"Əkinçi"dən başlanan yol bugünkü uğurlarımızın bələdçisidir MÜSAHİBƏ

Müsahibimiz YAP Siyasi Şurasının üzvü, "İki sahil" qəzetinin Baş redaktoru, Əməkdar jurnalist Vüqar Rəhimzadədir

- Vüqar müəllim, milli mətbuatımızın yaranmasının 143-cü ildönümü ərəfəsindəyik. Arxada qalan hər il bu zənginliyə yeni əlavələr edir. Bir əsr yarıma yaxın olanbu dövrü necə xarakterizə edərdiniz?

- Öncə, milli mətbuatımızın 143-cü ildönümü münasibətilə bütün həmkarlarımı təbrik edir, onlara yeni-yeni yaradıcılıq uğurları, dövlətçiliyimizin möhkəmləndirilməsinə davamlı töhfələr verməyi arzulayıram. Milli mətbuatımızın "Əkinçi"dən bu günə qədər keçdiyi yol keşməkeşli və şərəflidir. 143 illik tarixi 4 mərhələyə bölmək olar: "Əkinçi" qəzetindən Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasına qədər olan dövr, Cümhuriyyət dövrü, sovet dövrü və müstəqillik dövrü.

2018-ci ilin dövlətimizin başçısı İlham Əliyevin Sərəncamı ilə "Azərbaycan Xalq Cümhuriyyəti İli" elan olunması Azərbaycanın müstəqillik tarixinin ayrı-ayrı dövrlərinin təhlilini bir zərurət kimi ortaya qoyduğundan mətbuatımızın da, məhz bu mərhələsinə diqqət yönəltmək istərdim. Bütün dövrlərdə mətbuat həqiqət carçısı kimi çıxış etmiş, dövrün reallıqlarının ictimaiyyətə dolğun şəkildə çatdırılmasına səy göstərmişdir. Möhtərəm Prezidentimiz İlham Əliyevin məlum Sərəncamında da qeyd olunduğu kimi, qədim və zəngin dövlətçilik ənənələrinə malik Azərbaycan xalqı keçmişinin müəyyən dövrlərində tarixin hökmü ilə böyük imperiyaların tərkibinə qatılmaq məcburiyyətində qalmışdır. Azərbaycan Xalq Cümhuriyyəti, məhz dünyanın siyasi nizamının yenidən qurulduğu bir vaxtda, XIX əsrin axırları və XX əsrin əvvəllərində Azərbaycanın yaşadığı parlaq mədəni yüksəliş mərhələsinin məntiqi yekunu kimi meydana çıxmışdır. XIX əsrin birinci yarısından etibarən maarifçilik ideyalarının yayılması ilə Azərbaycanda baş vermiş köklü ictimai-siyasi və mədəni dəyişikliklər yeni tipli teatrın, məktəbin və mətbuatın yaranmasını təmin etməklə milli özünüdərkin gerçəkləşməsi üçün zəmin hazırladı. Abbasqulu ağa Bakıxanov və Mirzə Fətəli Axundzadə ilə başlayan bu yolu yeni tarixi mərhələdə Həsən bəy Zərdabi, Cəlil Məmmədquluzadə, Mirzə Ələkbər Sabir, Əli bəy Hüseynzadə və digər görkəmli şəxsiyyətlər davam etdirərək, milli məfkurənin təşəkkülü və inkişafına mühüm təsir göstərirdilər. Həmin dövrdə güclü sahibkarlar təbəqəsinin formalaşdığı neft şəhəri Bakı, eyni zamanda, milli ruhlu ziyalılar nəslinin yetişdiyi ictimai-siyasi fikir mərkəzinə çevrilmişdi. Rusiyanın Dövlət Dumasına və Müəssislər Məclisinə seçilmiş azərbaycanlılar müstəmləkədən azad və demokratik dövlət sistemi yaratmağa hazır idilər.

1918-ci il may ayının 28-də yaranan Azərbaycan Xalq Cümhuriyyəti 23 ay yaşamasına baxmayaraq, üzərinə götürdüyü çətin tarixi vəzifəni imkanlarının ən son həddində çalışaraq, şərəflə yerinə yetirdi. Bu dövrün reallıqları mətbuat səhifələrində işıqlandırıldı və cəmiyyətin informasiya tələbatının ödənilməsi üçün mühüm addımlar atıldı. 1991-ci ildə Azərbaycanın dövlət müstəqilliyini yenidən bərpa etməsindən sonrakı dövrdə, daha dəqiq desək, Ulu Öndər Heydər Əliyevin xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından sonra, digər sahələr kimi, Azərbaycan mətbuatının inkişafında da keyfiyyətcə yeni mərhələ başlandı. Həmin dövrdən etibarən azad, müstəqil mətbuatın inkişafı istiqamətində davamlı addımlar atıldı, inkişafa mane olan süni maneələr aradan qaldırıldı, qanunvericilik bazası formalaşdırıldı və KİV-lərin maddi-texniki bazasının yaxşılaşdırılması yönümündə mühüm tədbirlər həyata keçirildi.

- 1993-2003-cü illəri əhatə edən dövrün ən mühüm addımı mətbuatın üzərindən senzuranın götürülməsi idi. Bu addım azad mətbuatın inkişafının dövlətin həyata keçirdiyi humanizm siyasətinin əsasını təşkil etdiyini bir daha nümayiş etdirdi...

- Yarandığı gündən demokratik-hüquqi və dünyəvi dövlət quruculuğu yolunu tutan müasir müstəqil Azərbaycan Respublikasının bu istiqamətdə qazandığı uğurların miqyası genişdir. Ümummilli Lider Heydər Əliyev demokratik cəmiyyətin varlığını təsdiqləyən bütün atributların ölkəmizdə bərqərar olmasını fəaliyyətinin əsası kimi qəbul edərək, insan hüquq və azadlıqlarının qorunması, cəmiyyətin informasiya tələbatının ödənilməsi kimi məsələləri öndə saxlayırdı. 1995-ci il noyabrın 12-də Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə yaradılan komissiya tərəfindən işlənib-hazırlanan və ümumxalq səsverməsi yolu ilə qəbul olunan Milli Konstitusiyamızda demokratik cəmiyyətin varlığını şərtləndirən bütün sahərin inkişafına xidmət edən müddəalar öz əksini tapıb. Eyni zamanda, hər sahənin, ümumilikdə isə, ölkənin hərtərəfli inkişafına xidmət edənqanunların qəbulu və zamanın tələbinə uyğün olaraq təkmilləşdirilməsi də daim diqqətdə saxlanılmışdır.

Əvvəldə də qeyd etdiyim kimi, dahi şəxsiyyət Heydər Əliyevin müstəqil mətbuatın inkişafında xidmətlərindən bəhs edərkən. ilk olaraq, Ulu Öndərin 6 avqust 1998-ci il tarixli "Azərbaycan Respublikasında söz, fikir və mətbuat azadlığının təmir edilməsi sahəsində tədbirlər haqqında" Fərmanı ilə mətbuatın üzərindən senzuranın götürülməsi qeyd edilir. Təbii ki, senzuranın mövcudluğu şəraitində mətbuatın müstəqilliyindən danışmaq qeyri-mümkün idi.Bu qətiyyətli addım yeni müstəqil medianın fəaliyyəti üçün geniş imkanlar açdı. Cəmiyyətin güzgüsü kimi dəyərləndirilən mətbuatın inkişafına xüsusi önəm verən, jurnalist əməyini daim yüksək dəyərləndirən Ulu Öndər Heydər Əliyevin sonrakı dövrlərdə imzaladığı fərman və sərəncamlara, qəbul olunan qanunlara diqqət yetirsək, hər biri özlüyündə gələcək inkişafa xidmət edən addım idi. Qəzetlərə birdəfəlik maliyy? yardımlar? verildi, KİV-lərin maddi-texniki şəraitinin yaxşılaşdırılması üçün Tədbirlər Proqramı təsdiqləndi, həmçinin, "Kütləvi İnformasiya Vasitələri haqqında", "Məlumat azadlığı haqqında" qanunlar qəbul olundu. Ümummilli Liderin humanist addımlarından biri də qəzetlərin "Azərbaycan" nəşriyyatına borclarının dondurulması idi. Dahi şəxsiyyət Heydər Əliyevin hər addımında azad mətbuatın inkişafına verilən önəm diqqəti, xüsusilə cəlb edir. Milli mətbuatımızın yubileylərinin keçirilməsi, qəzet redaktorları ilə mütəmadi görüşlərin keçirilməsi, onları narahat edən məsələlərlə yaxından tanış olub, aidiyyəti qurumlara göstərişlər verilməsi də həmin dövrün mühüm addımları sırasındadır. Ümummilli Liderimiz jurnalist əməyini belə dəyərləndirirdi: "Jurnalist əməyi qeyri-adi əməkdir. Böyük səy, zəhmət, cəsurluq, hünər, fədakarlıq və öz peşəsinə vurğunluq tələb edən əməkdir".

Təbii ki, Azərbaycan tarixinə dirçəliş və inkişaf dövrü kimi yazılan 1993-2003-cü illəri əhatə edən bu mərhələdə atılan addımları və onların uğurlu nəticələrini bir sual çərçivəsində əhatə etmək mümkünsüzdür. Qısa xronologiya mətbuatın keçdiyi inkişaf yolunun aydın mənzərəsini yaradır. Bu dövrün mühüm uğurlarından biri də 2003-cü ilin martında mətbuatda özünütənzimləmə funksiyasını həyata keçirmək məqsədilə Mətbuat Şurasının yaradılması oldu.

Məlumdur ki, hər bir cəmiyyətdə uğurlara yol açan mühüm amillərdən biri də mövcud problemləri, qüsurları görmək və onların həlli üçün ciddi səylər göstərməkdir. Ümummilli Lider Heydər Əliyev jurnalistləri obyektiv olmağa çağıraraq bildirirdi: "Mətbuat azadlığından, söz azadlığından sui-istifadə edib, xüsusən, iqtidara qarşı cürbəcür böhtan, yalan yazanlar və uydurmalar yayanlar cinayət edirlər." Ulu Öndərin diqqət və qayğısından irəli gələn bu kimi addımlar məsuliyyət hissinin və peşəkarlığın artırılmasını bir tələbə çevirmişdir. Şübhəsiz ki, cəmiyyətin güzgüsü missiyasını dolğun şəkildə yerinə yetirmək hər bir media nümayəndəsindən güclü vətənpərvərlik hissinə sahib olmağı tələb edir. Ümummilli Lider Heydər Əliyevin 2002-ci ildə "Jurnalistlərin dostu" mükafatına layiq görülməsi 1993-cü ildən başlanan inkişaf yolumuzda mətbuata göstərdiyi diqqət və qayğıya verilən dəyərdir.

- Vüqar müəllim, müstəqillik tariximizin 2003-cü ildən sonrakı dövründə mətbuatımızın keçdiyi yolu necə dəyərləndirirsiniz?

- Son 15 ildə Ulu Öndər Heydər Əliyevin siyasətinin Möhtərəm Prezidentimiz İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi, digər sahələr kimi, müstəqil mətbuatın inkişafında da aydın görünür. Mətbuatın maddi-texniki bazasının möhkəmləndirilməsi, jurnalist peşəkarlığının və məsuliyyətinin artırılması istiqamətində həyata keçirilən tədbirlər, KİV-lərə birdəfəlik maddi yardımların verilməsi və s. kimi addımlar fikrimizə əyani sübutdur. Bu baxımdan, bu günlərdə Cənab İlham Əliyevin ölkədə nəşr olunan qəzetlərə maliyyə yardımının ayrılması haqqında Sərəncamını xüsusi qeyd etmək istərdim. Sənədə əsasən, qəzetlərə birdəfəlik maliyyə yardımı göstərmək üçün Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin Ehtiyat Fondundan Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fonduna (KİVDF) 1 milyon manat ayrılması mətbuata dövlət qayğısının yeni parlaq təzahürüdür.

Yaranmasından keçən 9 ildən artıq dövrdə uğurlu fəaliyyəti ilə müstəqil mətbuatın inkişafına öz töhfələrini verən KİVDF Möhtərəm Prezidentimiz İlham Əliyevin 2008-ci ildə təsdiqlədiyi "KİV-lərin İnkişafına Dövlət Dəstəyi Konsepsiyası"na uyğun olaraq, fəaliyyət göstərir. Fondun həyata keçirdiyi layihələr, fərdi yazı müsabiqələri jurnalistlərin yaradıcılıq imkanlarının, məsuliyyət hissinin və peşəkarlığının artmasına dəstəkdir.Dövlətimizin başçısı Cənab İlham Əliyevin Mətbuat Şurasının yeni binasının açılış mərasimində qeyd etdiyi kimi, peşəkarlıq artdıqca, jurnalistikada reket məsələləri də aradan qaldırılacaq: "Ondan sonra bizim milli adət-ənənələrimizə xas olmayan başqa məqamlar da aradan qaldırılacaqdır. Təhqirlərə, böhtanlara, yalanlara son qoyulacaqdır". Ölkə Prezidenti, eyni zamanda, bu məqamı da xüsusi vurğulayır ki, KİV-lərə dövlət dəstəyinin əsas məqsədi müstəqil, peşəkar, rəqabətədavamlı, eyni zamanda, milli şüur və vətənpərvərlik prinsiplərinə dönmədən əməl edən media resurslarının formalaşdırılmasıdır. Qlobal informasiya məkanının beynəlxalq ictimai rəyə təsirinin gücləndiyi müasir dövrdə mətbuatımız Azərbaycan xalqının maraqlarını daim müdafiə etməli, cəmiyyətimizin tərəqqisinə və dövlətimizin nüfuzunun daha da yüksəlməsinə öz töhfəsini əsirgəməməlidir.

Milli mətbuatın 130, 135 və 140 illik yubileylərinin dövlət səviyyəsində qeyd edilməsi, 2005-ci ildə "Əməkdar jurnalist" fəxri adının bərpası, yüzlərlə jurnalistin yüksək fəxri adlara, təltiflərə layiq görülmələri və digər mühüm tədbirlər ölkə rəhbərinin mətbuata qayğısını əyani şəkildə nümayiş etdirir. Bu əsas məqamı da qeyd edək ki, Ölkə Prezidentinin Sərəncamına uyğun olaraq 2006-cı ildə qəzetlərin "Azərbaycan" nəşriyyatına olan 450 min ABŞ dolları məbləgində borcu dövlət büdcəsi hesabına ödənilmişdi.

Məhz bu kimi davamlı addımlar dövlətimizin başçısı Cənab İlham Əliyevin son 15 ildə 3 dəfə "Jurnalistlərin dostu" mükafatına layiq görülməsini şərtləndirib."Jurnalistlərin dostu olmaq mənim üçün böyük şərəfdir" söyləyən Cənab İlham Əliyev bu əminliyi də ifadə edir ki,bundan sonra da Azərbaycanda bu sahədə daha da böyük addımlar atılacaq. Ölkə Prezidentinin üçüncü dəfə layiq görüldüyü "Jurnalistlərin dostu" mükafatı ötən il Milli Mətbuat Günündə jurnalistlər üçün tikilmiş binada mənzillərin paylanması mərasimində təqdim olunmuşdur.

- Son 15 ilin bu sahədə mühüm uğurlarından biri dünyada analoqu olmayan addım kimi dəyərləndirilən jurnalistlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması ilə bağlı sərəncamların imzalanması və bu sənədlərə uyğun olaraq 2 yaşayış binasının istifadəyə verilib, üçüncünün təməlinin qoyulmasıdır...

- Dövlətimizin başçısı İlham Əliyevin 2010-cu ildə jurnalistlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədilə yaşayış binasının inşasını nəzərdə tutan Sərəncamı ictimaiyyət tərəfindən böyük rəğbət hissi ilə qarşılandı. Bu addım müstəqil mətbuatın inkişafının dövlət siyasətinin əsasında dayandığını, jurnalist əməyinə yüksək dəyər verildiyini bir daha nümayiş etdirdi. Sərəncama uyğun olaraq, Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fonduna 5 milyon manat vəsait ayrıldı. Jurnalistlər üçün tikilən ilk binada mənzillərin paylanması mərasimi 2013-cü ildə dövlətimizin başçısı İlham Əliyevin iştirakı ilə keçirildi. Həmin ildə növbəti ikinci binanın tikintisi ilə bağlı Sərəncam imzalandı. Addımların davamlılığı, eyni zamanda, Azərbaycanın iqtisadi imkanlarının genişliyinə də işıq saldı. Bu baxımdan ki, hər bir inkişafın təməlində iqtisadi tərəqqinin rolunu önə çəkən dövlətimiz mövcud imkanlara söykənərək, bütün sahələrdə uğurlu nəticələrə yol açan addımlara önəm verir. Ötən il Milli Mətbuat Günündə ikinci bina istifadəyə verildi və "Azərbaycan mətbuat işçilərinin sosial müdafiəsinin gücləndirilməsinə dair əlavə tədbirlər haqqında" üçüncü Sərəncamın imzalanması media nümayəndələrinin bayram sevincini daha da artırdı. Mənzil bölgüsündə diqqəti çəkən əsas məqam siyasi mənsubiyyətindən və əqidəsindən asılı olmayaraq, bütün jurnalistlərə bu sevincdən payın düşməsidir. Möhtərəm Prezidentimiz jurnalistlərə mənzillərin bölüşdürülməsində ədalət prinsipinin qorunmasının mühüm şərt olduğunu vurğulayaraq bildirmişdir: "Bu binalarda yaşayan və bundan sonra yaşayacaq jurnalistlər müxtəlif siyasi spektrə aiddir və burada da heç bir ayrı-seçkiliyə yol verilmədi. Müxtəlif siyasi baxışları, müxtəlif partiyaların üzvləri olan insanlar burada bir yerdə bir ailə kimi yaşayacaqlar. Əslində, Azərbaycan cəmiyyəti də bu istiqamətdə inkişaf edir. Azərbaycanda milli həmrəylik var. Azərbaycan cəmiyyəti vahid amal ətrafında birləşib. Bizdə olan inkişaf, sabitlik, əmin-amanlıq, əlbəttə, bu gün siz də yaxşı bilirsiniz ki, dünyanın bir çox yerlərində öyrənilir, bəzən təəccüblə qarşılanır və bunun da çox sadə səbəbi var. Çünki Azərbaycanda çox gözəl və demokratik şərait var. Azərbaycanda iqtisadi inkişaf var. Azərbaycan müstəqil siyasət apararaq həm bölgədə, həm dünyada öz mövqelərini möhkəmləndirib. Bizim təsir imkanlarımız genişlənir, böyüyür və Azərbaycan xoşniyyətli siyasət aparır. Bizim siyasətimizin mərkəzində Azərbaycan vətəndaşının və Azərbaycan dövlətinin maraqları dayanır".

- Vüqar müəllim, sizcə, bu günümüz sabahımız barədə hansı ümumiləşdirməni aparmağa əsas verir? Müasir dövrdə cəmiyyətin yazılı və elektron KİV-lərdən gözləntiləri barədə fikirlərinizi bilmək istərdik...

- Qeyd etdiyimiz kimi, cəmiyyətin güzgüsü olan mətbuat dövrün tələblərinə uyğun olaraq təkmilləşir. Vətənpərvəlik və milli şüur prinsipləri mətbu orqanların fəaliyyətinin əsasında dayanmalıdır. Söz azadlığı ölkəmizdə tam təmin edilib. Heç bir məhdudiyyətdən söhbət gedə bilməz. Ölkə əhalisinin təxminən 80 faizi internet istifadəçisidir. İnternetin azad olduğu ölkədə hansısa məhdudiyyətdən danışmaq qeyri-mümkündür. Dövlətimizin başçısı Cənab İlham Əliyevin qeyd etdiyi kimi, bəzi hallarda bəzi qeyri-hökumət təşkilatları ölkəmizi tənqid edir, amma bu ittihamların heç bir əsası yoxdur. Bu, sadəcə, qərəzli mövqedir. Ölkəmizdə internet və sosial şəbəkələr üzərində hər hansı inzibati nəzarət yoxdur və bu da medianın müstəqilliyinin daha bir göstəricisidir. Bir sözlə, qısa təhlil, bu günümüzün reallıqlarına baxış fonunda, deyə bilərəm ki, ölkə mətbuatı fəaliyyətini dövrün çağırışlarına uyğun şəkildə qurmağa səy göstərir. Bunu hansı səviyyədə yerinə yetirir, bu qiymətləndirməni oxucuların və tamaşaçıların ixtiyarına vermək gərəkdir.

Müharibə şəraitində yaşayan ölkə olduğumuzu nəzərə alsaq, bu günümüzün əsas tələblərindən, çağırışlarından, ən əsası, yazılı və elektron KİV-lərdən gözləntilərimiz informasiya təhlükəsizliyini qorumaq, dövlətin maraqlarını öndə saxlamaq, vətənpərvərlik, obyektivlik və qərəzsizlik prinsiplərinin vəhdətliyini təmin etməkdir. Ulu Öndər Heydər Əliyevin uğurlu gələcəyimizə hesablanmış düşünülmüş və məqsədyönlü siyasətinin Möhtərəm Prezidentimiz İlham Əliyev tərəfindən davam etdirilməsi nəticəsində günbəgün güclənən, qüdrətlənən Azərbaycan hər birimizin qürur mənbəyinə çevrilərək, bu inamı da ifadə etməyə əsas verir ki, cəmiyyətimizin güzgüsü olan mətbuat zamanın tələbinə uyğun daha da təkmilləşəcək, cəmiyyətin informasiya tələbatını dolğun şəkildə təmin etməklə davamlı inkişafa öz töhfəsini verəcək. XXI əsrin informasiya mübarizəsi əsri olduğunu önə çəkən Möhtərəm Prezidentimiz İlham Əliyev internet resurslarından səmərəli istifadənin, Azərbaycan həqiqətlərini müxtəlif dillərdə dünya ictimaiyyətinə çatdırılmasının vacibliyini bildirir: "Müxtəlif dillərdə internet resursları yaradılmalıdır. Dağlıq Qarabağla bağlı tarixi həqiqətlər dünya birliyinə çatdırılmalıdır. Belə olan halda, biz informasiya mübarizəsində daha da böyük uğurlara nail ola biləcəyik. Hər halda, son illər ərzində Azərbaycan informasiya blokadasından çıxa bilmişdir. Bir çox hallarda erməni lobbisinə çox böyük zərbələr endirə bilmişdir. Ancaq bu mübarizə davam edir və davam edəcəkdir. Ona görə də biz buna hazır olmalıyıq".

Bu gün yeganə problemimiz Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsidir. Diplomatik ugurlarımız, iqtisadi imkanlarımızın artması fonunda güclənən və qüdrətlənən Azərbaycan Ordusunun işğal altında olan torpaqlarımızı tezliklə azad edəcəyi, üçrəngli bayrağımızın Şuşada və Xankəndidə dalğalanacağı gün uzaqda deyil. 2016-cı ilin aprel, 2018-ci ilin Naxçıvan qələbələri bu inama əsas verir. Dövlətimizin başçısı İlham Əliyev Azərbaycan Silahlı Qüvvələrinin 100 illiyi münasibətilə keçirilən hərbi paradda uğurlarımıza söykənərək, böyük inam və qətiyyətlə bildirmişdir ki, gün gələcək və bu gün işğal altındakı torpaqlar azad olunandan sonra orada qaldırılacaq Azərbaycan bayrağı Azadlıq meydanına gətiriləcək və hərbi paradda göstəriləcək. Biz bu müqəddəs günü yaxınlaşdırmalıyıq və yaxınlaşdırırıq.

Qələbə sevincimizin müjdəçisi olmaq arzusu ilə bir daha bütün həmkarlarımı Milli Mətbuat Günü münasibətilə təbrik edir, yeni-yeni uğurlar arzulayıram!

Bütün xəbərlər Facebook səhifəmizdə