"Prezidentin Fransaya səfəri ölkələr arasında əlaqələrin inkişafına impuls verəcək" MÖVQE-ÖZƏL

"Azərbaycanla Fransa arasında güclü siyasi əlaqələr bütün sahələr üzrə əməkdaşlığın inkişafına müsbət təsir göstərir". Bu fikirləri SİA-ya açıqlamasında Azərbaycan-Fransa Parlamentlərarası əlaqələr üzrə işçi qrupun üzvü, Milli Məclisin deputatı Sahibə Qafarova deyib.

Dövlətimizin xarici siyasətində Fransa ilə qarşılıqlı-faydalı əməkdaşlığın xüsusi yer tutduğunu deyən işçi qrupunun üzvü söyləyib ki, Prezident İlham Əliyevin Fransaya səfəri iki ölkə arasında əlaqələrin inkişafına impuls verəcək: "Azərbaycan dövlətinin xarici siyasətində milli maraqlar və beynəlxalq hüquq normaları ilə yanaşı, sülh, sabitlik, inkişaf, qarşılıqlı faydalı əməkdaşlıq kimi meyarlar öndə dayanır. Bu amillər isə regional və qlobal inkişafa, sabitliyə, təhlükəsizliyə böyük töhfədir. Azərbaycan Prezidenti İlham Əliyevin bugünlərdə Fransaya səfəri də məhz bu baxımdan böyük əhəmiyyət daşıyır".

Azərbaycan-Fransa münasibətlərinin inkişafının bölgədə sülhün və təhlükəsizliyin təmin olunması baxımından önəm daşıdığını dilə gətirən deputat söyləyib ki, qarşılıqlı səfər və görüşlər iki ölkə arasındakı münasibətlərin inkişafına əhəmiyyətli töhfələr verir: "Xüsusilə də dövlət başçılarının görüşləri ikitərəfli münasibətlərin müzakirəsi və əməkdaşlığın dərinləşdirilməsi baxımından müstəsna əhəmiyyət kəsb edir. Bu kontekstdə Azərbaycan Prezidenti İlham Əliyevin Fransaya səfəri mühüm önəm kəsb edir. Səfər zamanı dövlət başçıları arasında keçirilən görüş və aparılan müzakirələr Azərbaycanla Fransa arasında əlaqələrin inkişafı baxımından xüsusi qeyd olunmalıdır. Eləcə də, Prezident İlham Əliyevin səfər zamanı keçirdiyi digər görüşlər və imzalanan sənədlər hər iki ölkənin gələcəkdə münasibətlərinin daha da genişlənməsinə xidmət edir".

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə