"Mehriban Əliyeva Azərbaycanın timsalında sübut olunmuş reallıqdan çıxış etdi" ÖZƏL-Baş redaktor

"Sabitliyin hər bir ölkənin dayanıqlı və hərtərəfli inkişafının çox vacib şərt olması Azərbaycanın timsalında dünya üçün nümayiş olunmuş ən qiymətli reallıqlardan biridir. Azərbaycanın timsalında xüsusilə də son 15-20 il ərzində sübut olundu ki, ölkənin hətta müharibə şəraitində olması vəziyyətində belə ölkənin daxilində sabitlik və əmin-amanlıq olanda dövlət tam şəkildə inkişaf edə bilir". Bunu SİA-ya açıqlamasında "Bakı Xəbər" qəzetinin baş redaktoru Aydın Quliyev deyib.

Onun sözlərinə görə, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva Müstəqil Dövlətlər Birliyinin (MDB) iştirakçısı olan ölkələrin Daxili İşlər Nazirləri Şurasının Bakıda keçirilən iclasının iştirakçılarını qəbul edərkən çox ciddi əsaslara söykənərək fikir söyləyib: "Mehriban xanım Əliyeva Azərbaycanın timsalında sübut olunmuş reallıqdan çıxış etdi. Əvvəla nəzərə almalıyıq ki, Azərbaycan həqiqətən də müharibə şəraitindədir. Bu gün ərazilərimizin 20 faizi işğal altındadır. Bu bizim çox böyük miqdarda təbii ehtiyyatlarımızın, sərvətlərimizin düşmənin əlində olması deməkdir. O deməkdir ki, həmin təbii sərvətlərdən biz ölkənin inkişafı üçün bəhrələnə bilmirik. Müharibə vəziyyətində olduğumuza görə, bir milyondan artıq qaçqın və məcburi köçkünümüz var. Bu qaçqınların böyük kütləsi hər il Azərbaycanın dövlət büdcəsindən milyonlarla, hətta son 20-25 il ərzində 6 milyarddan artıq dövlət vəsaitinin bu məqsədlə xərclənməsi deməkdir.

Əgər Azərbaycan müharibə şəraitində olmasa idi, ölkənin indiki inkişafı daha böyük səviyyələrlə ölüçə bilərdi. Amma buna baxmayaraq bu qədər ağır şəraitdə, ağır yük altında işğal altında olmağımıza, böyük təbii sərvətlərimizin xeyli hissəsinin düşmən əlində olmasına, qaçqın və məcburi köçkünlərin tələbləri üçün dövlət büdcəsindən ildə milyonlarla, milyardlarla vəsait xərclənməsinə baxmayaraq ölkənin stabil şəkildə inkişaf etməsi bir faktdır. Mehriban xanım Əliyeva da məhz ona söykənərək bu fikri söyləyib ki, Azərbaycanın ağır şəraitdə olmasına baxmayaraq bu qədər böyük inkişaf səviyyəsinə gəlib çata bilibsə, bu hər şeydən əvvəl ölkənin daxilindəki sabitliyin və əmin-amanlığın nəticəsidir.

Məhz bu sabitliyə, əmin-amanlığa söykənərək Azərbaycan iki istiqamətdə böyük nailiyyət əldə edib. Birincisi, Qarabağ məsələsinin həllində çox əlverişli hüquqi müstəviyə çıxmışıq. Azərbaycan dünyada Dağlıq Qarabağ probleminin əsl mahiyyətinin nədən ibarət olduğuna artıq dünyanı inandıra bilib. Bu gün dünyanın böyük qüvvələri heç şübhə etmirlər ki, Qarabağ probleminin əsl mahiyyəti Azərbaycana qarşı təcavüz və Azərbaycan torpaqlarının qanunsuz işğal altında saxlanılmasıdır. Biz bu istiqamətdə böyük nailiyyət əldə etmişik. İkincisi, daxili sabitlik Azərbaycana imkan verib ki, özünün qalan təbii sərvətlərini nefti, qazı dünya bazarlarına çıxararaq həm Avropanın enerji təhlükəsizliyində çox böyük rol oynasın, həm də bu yoldan, ixracdan gələn gəlirləri Azərbaycan xalqının rifahı naminə sərf edə bilsin. Beləliklə ölkədə sabitlik Birinci Vitse-Prezidentin tam haqlı olaraq qeyd etdiyi kimi indiki şəraitdə ölkəmizin stabil inkişafını və ölkənin təbii sərvətlərini dünya bazarına çıxarılmasının çox vacib və əhəmiyyətli bir şərtidir. Heç şübhə etmirəm ki, Azərbaycan bu şərti bundan sonra da qoruyub saxlaya biləcək".

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə