Qaradağ rayonunda Beynəlxalq Gənclər Günü qeyd edilib

YAP Qaradağ rayon təşkilatının gənclər birliyi Rayon İcra Hakimiyyəti və rayon gənclər və idman idarəsi ilə birlikdə Beynəlxalq Gənclər Günü ilə bağlı tədbir keçirib. SİA-nın verdiyi məlumata görə, tədbirdə YAP Qaradağ rayon təşkilatının Gənclər birliyinin sədri Ramiz Yusubov açılış nitqi ilə çıxış edib.

Bildirib ki, gənc nəslin vətənpərvərlik ruhunda tərbiyə olunması onun mənsub olduğu xalqın rifahının, ölkənin çiçəklənməsinin rəhnidir: "Bu gün böyük iftixarla demək olar ki, müasir Azərbaycan gəncliyi milli-mənəvi dəyərlərimizi, doğma ana dilimizi, ata-babalardan qalan gözəl adət-ənənələrimizi göz bəbəyi kimi qoruyub yaşadır. O, öz həyatını qurarkən ilk növbədə müstəqil Azərbaycanın bu günü və gələcəyi haqqında düşünür, öz fəaliyyətində yüksək vətəndaşlıq hisslərinə malik olduğunu nümayiş etdirir. Hər bir xalqın tarixində onun borclu olduğu şəxsiyyətlər vardır. Azərbaycan xalqı isə bu günü və sabahı üçün ulu öndərimiz Heydər Əliyevə borcludur".

Rayon Gənclər Birliyinin sədri qeyd edib ki, ölkəmizdə gənclər siyasətinin əsasını ulu öndər Heydər Əliyev qoyub: "Ümummilli liderimiz həmişə xalqına arxalanır, onun gəncliyinə böyük ümidlər bəsləyir, dəfələrlə qeyd edirdi ki, Azərbaycanın gələcəyi gənclərin əlindədir. Ulu öndərin ən böyük xidmətlərindən biri də o idi ki, gənclərin imkan və bacarıqlarını yüksək qiymətləndirir, onların problemlərinin həlli istiqamətində həyata keçirilən tədbirlərə xüsusi önəm verir, bu siyasəti müstəqil Azərbaycan dövlətinin ən mühüm fəaliyyət istiqamətlərindən biri kimi dəyərləndirirdi".

Rayon gənclər idman idarəsinin rəisi Elçin Abbasov çıxışında bildirib ki, 1994-cü ildə Gənclər və İdman Nazirliyinin yaradılması, ümummilli liderin 1995-ci ildə irəli sürdüyü Gənclər Forumu ilə bağlı təşəbbüsündən sonra 1996-cı ildən başlayaraq Azərbaycan gənclərinin forumlarının keçirilməsi, 1997-ci ildə fevralın 2-nin Azərbaycan Gəncləri Günü elan edilməsi, beş dövlət Proqramının qəbulu, 1999-cu ildə “Dövlət gənclər siyasəti haqqında” Fərmanın imzalanması və geniş fəaliyyət proqramının təsdiq edilməsi Heydər Əliyevin gənclərlə böyük qayğısının sübutu idi. Bütün bunlar gənclərin respublikanın ictimai-siyasi həyatında daha fəal iştirakına şərait yaratmaqla yanaşı, dövlət orqanlarının diqqətinin gəncliyin problemlərinin həllinə yönəldilməsi baxımından da olduqca əhəmiyyətli idi.

Rayon İcra Hakimiyyətinin İctimai siyasi şöbənin müdri Munis Bayramov qeyd edib ki, Ümummilli Lider Heydər Əliyevin uzaqgörənliklə formalaşdırdığı gənclər siyasəti bu gün yeni mərhələyə qədəm qoyub: "Prezident İlham Əliyev Ulu Öndərin gənclər siyasətinə sadiqliyini qəbul etdiyi bütün qərarları ilə təsdiq edir. Dövlətimizin başçısı gəncləri aparıcı qüvvəyə çevirmək və onların sosial-iqtisadi problemlərinin həllini təmin etmək məqsədi ilə dövlət proqramları təsdiq edib. İndi bu proqramlar müvəffəqiyyətlə həyata keçirilir. Dövlət quruculuğunda gənclərin iştirakına şərait yaradılması, onların vətənpərvərlik ruhunda tərbiyəsi, gənc ailələrə kömək göstərilməsi, qaçqın və məcburi köçkün ailələrindən olan yeniyetmə və gənclərin hüquqlarının qorunması, sosial problemlərin həlli dövlət proqramlarının əsasını təşkil edir".

YAP Qaradağ rayon təşkilatının Qadınlar Şurasının sədri, Heydər Əliyev Mərkəzinin direktoru Hicran Xəlilova çıxışında bildirib ki, dövlətimizin başçısının davamlı inkişaf konsepsiyasının uğurla həyata keçirilməsində Azərbaycanın I vitse-prezidenti Mehriban Əliyevanın xidmətləri də böyükdür. Mehriban xanım Əliyevanın rəhbərliyi ilə təhsilin inkişafı, bu sahədə həllini gözləyən bir sıra problemlərin aradan qaldırılması istiqamətindəki fəaliyyəti Azərbaycanda elm və təhsilə ictimai təsisat səviyyəsində yüksək qayğı göstərmək nümunəsi olmaqla yanaşı, cəmiyyətin ümumi potensialının bu zəmində səfərbər olunmasına yönəlmişdir.

Sonra söz YAP Gənclər Birliyinin fəal üzvü Afət Hüseynovaya verilib. Natiq çıxış edərək bildirib ki, bu gün Azərbaycan gəncləri öz fəaliyyəti ilə sübut ediblər ki, onlar ölkəmizin dəyərli vətəndaşlarıdır: "Müstəqillik və dövlətçiliyimizin möhkəmləndirilməsi, etibarlı gələcəyimizin təmin edilməsi gənclərin ictimai-siyasi fəallığının yüksəldilməsindən çox asılıdır. Ümummilli lider Heydər Əliyev tərəfindən müəyyənləşdirilmiş və hazırda onun layiqli davamçısı Prezident İlham Əliyev tərəfindən uğurla həyata keçirilən dövlət gənclər siyasətinin aparıcı xəttini də məhz bu mühüm konsepsiya təşkil edir".

Qeyd edək ki, 12 avqust - Beynəlxalq Gənclər Günüdür. 1998-ci il avqustun 8-dən 12-dək Lissabonda gənclərlə iş üzrə nazirlərin iştirakı ilə keçirilən beynəxalq konfransda hər il avqustun 12-nin dünyada Gənclər Günü kimi qeyd olunması qərara alınmışdır. Bu əlamətdar gün gənclərə lazımi diqqət göstərmək, onların nailiyyətlərini təbliğ etmək, cəmiyyətin bütün sahələrində gənclərin iştirakına təkan vermək məqsədi ilə qeyd olunur.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...