Nikol keçirəcəyi mitinqə görə təlaş keçirir ANALİZ

Küçədən gəlmiş baş nazir komandasına adam yığmaq tapşırığı verib

“Məxməri inqilab” adı ilə küçədən gəlmiş baş nazir statusuna yiyələnmiş Ermənistanın yeni siyasi lideri Nikol Paşinyan paytaxt Yerevanda çoxsaylı mitinq keçirməyi planlaşdırıb. Hətta hökumətin keçirdiyi son iclasında o, mitinqə daha çox insanın gəlməsi ilə bağlı tapşırıq da verib. Hələ “inqilab” etdiyi vaxtlar onun öz ətrafına kifayət qədər çox insanı cəlb etməsinə baxmayaraq, artıq iqtidarda olarkən, onun keçirəcəyi mitinqə daha çox insanın gəlməsi məsələsini qabartması özü-özülüyündə bir sıra suallar yaradır.

Nikol Paşinyanın “məxməri inqilabının” əsas “uğur tandemi” məhz Rusiyaya qarşı yönəlmiş şüarlar sayəsində əldə olundu

Məsələn, belə bir sual yaranır ki, Paşinyan xalq arasındakı populyarlığının itirilməsindən qorxduğuna görəmi keçirdiyi hökumət iclasında sözügedən məsələni qaldırıb? Yaxud, Nikolun hakimiyyətə gələr-gəlməz köhnə sistemdən olan bir çox nüfuzlu şəxsləri – o cümlədən Robert Koçaryanı həbsə atması onu bu qədərmi narahat etməyə başladıb? Eləcə də Ermənistanda anti-Rusiya ab-havasının yaranması həqiqətənmi onu təlaşlandırır? Axı Nikol Paşinyanın “məxməri inqilabının” əsas “uğur tandemi” məhz Rusiyaya qarşı yönəlmiş şüarlar sayəsində əldə olundu. Məhz Serj Sarkisyan və onun komandasının devrilməsinin əsasında da Nikol Paşinyanın “Ermənistanın suverenitetliyi təhlükə altındadır”, “dövlətçiliyimizi itiririk” lozunqları dayanırdı. Bu baxımdan, sadə erməni xalqı ona inanaraq, küçələrə axışdı və onu hakimiyyətə gətirdi.

Dünya Bankı Ermnistandan çıxarılan pulları geri qaytarmayacaq – bu, Paşinyana vurulan növbəti zərbədir

Lakin bütün bunlardan sonra baş nazirin “mitinqdə daha çox insan axını olsun” tapşırığı verməsi artıq onun tükənməsindən xəbər verən reallıqdır. Bəli, Nikol artıq nəyi necə etməyi bilmir, hətta bu gün onun yanında olmuş və hakimiyyətdə yer almayaraq, komandasını tərk edənlər var. Bütün bunlar əslində küçədən gəlmiş erməni baş nazirin uğursuzluqlarının başlanğıcıdır. Əgər belə olmasa idi, o bəlli tapşırığını da verməzdi, eyni zamanda küçələrdə olduğu kimi, sadəcə bir mitinq çağırışı edərək, gedib utopik fikirlərini erməni xalqının xam xəyallarına sırıyardı.

Bu gün Nikol, Sarkisyan hakimiyyətinin və ondan əvvəlkilərinin ölkədən çıxardıqları pulların geri qaytarılması üçün var-gəl edir, hətta bunun üçün Dünya Bankına müraciət də ünvanlayıb. Lakin ona gələn rədd cavabı get-gedə itən nüfuzuna növbəti zərbəni vurub. Üstəlik, ölkədə köhnə sistem tərəfdarları da yavaş-yavaş üzə çıxmağa başlayıblar. Onların isə arxasında məhz və məhz Kreml dayanıb. Əgər nəzərə alarsaq ki, artıq separatçılar, yəni “DQR” rejimi də ona “əlcək atıb”, demək, vəziyyət heç də onun istədiyi kimi getmir. Əksinə, vəziyyət kritikləşir, Ermənistan siyasi böhranın içində çabalayır.

Paşinyan unudub ki, artıq o küçədə deyil, kabinetdə əyləşib və dediyi hər bir söz rəsmi hesab edilə bilər

Əslində, Nikol özü, ağzından bişirib çıxarmadığı sözlərinin, ifadələrinin qurbanına çevrilib. Məsələn, deyib ki, onun rəhbərlik etdiyi iqtidar nə qərbyönümlü, nə də rusiyayönümlüdür, onun rəhbərlik etdiyi hakimiyyət erməniyönümlüymüş və s. Əlbəttə, bir ifadəylə xalq arasında nüfuz qazanmağa çalışan Paşinyan unudub ki, artıq o küçədə deyil, kabinetdə əyləşib və dediyi hər bir söz rəsmi hesab edilə bilər. Bu səbəbdən, sabah Qərb, ya da Rusiya onun bu ifadəsini üzünə vurarsa, onda anlsa da artıq gec olacaq.

Erməni politoloqundan “əks-məxməri inqilab” anonsu

Bu arada, erməni politoloqu Ayk Martirosyan ölkəsinin Birinci Kanal portalına ilginc, daha dəqiq desək, ikibaşlı açıqlama verib. “Əgər harada “məxməri inqilab” varsa, orada “əks-məxməri inqilab” da baş verə bilər” – deyə Ermənistanda baş verən daxli siyasi proseslərə münasibətini bildirən Martirosyan deyib ki, görə də rəqibi heç vaxt ucuz tutmaq olmaz: “Söhbət yalnız Köçəryan və onun komandasından deyil, axı o heç respublikaçı da deyil. Söhbət bütövlükdə destruktiv güclərdən gedir. Onlar ölkəni dağıdaraq, öz maddi mənfəətlərini güdüblər. Onlar öz aralarında müəyyən danışıqlara gedərək, yeni çevriliş edə bilərlər”.

Beləliklə, erməni politoloqu bu sözləri ilə Paşinyana eyham vuraraq, özünü bu qədər sərbəst aparmamaq tövsiyəsi verib və vəziyyətin heç da normal olmadığını deyib. Görünür, Paşinyan da öz vəziyyətinin ağırlığını dərk edərək, artıq mitinqlərinə çox insanın gəlməyəcəyinin fərqinə varıb. Ona görə də keçirdiyi iclasda “mitinqə kifayət qədər çox adamın gəlməsi lazımdır” tapşırığını verib. Lakin hər şeyə rəğmən, onun mitinqinin necə başa çatacağını da gözləməyə dəyər. Çünki bu mitinqdən sonra Ermənistanda daha ağır proseslərin gedəcəyini də proqnozlaşdırmaq mümkündür.

Rövşən RƏSULOV

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...