Panik kəndindəki panika Ermənistan hakimiyyətinə təsirsiz ötüşməyəcək

Analitik-icmalçı Ehtiram Aşırlı Ermənistanın Baş naziri Nikol Paşinyanın Rusiya hərbçiləri ilə insidentlə bağlı məsələyə münasibət bildirməsinişərh edib. Ekspert vurğulayıb ki, Ermənistanın Baş naziri Nikol Paşinyan iyulun 19-da hökumətin növbəti iclasında Şirak vilayətinin Panik kəndində Rusiya hərbçiləri ilə insidentlə bağlı məsələyə münasibət bildirərək qeyd edib: “Mən bunu açıq şəkildə ifadə etmək istəyirəm ki, bu, qəbuledilməz bir hadisədir və bunu Ermənistan-Rusiya dostluq münasibətlərinə, həmçinin Ermənistanın suverenliyinə qarşı təxribat hesab edirəm”.

Baş nazir deyib ki, günahkar şəxslər aşkarlanmalı və məsuliyyətə cəlb olunmalıdır.

N.Paşinyanın bu açıqlamasına cavab olaraq, Ermənistanın parlamentinin xarici əlaqələr daimi komitəsinin sədri Armen Aşotyan Ermənistan-Rusiya münasibətlərinin strateji tərəfdaşlığına uyğun olmayan bu cür açıqlamanın Baş nazirin dilindən səsləndirilməsini son dərəcə təhlükəli olduğunu bildirib.

“Əlbəttə ki, Ermənistanın suverenliyinə qarşı hər hansı təcavüz qəbuledilməzdir. Lakin bu hadisə belə deyil. Təlimlərlə əlaqədar baş vermiş insidentə görə Rusiya hərbçilərinin üzr istəməsini qəbul edib, ictimaiyyət tərəfindən müzakirəsini dünən bitirib gələcəkdə belə hadisələrin olmayacağını nəzərə alaraq bundan sonrakı prosesləri normal qaydada davam etdirmək olardı”, - deyə Armen Aşotyan “Facebook” səhifəsində yazıb.

“Rusiya hərbi bazasının nümayəndələrinin üzr istəməsindən sonra dünən hökumətin iclasında Nikol Paşinyanın da kəskin reaksiya verməsi anlaşılan deyil. Bu məsələdə bəzi Rusiya mətbuatının və ekspertlərinin tələsik qiymətləndirmələrini xoşagəlməz və əsassız hesab edirəm. Bu təhlükəli prosesi diplomatik yolla təcili dondurmaq lazımdır”, - deyə A.Aşotyan bildirib.

Görünən odur ki, Panik kəndində baş vermiş hadisə hakimiyyət daxilində panikaya səbəb olub. Belə ki, Baş nazirin açıqlamasından dərhal sonra digər hakimiyyət nümayəndəsi Armen Aşotyanın, Paşinyanın açıqlamasını uğursuz bir açıqlama olduğunu bildirməsi hakimiyyət daxili çəkişmənin olduğunu bir daha göstərir. Bu hadisə bizə deməyə əsas verir ki, yaxın vaxtlarda hakimiyyət daxilindəki çəkişmə Paşinyanın başağrısına səbəb olacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə