Ermənilər Azərbaycanın üstünlüyünü etiraf edirlər TƏHLİL

Hazırda Azərbaycan həqiqətləri, ölkənin iqtisadi qüdrəti, doğru, düzgün istiqamətdə və dinamik inkişafı şərtləndirən strategiyası bütün dünya ictimaiyyəti tərəfindən qəbul edilməkdədir. Azərbaycan imza atdığı strateji qlobal layihələrlə, istehsal gücü, idxal və ixrac potensialı ilə əməkdaşlıq imkanlarını mütəmadi olaraq genişləndirir ki, bu da öz növbəsində ölkənin dünya miqyasında nüfuzunu, imicini artırır, söz sahibi olmasını şərtləndirir.

Dünya ölkələrinin Azərbaycana olan marağı heç də təəccüblü deyil, əksinə, tam məntiqi və başadüşüləndir

İstər beynəlxalq təşkilatlar, istər demokratik institutlar, istərsə də nüfuzlu dünya dövlətlərinin Azərbaycana marağı təsadüfi deyil və nəzərə alsaq ki, ölkəmiz siyasi, iqtisadi, sosial və digər sahələrdə bütün tələblərə cavab verən strategiya yürüdür, bu marağı başa düşmək asandır. Ən qısa zaman kəsiyində dövləyçiliyini inkişaf etdirən Azərbaycan, əsrlərlə mövcud olan, uzun bir tarix boyu təşəkkül tapmış, nüfuz qazanmış, beynəlxalq miqyasda söz sahibinə çevrilmiş dünya dövlətləri ilə bir müstəvidə qərarlaşıb və bərabər hüquqa, nüfuza malikdir. Qeyd etdiyimiz kimi, ən qısa zamanda Qafqazın lider dövlətinə çevrilən bu ölkə, öz mövqeyi ilə bölgədəki digər dövlətlərldən müqaisə edilməyəcək dərəcədə fərqlənir və indi nüfuzlu dünya ölkələrinin Azərbaycana olan marağı heç də təəccüblü deyil, əksinə, tam məntiqi və başadüşüləndir.
Dövlət başçılarının, nümayəndələrin, siyasi ekspertlərin Azərbaycana rəsmi səfərləri, Prezident İlham Əliyevin dünyanın bir çox ölkələrinə dəvət olunması, əməkdaşlıq sazişlərinin imzalanması, qlobal məsələlərin müzakirəsi ölkəmizə olan marağı və Azərbaycanın söz sahibi olmasını təsdiqləyir. Hazırda ölkə başçısının Fransaya rəsmi səfəri dünya ictimaiyyətinin diqqət mərkəzindədir və bu səfərdən gözləntilər də çox böyükdür. Əsrlər boyu mövcud olan, dünya miqyasında özünəməxsus nüfuza malik olan Fransa kimi bir dövlətin Azərbaycana marağı fonunda bu səfərdən gözləntilərdə hər kəs haqlıdır. Azərbaycan da öz növbəsində Fransanın, onun prezidentinin ölkəmizin mənafelərini müdafiə edəcəyinə ümid edir və təsadüfi deyil ki, Cənab Prezident İlham Əliyev səfərdən əvvəl prezident Emmanuel Makrona göndərdiyi məktubda, Qarabağ münaqişəsinin tənzimlənməsi məsələsində şəxsən Prezidentin özünə və ATƏT Minsk qrupunun həmsədr ölkəsi kimi Fransaya böyük ümid bağladığını vurğulayıb və beynəlxalq hüquq normalarına uyğun olaraq, ölkəmizin ərazi bütövlüyü çərçivəsində münaqişənin dinc, ədalətli tənzimlənməsini böyük səbirsizliklə gözlədiyini nəzərə çatdırıb.

Artan siyasi, iqtisadi, hərbi qüdrətin, genişlənən imkanların, nüfuzun fonunda işğalçıların narahat olması, təşvişə düşməsi başa düşüləndir

Ölkəmizin nüfuzu artdıqca, siyasi, iqtisadi, hərbi qüdrəti, imkanları genişləndikcə Azərbaycan əleyhinə çalışan qüvvələr bundan narahat olmaya bilməz. Ələlxüsus, ərazilərimizin bir hissəsini işğal və zəbt etmiş ermənilərin yuxusu çoxdandır ki, ərşə çəkilib və bu qədər inkişafın, artan siyasi, iqtisadi, hərbi qüdrətin, ümumiyyətlə, hər bir sahədə genişlənən imkanların, nüfuzun fonunda işğalçıların narahat olmasını, təşvişə düşməsini başa düşmək çətin deyil. Hətta ermənilərin, erməni ekspertlərinin aqressiv reaksiya verməsi də gözləniləndir. Çünki, işğalçılar çox yaxşı başa düşürlər ki, iqtisadi və hərbi qüdrətə malik Azərbaycan hər an Ermənistan üçün real təhlükədir və bu, ermənilərin istənilən anda Qarabağın işğal altında saxladıqları torpaqlardan, hətta İrəvandan belə məhrum olmaları deməkdir. Məhz bu baxımdan işğalçı dövlətin, ümumilikdə ermənilərin və hətta onların havadarlarının Azərbaycanın uğurlarını həzm edə bilməməsi, inkişafı və artan imkanlarından keçirdikləri təşviş, bütün bunlara görə nümayiş etdirdikləri aqressiya onlarda yaranan xof və qorxunun təzahürüdür. Bütün bunlar isə isə öz növbəsində təsdiq edir ki, Ermənistan Azərbaycanla hesablaşmaq məcburiyyətində qaldığını artıq çoxdan başa düşüb və bunun fərqindədir.

Azərbaycanın çox geniş miqyasda resurslara malik olması, mövqeyini möhkəmləndirməsi açıq şəkildə etiraf olunur

Bəzən bu aqressiyanın altında sətiraltı da olsa bir etiraf gizlənir. Məsələn, erməni politoloqu Anuş Sedrakyan bir növ həyəcan təbili çalır və qeyd edir ki, “Avropa ölkələri münasib və qeyri-münasib bütün yerlərdə müttəfiqlər arayır. Sual doğa bilər, bu müttəfiq niyə Ermənistan deyil? Çünki Avropanın qarşısındakı problem hüquqi, yaxud demokratik məsələlər planında deyil, qaz, energetika, iqtisadiyyat, hərb planında durur. Amerika bazarı məhdudlaşandan sonra bazar uğrunda mübarizə gedir, buna görə də Avropa tərəfdən elan edilən dəyərlərə uyğun gəlməyən hərəkətlər görürük. Bu, ABŞ-da prezident seçkilərindən sonra başlanmış ümumi tendensiyadır. Hazırda Azərbaycanın öz yerini tapacağı əhatəli yerdəyişmələr baş verir, çünki bu bazara gətiriləcək resursa malikdir”. Bu fikirlərlə çıxış edən Sedrakyan, əslində, Azərbaycanın çox geniş miqyasda resurslara malik olması, mövqeyini möhkəmləndirmək imkanları və reallıqları barədə açıq şəkildə etiraflar edir. “Biz öz bazarımızı Rusiyada axtarırıq, amma mən bu qədər müddət ərzində bir dəfə görməmişəm ki, Rusiya Ermənistana səmərəli təklif versin və Rusiyanın verə biləcəyi yeganə şey – müharibəyə təhrik etməməkdir” deyən A.Sedrakyan nə qədər ört-basdır etməyə çalışsa da qıcıqlandığını və qısqanclığını gizlədə bilmir.
Əksər hallarda isə tam acıq-aşkar, aydın şəkildə etiraflara rast gəlinir və bu da onu təsdiq edir ki, ermənilər dalana dirəndiklərinin fərqindədirlər və Azərbaycanın müqaisə olunmayacaq dərəcədə üstün olduğunu dərk edirlər. Fransa Strateji Araşdırmalar Mərkəzinin eksperti, politoloq Kayts Minasyan “1-in am”la söhbətində qeyd edib ki, Fransa Azərbaycana sputnik satıb və o, sərhəddə baş verənləri müşahidə edə bilir. Mərkəzin eksperti xüsusilə vurğulayıb ki, sputnik Fransızlar üçün silah sayılmasa da Azərbaycan üçün silahdır və eyni zamanda Ermənistan üçün real təhlükədir. Fransızlar sputnik satmaqla Ermənistan tərəfini zəiflədir deyən politoloq acıq-aşkar etiraf edir ki, Azərbaycan iqtisadiyyatı güclüdür və Fransa ilə, ya da hər hansı ölkə ilə münasibətlərdə bu üstünlükdən istifadə edə bilir və indi Azərbaycan, Ermənistan-Fransa münasibətlərinə çiv vurmaq istəyir və bunun üçün hər nə varsa, ondan faydalanır.
Göründüyü kimi ermənilərin təşvişi artmaqdadır və siyasi ekspertdən tutmuş, ən adi erməniyə qədər hər biri ayrı-ayrılıqda həyəcan təbili çalır və yenə də erməni xislətinə müvafiq olaraq hay-küy, qara-qışqırıq salmaq istəyirlər ki, güya Ermənistan kimi məsum, günahsız bir dövlət təklənib, ona qarşı haqsızlıqlar olunur, beynəlxalq təşkilatların yardımına ehtiyac var. Sözsüz ki, bu Ermənistanın, eləcə də ermənilərin simasıdır, daha doğrusu, simasızlığıdır və bu təcrübdən istifadə etmələri də birinci dəfə deyil. Ümumiyyətlə, erməni simasızlığı və hiyləgərliyi indi müzakirə mövzusu deyil və hazırda reallıq ondan ibarətdir ki, qüdrətli Azərbaycan dövləti ilə üz-üzə qaldıqlarının, ən tez zamanda uduzacaqlarının fərqində olan ermənilərin yuxusu ərşə çəkilib.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə