Elxan Şahinoğlu: “Azərbaycan Fransa ilə əməkdaşlığı genişləndirməlidir" ÖZƏL-ŞƏRH

“Azərbaycan Prezidenti İlham Əliyevin Fransaya səfəri və keçirdiyi görüşlər əhəmiyyətli idi”. Bunu SİA-ya açıqlamasında politoloq Elxan Şahinoğlu deyib.

Onun sözlərinə görə, birincisi, Avropa dövlətləri arasında Cənubi Qafqaza maraq göstərən başlıca dövlətlərdən biri məhz Fransadır: “Fransanın prezidentləri dəfələrlə Cənubi Qafqaz ölkələrinə səfər ediblər. Bu ondan xəbər verir ki, Fransanın Cənubi Qafqazda maraqları var.

İkincisi, Fransa ATƏT-in Minsk Qrupunun həmsədridir. Fransa həmsədrlikdə bütün Avropanı təmsil edir. Doğrudur, Fransa parlamentində erməni lobbisinin xeyrinə qəbul edilən sənədlər var və bu haqlı Azərbaycan cəmiyyətinin xoşuna gəlmir. Buna baxmayaraq, Azərbaycan erməni lobbisinin güclü olduğu Fransa ilə əməkdaşlığı genişləndirməlidir. Tam əksinə iki ölkə arasında əməkdaşlığın genişləndirilməsinə çalışmaq lazımdır. Məsələn, Prezident İlham Əliyevin Parisdə görüşləri də bundan xəbər verir.

Üçüncüsü, cənab İlham Əliyev “Total” neft şirkətinin rəhbəri ilə görüşdü. “Total” dünyanın nəhəng neft şirkətlərindən biridir və Azərbaycanın enerji yataqlarının işlənməsində iştirak edir, yeni yataqlara maraq göstərir. Bu şirkət Azərbaycana yeni investisiyalar düşünür. Bu hər iki tərəfə xeyirlidir. Fransanın qeyri-neft sektorunda yer alan şirkətlər də Azərbaycana maraq göstərir, ölkəmizdə fabrik və zavodların inşaasında iştirak edib qazanca əldə etmək istəyirlər.

Dördüncüsü, Prezidenti İlham Əliyev Parisdə Fransanın hərbi sənaye kompleksinə aid şirkətlərinin (“Naval Group”, CİFAL, “Thales İnternational”) prezidentləri ilə görüşdü. Həmin şirkətlər Azərbaycanla hərbi sahədə əməkdaşlıq etmək istəyirlər. Bu şirkətlər sentyabr ayında Bakıda ADEX sərgisində də iştirak edəcəklər. Mümkündür ki, yaxın illərdə həmin şirkətlər Azərbaycana modern hərbi texnika da satsınlar. Həmin şirkətlər bunda maraqlıdırlar. Çünki bu sazişlər həmin şirkətlərə milyardlarla dollar qazanc gətirə bilər. Əlbəttə, bu amil Ermənistan hakimiyyətinin və erməni lobbisinin xoşuna gəlməyəcək və onlar böyük ehtimalla buna qarşı çıxacaqlar. Ancaq Fransa şirkətləri gəlir və münbit bazarlar haqqında düşünürlər. Azərbaycanla əməkdaşlıq isə həmin şirkətlər üçün faydalıdır. Bütün hallarda yaxın müddətdə Azərbaycan Avropanın Cənubi qafqaz üçün qeyri-rəsmi tətbiq etdiyi embarqonu yaracaq. Bu ilk olaraq Fransa da ola bilər, başqa dövlət də. Məsələn, İtaliya prezidenti də Bakıda hərbi əməkdaşlıqdan danışdı”.

E.Şahinoğlu əlavə edib ki, Azərbaycan Prezidenti İtaliya və Fransa prezidentlərinin ardından gələcək ay Almaniya kansleri Angella Merkellə də görüşəcək: “Almaniya kansleri Cənubi Qafqaza, o cümlədən Azərbaycana gələcək. Beləliklə, cəmi bir ay ərzində Azərbaycan Prezidenti Avropanın 3 aparıcı dövlətinin rəhbəri ilə bir araya gəlib və gələcək. Bu isə ondan xəbər verir ki, Azərbaycan Avropa ilə əməkdaşlığa önəm verdiyi kimi köhnə qitənin aparıcı dövlətləri də Azərbaycanla əməkdaşlığın bütün tərəflərə yaxşı perspektiv vəd etdiyinə inanırlar”.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə