Millət vəkili: “Mehriban xanım Əliyeva iclasda bir sıra mühüm məsələlərə toxundu" ÖZƏL-ŞƏRH

“Azərbaycan Respublikasının Birinci Vitse-Prezident Mehriban Əliyeva MDB iştirakçısı olan ölkələrin Daxili İşlər Nazirləri Şurasının Bakıda keçirilən iclasının iştirakçılarını qəbul edərkən bir sıra mühüm məsələlərə toxundu. Hazırki mərhələdə bu məsələlərin hər biri milli təhlükəsizliyimiz və cinayətkarlığa qarşı mübarizə baxımından mühüm aktuallıq kəsb edir”. Bunu SİA-ya açıqlamasında “Yeni Azərbaycan” qəzetinin baş redaktoru, millət vəkili Hikmət Babaoğlu deyib.

“Birinci Vitse-Prezident qeyd etdi ki, hər şeydən öncə MDB Daxili İşlər Nazirləri Şurası cinayətkarlıqla səmərəli mübarizə və təhlükəsizliyin təmin edilməsi üçün gözəl platformadır. Doğurdan da məskun olduğumuz geostrateji rayonda qonşu regionlarla müqayisədə mühüm sabitlik fərqi var. Ancaq bu o demək deyil ki, bu sabitlik öz-özünə bərqərar olub. Şübhəsiz ki, cinəyatkarlığın qarşısının alınması və təhlükəsizliyin təmin olunması üçün mühüm tərəfdaşlıq platforması olan MDB məkanı və onun hüquq-mühafizə orqanlarının koordinasiyalı fəaliyyəti mümkün qeyri-sabitliyə qarşı effektiv mübarizə vasitəsi olub və bunun gələcəkdə də qorunub saxlanılması MDB iştirakçıları olan dövlətlərinin hamısının milli naraqlarına uyğundur. Məhz bu məqamlara diqqət çəkən Mehriban Əliyeva xüsusi olaraq vurğuladı ki, sabitlik, ictimai asayiş, qanunun aliliyi hər bir dövlətin inkişafının əsas şərtlərindən biridir və Azərbaycan regionun təhlükəsizliyinin təmin olunmasına mühüm töhfə verir”-deyə, H.Babaoğlu bildirib.

Baş redaktor əlavə edib ki, Mehriban xanım Əliyeva Qarabağ probleminin həlli məsələlərinə də toxunaraq bir daha beynəlxalq hüququn da, tarixi reallığın da, ədalətin də Azərbaycanın tərəfində olduğunu bildirərək bu problemin həll edilməsinin vacibliyini diqqətə çatdırdı: “Hər kəsə bəllidir ki, bu gün Ermənistan tərəfindən işğal edilən Azərbaycan torpaqlarında cinayərkarlıq, terror fəaliyyəti, narkobiznes üçün xüsusi muhit yaradılıb ki, bu da nəticə etibarilə MDB iştirakçıları olan ölkələrin ərazilərində də qeyri-sabitlik üçün mənbə rolunu oyanyır. Ona görə də bu ərazilərin öz həqiqi sahibinə, Azərbaycana qaytarılması bütün MDB iştirakçılarının marağında olmalıdır. Bütövlükdə bu görüşdə Azərbaycanın MDB məkanında öncül mövqeyinə diqqət çəkilərək bu məkanın təhlükəsizliyinə ölkəmizin böyük töhfələr verdiyi bildirildi”.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə