"MDB ölkələrinin daxili işlər nazirlərinin görüşündə qlobal xarakterli mesajlar verildi" AÇIQLAMA-ÖZƏL

“Birinci vitse-prezident Mehriban xanım Əliyeva MDB Daxili İşlər Nazirlərinin rəhbərlərini qəbul edərkən bir çox mühüm istiqamətlərə diqqət çəkdi və bu sahələrdə MDB məkanında hüquq mühafizə orqanlarının əməkdaşlığının vacibliyini vurğuladı”. Bu fikirləri SİA-ya açıqlamasında siyasi-şərhçi Elçin Mirzəbəyli deyib.

Onun sözlərinə görə, görüş zamanı toxunulan əsas məsələlərə Azərbaycanın işğal olunmuş ərazilərimizdə narkotik qaçaqmalçılığının, narkotiklərin becərilməsi, digər tərəfdən Dağlıq Qarabağ və ətraf rayonlarında qeyri-qanunu fəaliyyət göstərən şirkətlərə qarşı mübarizənin vahid mərkəzdən aparılması və yürüdülməsi daxildir:

“Çünki beynəlxalq hüququn prinsipləri hər kəs üçün önəm daşımalıdır. Bu, konkret olaraq Azərbaycanla müttəfiq olan ölkələrə aid deyil. Əgər söhbət çoxtərəfli əməkdaşlıqdan, MDB məkanının təhlükəsizliyindən gedirsə, o zaman işğal altında olan Azərbaycan ərazilərində nə MDB-dən kənar ölkələrin şirkətləri, nə də MDB üzvü olan ölkələrin üzvləri fəaliyyət göstərməli deyillər. Bu ilk növbədə beynəlxalq hüququn prinsiplərinə, digər tərəfdən də MDB məkanında inteqrasiyaya mane olan ciddi amillərdir. Görüş zamanı Birinci vitse-prezident tərəfindən bu mesajların verilməsi hesab edirəm ki, ciddi xarakter daşıyır”.

E.Mirzəbəyli söyləyib ki, digər xüsusi amil MDB məkanında təhlükəsizliyin, sabitliyin təmin olunması və qorunması ilə bağlı faktordur: “Sabitlik və təhlükəsizlik anlayışları kompleks anlayışlardır. Mehriban xanım Əliyevanın görüşdə qeyd etdiyi məsələlər də daxil olmaqla, digər amillər aqressiv separatizmə qarşı mübarizə faktorları da burada yer alır. Terrorizmi, separatizmi burada stimullaşdıran qüvvələr təkcə bunun üçün konkret dövlətə və yaxud regiona problem yaratmır, qlobal miqyasda bu bəlanın, problemin dirçəlməsinə zəmin yaradırlar ki, heç bir ölkə o cümlədən də böyük dövlətlər bu problemdən özünü tam sığortalamaq imkanına malik deyil. Bu aspektdən Birinci vitse-prezident Mehriban xanım Əliyevanın MDB ölkələrinin daxili işlər nazirlərinin görüşündə verdiyi mesajlar kifayət qədər önəmli idi və qlobal xarakter daşıyırdı”.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə