Beynəlxaq Media Forumu keçirilib YENİLƏNİB-FOTOLAR - SƏS TV

Bu gün Bakıda Azərbaycan Xalq Cümhuriyyətinin 100-cü ildönümü və Azərbaycan milli mətbuatının yaranmasının 143 illiyi münasibətilə Türkiyə Səfirliyinin Mədəniyyət və Tanıtma Müşavirliyinin dəstəyi, Anadolu Yayımçılar Dərnəyi, “Yeni Çağ” Media Qrupu, Azərbaycan Türkiyə Evi, İƏT-ə Üzv Dövlətlərin Jurnalistlər Assosasiyası, Mətbuat Şurasının birgə təşkilatçılığı ilə Beynəlxaq Media Forumu öz işinə başlayıb. SİA-nın xəbərinə görə, tədbirə Türkiyə, Avropa və Azərbaycandan millət vəkilləri, jurnalistlər, köşə yazarları və QHT sədrləri iştirak edir. Türkiyədən qırx nüfuzlu televiziya, qəzet və internet media təmsilçisi də bu Forumda iştirak üçün paytaxtımıza gəliblər. Ötən gün forumun iştirakçı heyətini Azərbaycan Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov qəbul edib.

Azərbaycan Respublikası Prezident Administrasiyasının səlahiyyətli nümayəndəsinin, Türkiyənin ölkəmizdəki səfiri Erkan Özoralın, Mətbuat Şurasının sədri Əflatun Amaşovun, Avrasiya Jurnalistlər Dərnəyinin qurucu sədri Murat Palavar və digər nüfuzlu qonaqların açılışında iştirak etdiyi Beynəlxalq Media Forumunda Türkiyə-Azərbaycan strateji əməkdaşlığının media sferası barədə də geniş müzakirələr aparılır.

Forumda iştirak edən Azərbaycan Respublikası Prezidenti Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin əməkdaşı Bəhruz Həsənov tədbirin keçirilməsində əsas məqsədin iki ölkə arasında media əlaqələrinin qurulması olduğunu bildirib: “Ümummilli lider Heydər Əliyevin də dediyi kimi, biz bir millət, iki dövlətik. Bu, bizim münasibətləri özündə əks etdirən ən böyük şüardır. İndi bütün sahələrdə Azərbaycan və Türkiyə bir-birini dəstəkləyir. Bu tarixi bir zərurətdir. Azərbaycan və Türkiyə arasında media əməkdaşlığı daha da dərinləşir. Bu çox vacibdir. Təbii ki, media yenilənir, kosmik bir çağda yaşayır. Onlayn media trenddir. Bu baxımdan sosial medianı xüsusi ilə qeyd etməliyəm. Mütəmadi olaraq düşmənlərimiz sosial şəbəkələr vasitəsi ilə bizlərə qarşı müxtəlif kampaniyalar aparırlar. Məsələ ilə bağlı saatlarla danışmaq olar. Son olaraq onu da qeyd edim ki, bu forumun keçirilməsi çox böyük hadisədir. Bu, bir ilkdir. İnanıram ki, bu səfərlər qarşılıqlı olacaq”.

Türkiyənin ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Erkan Özoral Azərbaycan və Türkiyə dövlətləri arasında qurulan münasibətlərdən söz açıb: “Bu forumda çıxış etdiyim üçün qürur duyuram. Sizlər Azərbaycanın bu gününü Türkiyəyə, Türkiyənin bu gününü Azərbaycana çatdıracaqsınız. Eyni dildə danışan kifayət qədər ölkələr var. Amma heç biri bizim kimi bir millət, iki dövlət deyil. Azərbaycan Cümhuriyyətini elan edən o müqəddəs şəxslər 23 aydan sonra Türkiyəyə mühacirət etmişdilər. Cümhuriyyət dönəmində bir çox gənc təhsil almaq üçün Türkiyəyə üz tutdu. Həmin gənclər daha sonra Türkiyə Cümhuriyyətinin qurulmasında önəmli rol oynayıblar. Bolşevik işğalı zamanı da əlaqələrimiz kəsilməyib. Qurtuluş savaşı zamanı da Azərbaycan Türkiyəyə böyük dəstək verib. Bu, çox bilinməyən bir gerçəkdir. Soyuq müharibə illərində bizim bir millət, iki dövlət olduğumuzu unutdurmağa çalışsalar da, bunu bacarmadılar. Düşmən heç vaxt “azərisən, yoxsa türk?” deyə soruşmaz. Düşmən bizim kim olduğumuzu çox yaxşı bilir”.

Mətbuat Şurasının sədri, millət vəkili Əflatun Amaşov Türkiyə-Azərbaycan arasında heç bir zaman anlaşılmazlıq ola bilməyəcəyini bildirib: “Tarix boyu davam edən qardaşlıq, dostluq iki ölkə arasındakı münasibətləri o səviyyəyə çatdırıb ki, burada əlavə sözə ehtiyac yoxdur. Şərqdə ilk demokratik cümhuriyyət, parlament qurduğumuz, qadınlarımıza ilk seçim haqqı verdiyimiz üçün qürur duyuruq. Türkiyə bütün hadisələrdə Azərbaycanın yanında olduğu kimi, Azərbaycan da 15 iyul hadisələri zamanı Türkiyəyə dəstək olub. Sabah Azərbaycan mətbuatının 143-cü il dönümü qeyd edilir. Ümumiyyətlə iki cəmiyyət və media arasındakı münasibətlərin təməli möhkəmdir. Ötən gün Azərbaycan Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov öz çıxışında da bunu vurğuladı. Hətta 1841-ci ildə Şərqin böyük filosofu M.F.Axundov nəşriyyat və həmin mətbəədə qəzetlərin çapını gündəmə gətirərkən ilk olaraq Türkiyəyə yollandı. Düzdü, nəticələr olmadı, amma bu cəhdləri unutmaq olmaz”.

Beynəlxalq Media Forumunun panellərində “Akşam” qəzetindən Emin Pazarcı, “Kanal 7″dən Mehmet Acet, İbrahim Erdoğan, “İnternet Haber”dən Hadi Özışık, “Hürriyət” qəzetindən Deniz Zeyrek, “Akit” qəzetindən Hacı Yakışıklı, “Ülkə TV”-dən Hasan Öztürk, “Kanal 24″dən Melik Yiğitel, “Milad” qəzetindən Bayram Zilan, Makedoniyadan Seyhan Yakupi və Azərbaycandan millət vəkili Hikmət Babaoğlu ilə araşdırmacı-yazar Aqil Ələsgər çıxış edəcəklər.

Qeyd edək ki, Beynəlxalq Media Forumunun Azərbaycan proqramı 20-22 iyul tarixlərini əhatə edəcək.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə