Bəhruz Quliyev: "Birinci vitse-prezident Mehriban Əliyeva MDB DİN rəhbərlərinə sabit və inkişaf edən Azərbaycanın həqiqətlərini çatdırdı"

"Azərbaycanda olan sabitlik eyni zamanda ölkəmizin inkişaf və tərəqqisi istiqamətində əhəmiyyətli rol oynayıb". SİA-nın xəbərinə görə, bunu Trend-ə açıqlamasında “SƏS” qəzetinin baş redaktoru, ekspert Bəhruz Quliyev Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın Müstəqil Dövlətlər Birliyi (MDB) ölkələrinin Daxili İşlər Nazirləri Şurasının Bakıda keçirilən iclasının iştirakçıları ilə görüşündəki çıxışını şərh edərkən deyib.

Onun sözlərinə görə, Azərbaycan faktiki olaraq, Ermənistanla müharibə şəraitində olmasına rəğmən, bütün sahələrdə nailiyyətlər əldə edib və bu reallıq ölkəmizin dünya birliyində tutduğu nüfuzlu mövqeyindən də görünməkdə, qəbul edilməkdədir:

“Məhz bu baxımdan Birinci vitse-prezident Mehriban xanım Əliyevanın görüşdə çıxışı iştirakçılar arasında çox yüksək dəyərləndirildi. Belə ki, Mehriban Əliyevanın torpaqlarımızın 20 faizinin işğala məruz qalması faktına toxunması və ölkəmizin həmin ərazilərdəki sərvətlərdən yararlana bilməməsi barədə irəli sürdüyü fikirləri sübut etdi ki, əgər işğal faktoru olmasaydı, Azərbaycan daha nəhəng uğurlara imza atmaq şansını əldə edə bilərdi. O da sirr deyil ki, işğal altında qalmış ərazilərimizdə çox əhəmiyyətli təbii ehtiyatlarımız, sərvətlərimiz mövcuddur. Eyni zamanda Qarabağ ərazisində əsrarəngiz təbiətin, qoruqların olması bu bölgədə turizmin inkişafı üçün çox münbit şərait yaradır. Lakin Ermənistanın Azərbaycana qarşı yürütdüyü işğalçılıq siyasəti həmin bölgələrimizin inkişaf etmək imkanlarını məhdudlaşdırır".

“Mehriban xanım Əliyeva qeyd edilən fikirləri əsas gətirərək, ölkəmizin müharibə şəraitində olmasına baxmayaraq, tərəqqisi barədə danışarkən bütün bunların sabitlik nəticəsində əldə edildiyini xüsusilə vurğulayıb”, - deyə qeyd edən B.Quliyev bildirib ki, artıq dünya ictimaiyyəti Azərbaycanın haqq və ədalət çağırışlarına etinasız qalmır:

“Bakıda keçirilən bu tədbir də həmin məsələləri özündə kifayət qədər ehtiva etməkdədir. Həmçinin yalnız bu tədbirin deyil, eləcə də digər böyük beynəlxalq tədbirlərin paytaxtımızda keçirilməsi sübut edir ki, sabitlik və inkişaf yolunu tutmuş Azərbaycan dövlətinin qarşısında daha nəhəng uğurları əldə etmək məqsədi var. Söz yox ki, Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva da öz fikirlərində tədbir iştirakçılarına sabit və inkişaf edən Azərbaycan həqiqətlərini çatdırıb”.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...