Gənclərin XV Hesabat-Seçki Qurultayı keçirilir YENİLƏNİR

Bu gün Bakı Konqres Mərkəzində ölkənin ən böyük gənclər platforması olan Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının XV Hesabat-Seçki Qurultayı keçirilir. SİA-nın verdiyi məlumata görə, qurultayda dövlət rəsmiləri, beynəlxalq və yerli qurumların nümayəndələri, Milli Şuranın üzvü olan gənclər təşkilatlarının rəhbər və səlahətli nümayəndələri və media nümayəndələri iştirak edir.

Qurultay ARGTMŞ-ın seçkili orqanlarına (Sədr, Sədr müavinləri, Mərkəzi Nəzarət-Təftiş Komissiyası və İdarə Heyətinin üzvləri) vakant vəzifələrinə seçkilər keçirmək, Milli Şuranın son seçki dövrü ərzində fəaliyyəti ilə bağlı hesabat vermək məqsədi ilə həyata keçirilir.

Qurultayın rəsmi hissəsində ilk öncə dövlət rəsmilərinin çıxışları dinləniləcək, daha sonra Gənclər Təşkilatları Milli Şurasının 2016-2018-ci illər üzrə fəaliyyət hesabatın təqdimatı baş tutacaq. Qurultayın növbəti hissəsində Milli Şuranın seçkili orqanlarına (sədr, sədr müavinləri, Mərkəzi Nəzarət-Təftiş Komissiyasına, büro üzvləri) vakant vəzifələrinə seçkilər baş tutacaq.

Məlumat üçün qeyd edək ki, Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurası 21 noyabr 1995-ci ildə 11 gənclər təşkilatı tərəfindən təsis olunub. Gənclər Təşkilatları Milli Şurası öz fəaliyyətində gənclərin bilik və bacarığının Azərbaycanın dövlət müstəqilliyinin möhkəmlənməsinə, beynəlxalq aləmdə layiqli yer tutmasına, demokratik dövlət quruculuğu işlərinə yönəltməyi özünün əsas vəzifəsi hesab edir. 1997-ci ildən Avropa Gənclər Forumu, Türk Dünyası Gənclər Birliyinin tam hüquqlu üzvü, 2002-ci ildən BMT-nin İqtisadi və Sosial Şurasının məşvərətçi statuslu üzvü, İslam Konfransı Təşkilatının Gənclər Forumunun həmtəsisçisi və tam hüquqlu üzvü, Dünya Azərbaycanlı Gənclər Birliyi, “Böyük İpək Yolu” beynəlxalq gənclər təşkilatının həmtəsisçisi, 2014-cü ilin dekabr ayında keçirilən seçkilərdə Avropa, Asiya, Avstraliya, Afrika və Amerika qitələrindən 120 gənclər platformasını birləşdirən Dünya Gənclər Assambleyasının tamhüquqlu üzvüdür.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə