Deputat: "Mehriban xanım Əliyevanın MDB DİN rəhbərləri ilə görüşü çox əhəmiyyətli idi” ŞƏRH-ÖZƏL

“Ötən gün Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın MDB Daxili İşlər Nazirlərinin rəhbərləri ilə görüşü bir sıra məsələlər baxımından çox əhəmiyyətli idi”. Bu fikirləri SİA-ya açıqlamasında Milli Məclisin deputatı Elman Məmmədov deyib.

Deputat bildirib ki, Birinci vitse-prezident görüş zamanı Azərbaycanı narahat edən, maraqlarımızı müdafiə edən bir neçə vacib məsələyə toxunub: “Görüş zamanı humanitar, siyasi, iqtisadi, cinayətkarlıq, terror, regionda təhlükəsizliyin, sülhün təmin olunması üçün Ermənistanın işğalçılığına son qoyulması məsələlərinə toxunularaq vurğulandı ki, beynəlxalq terrorizmlə mübarizədə əməkdaşlıq çox vacibdir. Dövlətlərin, millətlərin, insanların təhlükəsizliyinin təmin olunması, transmilli cinayətkarlığın, beynəlxalq terrorizmin qarşısının alınması üçün MDB dövlətlərinin hüquq mühafizə orqanlarının əməkdaşlığı çox vacibdir”.

Görüşdə “İnterpol” rəsmisinin iştirakı etdiyini xatırladan E.Məmmədov söyləyib ki, Mehriban xanım Əliyeva mühüm məqama toxunaraq hazırda işğal altında ərazilərimizdə qeyri-qanunu fəaliyyət göstərən bir sıra xarici hüquqi və fiziki şəxslərin olduğunu, eləcə də həmin ərazilərə səfərlərin keçirildiyini qeyd etdi: “Birinci vitse-prezident bəyan etdi ki, bu addımlar ölkəmizin ərazi bütövlüyünə edilən hörmətsizlik, Azərbaycan qanunlarının kobud sürətdə pozulmasıdır. 177 xarici hüquqi şəxslərin Dağlıq Qarabağ və ətraf rayonlarda ölkəmizin razılığı olmadan fəaliyyəti cinayətdir və bu baxımdan Mehriban Xanım Əliyeva məsələ ilə əlaqədar “İnterpol” rəsmisinə müraciət edərək bunun qarşısının alınması istiqamətində addımlar atılacağını diqqətə çatdırdı. “İnterpol” beynəlxalq qurum olaraq bunların qarşısının alınmasında səlahiyyətlidir”.

Deputat qeyd edib ki, görüş zamanı həmçinin regionda sülhün, əmin-amanlığın mövcud olması üçün qarşılıqlı əməkdaşlığın, tərəfdaşlığın birgə fəaliyyət göstərmənin vacibliyi xüsusi vurğulanıb: “Birinci vitse-prezident xüsusi qeyd etdi ki, MDB-yə üzv olan ölkələrin hamısı birmənalı olaraq Dağlıq Qarabağın Azərbaycan əraziləri olduğunu və münaqişənin ərazi bütövlüyü çərçivəsində həllinə tərəfdardır. Bildirildi ki, Azərbaycan işğala son qoyulması üçün əlindən gələni edir. Bütün bu məsələlərə nəzərə yetirdikdə deyə bilərik ki, görüş Azərbaycan üçün çox əhəmiyyətli, vacib idi”.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə