"Azərbaycan-Fransa arasında yeni əməkdaşlıq formatları yaranacaq " ŞƏRH-ÖZƏL

"Bu gün Azərbaycanla Fransa arasında həm siyasi, həm iqtisadi, həm də hərbi baxımdan sıx münasibətlər mövcuddur. Bu baxımdan Prezident İlham Əliyevin Fransaya səfəri bir neçə baxımdan mühüm əhəmiyyət kəsb edir”. Bu fikirləri SİA-ya açıqlamasında siyasi-şərhçi Arzu Nağıyev deyib.

Azərbaycan Avropanın enerji təhlükəsizliyinə qarşı təhdidin qarşısının alınmasında iştirak edən dövlət olduğunu dilə gətirən siyasi-şərhçi söyləyib ki, Fransa ilə əlaqələrinin inkişafı Azərbaycanla Aİ arasında əlaqələrin inkişafının stimullaşdırılması deməkdir: “Azərbaycan dövlətinin Fransa ilə davamlı əlaqələri olub. Fransa Azərbaycanı bir müstəqil tərəfdaş kimi qəbul edir. Bu baxımdan dövlət başçısının Fransaya səfəri Azərbaycan-Fransa və Azərbaycan-Avropa İttifaqı əlaqələrinin daha da möhkəmləndirilməsi baxımından mühüm əhəmiyyətə malikdir. Düşünürəm ki, bu səfərdən sonra iki ölkə arasında yeni əməkdaşlıq formatları yaranacaq”.

A. Nağıyev qeyd edib ki, Fransada böyük erməni lobbisi fəaliyyət göstərir: “Hesab edirəm ki, Azərbaycan Prezidentinin son Fransa səfəri bunun qarşısının alınması istiqamətində öz töhfələrini verəcək. Bildiyiniz kimi birbaşa təmas bir sıra məsələlərin həllində önəmli faktordur. Azərbaycan Prezidenti İlham Əliyevlə fransalı həmkarı arasında şəxsi münasibətlərin pozitiv məcrada dərinləşməsini nəzərə alsaq deyə bilərik ki, səfər həm erməni lobbisi ilə bağlı məsələlərin diqqət mərkəzində saxlanması, həm də ATƏT-in Minsk qrupu həmsədri olan Fransanın Dağlıq Qarabağ münaqişəsinə dair münasibətinə müsbət mənada təsirsiz ötüşməyəcək”.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə