiqurları” oldular?

Təbii ki, A.Hacılı kimi bir fərdin mediadan danışmağa ümumiyyətlə haqqı yoxdur. Çünki hakimiyyətləri dövründə onların ölkə mətbuatına göstərtdikləri “diqqət” və “qayğıdan” hər kəsin xəbəri var...

Başqa tərəfdən, o da maraqlıdır, bir sıra xarici dairələrin buyruq qullarına çevrilən, digər qaranlıq əməlləri nəticəsində qanunlarımıza hörmətsizlik edən, eləcə də reketçilik, şantajçılıq, böhtançılıq edənlər nə zamandan jurnalist cameəsinin “aparıcı fiqurları” oldular ki, indi də A.Hacılı özünü reklam edərək, fəaliyyətini həmin istiqamətdə davam etdirəcəyini bəyan edib?

Eyni zamanda o da sirr deyil ki, bu gün Azərbaycanın bütün istiqamətlərdəki inkişafını, müstəqil siyasətini gözü götürməyən müəyyən xarici təşkilatlar, Qərb qurumları zaman-zaman həmin inkişafa qarşı yersiz, sübutsuz hesabatlar hazırlayır, bu vasitələrlə dövlətçilik maraqlarımıza xələl vurmağa cəhdlər göstərirlər.

Partiyalara məxsus media saytları necə işləyir? Sosial şəbəkələrdə qrup yaradıb ağızlarına gələnləri yazıb-pozanlar bunu necə edirlər?

Halbuki, bu gün Qərb ölkələrində sosial media ilə yanaşı, mətbuatlara və jurnalistlərə basqılar kifayət qədərdir. ABŞ-da, Böyük Brtitaniyada, Fransada, Hollandiyada və s. Qərb dövlətlərində fəaliyyət göstərən bloggerlərin əksəriyyəti təqib və təzyiqlərə məruz qaldıqlarına görə ölkələrini tərk edib, bu və ya digər ölkələrdə siyasi sığınacaqlar alıblar. Nəyə görə “mətbuat müdafiəçiləri” bu faktları önə çıxarmır və əksinə,Azərbaycandakı inkişaf amillərinə qara yaxmağa cəhdlər göstərirlər? Əlbəttə, bu sualın cavabı məlumdur: belələri sadəcə, dövlət maraqlarınmı sataraq kimlərinsə qarşısında nə qədər sadiq nökər olduğunu nümayiş etdirməyə çalışırlar.

Bu gün biz, elə A.Hacılı və onun timsalında olan “qayğıkeş mübarizəçilərə” bu sualı verə bilərik ki, əgər Azərbaycanda söz və media azadlığı onu və digərlərini “təmin” etmirsə, bu zaman partiyalara məxsus media saytları, necə işləyir? Sosial şəbəkələrdə qrup yaradıb ağızlarına gələnləri yazıb-pozanlar bunu necə edirlər? Ümumiyyətlə, bəziləri bu barədə düşünüblərim? Əlbəttə düşünüblər! Sadəcə, onlara reallığı, həqiqəti deməyi bəlli ağaları qadağan edib. Demək, Azərbaycanda bütün azadlıqlar, o cümlədən, söz və mətbuat azadlığı, internet azadlığı kifayət qədər təmin olunub. Müxalifət deyilən psevdoşivənçilər isə əllərinə düşən hər imkanda bu dövlətin əldə etdiyi uğurları qaralamağa çalışırlar. Ancaq göründüyü kimi, heç bir nəticə əldə edə bilmirlər. Çünki həqiqəti danırlar. Həqiqəti dananlar isə dövlətini, vətənini, hətta belə davam edərsə, öz yaxın ətraflarını da danarlar. Belələrindən isə bunu gözləməyə dəyər...

Rövşən NURƏDDİNOĞLU

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...