Ermənistan növbəti siyasi böhrana doğru

Paşinyan - siyasi simasını itirən uğursuz küçə "demokratı"

Ermənistanda gərgin olan ictimai-siyasi vəziyyət işğalçı ölkənin baş naziri Nikol Paşinyanın Brüssel səfərindən sonra daha da dərinləşib. İşğalçı ölkənin Qərbə bağladığı ümidlərinin puç olması hazırda Ermənistanda istər iqtidar, istərsə də müxalifət cəbhəsində parçalanmalar və fikir ayrılıqlarına səbəb olub.

Siyasi ekspertlər bildirirlər ki, ölkədə belə vəziyyətin baş verməsi gözləniləndir: "Çünki siyasi sahədə savdsız Nikol Paşinyan kimi küçə demokratına kim dəyər verər? Bu gün bir əldə iki qarpız tutan Nikol Paşinyan "Rusiya, yoxsa Qərb?" arasında qalaraq, növbəti savadsız siyasət yolu axtarışındadır".

Siyasi ekspert Konstantin Lyapunov isə qeyd edir ki, şantaj taktikası Paşinyanın yoludur və Rusiyanı Qərblə, Qərbi isə Rusiya ilə şantaj edir: "Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının üzvü olan ölkələr arasında bircə Ermənistan Brüsselə üz tutub. Ermənistanın baş naziri başda olmaqla, bu ölkənin bütün hökuməti Avropaya qarmaq atır. Məqsəd sadə və aydındır: pul. Amma Ermənistan hökumətinin Qərbdən pul istəməsi ucuz və hörmətsiz addım idi. Belə ki, Paşinyan vizit kartı paylamaq və pul dilənməklə özünü bir daha Brüsseldə rüsvay etdi. Avropa İttifaqından 70-80 milyon avro pul almaq məqsədi ilə özünü bir daha alçaltdı, ancaq nəticədə, əli havada qaldı. Belə biabırçılıqdan sonra reallığı gizlətmək mümkün deyil. Reallıq göz qabağındadır. Artıq Paşinyanın, nəinki Qərbin, heç Rusiyanın yanında da hörməti qalmayıb. Yaxşı olar ki, belə bir alçalmış nazir ölkəsinin iqtisadiyyatını dirçəltməklə məşğul olmaqdansa, şantaj və dilənçilik yolundan əl çəksin".

Paşinyanın puç xəyalları...

Ermənistan mətbuatı yazır ki, Paşinyan Brüsselə gedəndə, böyük xəyallarla yaşayırdı: "Deyirdi ki, əgər yerli korrupsionerlərdən birini yaxşıca silkələsək, onların cibindən bu fikirləşdiyimizdən də daha çox pul çıxacaq. Ancaq Ermənistandakı Aİ nümayəndə heyətinin rəhbəri Pyotr Svitalski isə deyib ki, Avropa İttifaqına aydın ideyalar və təkliflər lazımdır. Boş sözlər yox: "Erməni tərəfinin narazılığı varsa, bunu sənədlər və təkliflərlə təqdim etmək lazımdır. Söz yığınına ehtiyac yoxdur". Ermənistanın "168 jam" qəzeti məsələyə həsr etdiyi məqalədə "Avropanın hazırda Ermənistan vecinə deyil" deyə bildirir. Nəşr Fransada yaşayan erməni mənşəli politoloq Kays Minasyanın fikirlərinə də yer ayırıb. Onun sözlərinə görə, "məxməri inqilab"dan sonra Ermənistan özünə qarşı Qərbdən daha ciddi münasibət gözləyirdi: "Əslində, Avropanın Ermənistana dəstək verməsinə mane olan əsas səbəb işğal faktorudur. Apardığı işğalçılıq siyasəti ilə Ermənistan özünü təcrid vəziyyətinə salıb. Düşmən ölkə bu səbəbdən, uzun illərdir iqtisadi-siyasi böhran içində yaşayır. Ermənistanda daxili vəziyyət sabit deyil. İdarəçilik sistemi korrupsiyalaşıb. Fransa vətəndaşı olan erməni əsilli iş adamı Aşxen Qorçunyan da Ermənistandakı inhisarçılıqdan şikayətçidir. O, diaspor üzvlərini İrəvana yardımları dayandırmağa çağırıb. Xaricdə yaşayan ermənilərə video-müracət edən biznes-ledi bildirib ki, Ermənistanda onu müflis ediblər. Nikol Paşinyanın məqsədi xalqı aldatmaqdır. Bu baxımdan, Paşinyanın bir siyasətçi kimi məğlubiyyəti uzaqda deyil".

Armen Badalyan: "Kim deyir ki, hazırkı hakimiyyətin nüfuzu yüksəkdir?"

Erməni siyasi texnoloqu Armen Badalyan isə bildirir ki, hazırkı hökumət yalnız taktiki problemləri həll edir: "Halbuki ortada ciddi proqram fəaliyyəti yoxdur. Paşinyan iqtidarının daha ciddi proqramı olmalıdır, eləcə də, müxalifətin də proqramları ciddiliyə əsaslanmalıdır ki, onlar növbədənkənar parlament seçkilərində uğur əldə edə bilsinlər. Proqramlar isə bütün sahələri əhatə etməlidir. Eyni zamanda, Paşinyan iqtidarının yüksək reytinqə malik olmasını qəbul etmirəm". "Növbədənkənar parlament seçkilərində digər siyasi güclər iqtidarın mövcud reytinqi qarşısında problemlər yaşaya bilərmi?" sualını cavablandıran Badalyan cavab verib: "Xeyr, problem yaşamayacaq. Kim deyir ki, hazırkı hakimiyyətin nüfuzu yüksəkdir? Bugünkü hakimiyyətin nüfuzunun olmamasını Brüssel sammiti bir daha sübut etdi".

Beləliklə, Paşinyan özünün hakimiyyət ambisiyasının girovuna çevrilib. Sağlam düşüncəli insanlar hesab edirlər ki, Paşinyanın erməni və dünya ictimaiyyətini aldatmaq cəhdləri fiaskoya uğrayacaq. Bəli, Paşinyanın iddia və bəyanatları uğursuz boşboğazlıqdan başqa bir şey deyil. Bu gün N.Paşinyan ermənilərə həqiqəti deyə bilmir. O, aprel döyüşlərindən sonra qorxuya düşmüş ölkə əhalisi qarşısında Ermənistanın gücsüzlüyünü etiraf edə bilmir. Axı, Paşinyan Dağlıq Qarabağ probleminin həlli ilə bağlı küçə və meydanlarda xalq qarşısında populist vədlər verib. Beləliklə, Paşinyan artıq siyasi simasını itirən uğursuz bir siyasətçiyə çevrilib.

A.SƏMƏDOVA

Bütün xəbərlər Facebook səhifəmizdə