Qabil Hüseynli: “Prezidentin Fransaya səfəri çox əhəmiyyətlidir" ÖZƏL

“Fransa prezidenti Emmanuel Makronun son bəyanatı ümidvericidir. Fransa dövləti ermənipərəst mövqeyindən imtina edib”. Bunu SİA-ya açıqlamasında politoloq Qabil Hüseynli deyib.

Onun sözlərinə görə, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Fransaya səfəri çox əhəmiyyətlidir: “Çünki son dövrlərdə dövlət başçısının bir sıra səfərləri - Brüsselə, Belçikaya, Avropa İttifaqının və NATO-nun Zirvə toplantısına qatılması, İtaliya prezidentinin Azərbaycana səfəri, indi isə Parisdə Fransa prezidenti ilə görüşləri bütövlükdə Azərbaycanın qərbyönümlü siyasətində keyfiyyət dəyişikliyinə xidmət etməlidir. NATO-nun Zirvə sammitində Azərbaycanın ərazi bütövlüyü artıq bir neçə dəfədir ki, bəyanatlarında təsdiq olunur. Avropa Birliyi Azərbaycanın ərazi bütövlüyün tanıdığını bəyan edir. İtaliya bu məsələdə beynəlxalq hüquq normalarına uyğun hərəkət edəcəyini və Azərbaycanın ərazi bütövlüyünü tanıyacağını bəyan edib. Fransa dövlətində də son danışıqlar zamanı ciddi mövqe dəyişikliyini hiss etdik.

Fransa prezidenti Emmanuel Makronun özü də əvvəlki Fransa prezidentlərindən fərqli olaraq beynəlxalq münasibətlərdə obyektivlik təsiri bağışlayır. O yeni bir siyasi xəttin tərəfdarı kimi görünür. Cənab İlham Əliyevin Fransaya səfəri də bütövlükdə avropayönümlü siyasətin ciddi nəticələri barədə təəssürat yaradacaq”.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə