Media kapitanları “Media Klubu”nu ifşa etdi - ÖZƏL

Çap mediası mətbuat tariximizin təməlini təşkil edir

Məlum olduğu kimi, Prezident İlham Əliyev milli mətbuatın yaranmasının 143-cü ildönümü ərəfəsində nəşr olunan qəzetlərə maddi yardım edilməsi ilə əlaqədar Sərəncam imzalayıb. Həmin Sərəncama əsasən, Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fonduna 1 milyon manat ayrılıb. Artıq bu faktor ənənə şəklini alıb və xüsusilə, çap mediası inkişaf istiqamətində həmin amildən səmərəli şəkildə yararlanır.

Təəssüf ki, "Media Klubu" adlı qurum və onun təmsilçiləri, xüsusilə Elçin Şıxlı, Arif Əliyev dövlətin çap mediasına ayırdığı maddi yardıma ehtiyacın olmadığını, hətta qəzetlərin fəaliyyətlərinin dayandırılmasını iddia edirlər. Bununla bağlı SİA - ya açıqlama verən qəzet baş redaktorları belə iddiaların yanlış olduğunu, ümumiyyətlə, 143 yaşı olan Azərbaycan mətbuatına xələl gətirməyə hesablanmış addım olduğunu deyiblər.

"Bakı Xəbər" qəzetinin baş redaktoru Aydın Quliyev

-Onların çıxışlarında heç bir gerçəklik yoxdur. Ümumiyyətlə, "Media Klubu"nun təmsilçiləri Azərbaycanın media siyasətinə qarşı çox iddialı, abmisioz, qaralayıcı, ləkələyici bir hal görürəm. Ölkədə media-dövlət münasibətlərinin nəticələri göz önündədir. Dünyanın heç bir ölkəsində çap medianın fəaliyyəti dayandırılmayıb. Çap mediası ilə yanaşı, başqa informasiya texnologiyaları vasitələrinin də inkişafı getsə də, yazılı mətbuat öz fəaliyyətini bütün dünyada aparmaqda davam edir. Bunun Azərbaycanda dayandırılması ilə bağlı hər hansı bir tələb ölkəyə qarşı, dövlətçiliyə qarşı, ümumən isə qəzetçilik ənənələrimizə qarşı qərəzli mövqe, qərəzli çağırışlardır. Belə dairələr mediamızın, xüsusilə çap mediamızın vacib funksiya aparmağının fərqinə varmırlar. Yəqin onlar lazımi qədər dəyərləndirə bilmirlər ki, çap mediası bizim gündəlik yazılan tariximiz, eləcə də milli-mənəvi dəyərlərimizi, dilimizi qoruyan məkandır. Mübahisəsiz deyə bilərik ki, bu gün çap mediamız qədər ünsiyyət dilimizin, məişət dilimizin və publisist dilimizin qorunmasında xüsusi yeri olan ikinci bir məkan yoxdur. Dilimizin nə qədər zərbə altına düşə biləcəyini ancaq və ancaq illər boyu çap mediasının olmadığı şəraitdə görmək mümkündür. Bu da olduqca riskli bir haldır. Bu baxımdan, bəlli dairələr öz qaranlıq iddialarını ortaya qoymağa çalışırlar. Onlar hər hansı bir mövqe nümayiş etdirmək istəyirlərsə, bütünlüklə hakimiyyətə qarşı müxalifət siyasəti aparmaq istəyirlərsə, ölkə üçün çox zəruri olan çap mediası üzərində hər hansı layihələr üzərində qurmaq fikrinə düşməsinlər. Normal bir müxalifətçilik etmək istəyirlərsə, buyursunlar konseptual şəkildə öz mövqelərini ortaya qoysunlar. Yoxsa az qala 150 ilə yaxın yaşı olan və dünya dövlətlərinin arasında çox nadir hallarda rast gəlinən, tarixi ənənələri olan ölkənin mətbuatının fəaliyyətinin dayandırmaq çağırışları açığını deyim, dəhşətli bir çağırışdır və bunun hansı məntiqə, hansı arqumentlərə söykəndiyini demək çətindir. Dünyada Azərbaycan qədər çox azsaylı ölkələr var ki, milli mətbuatının bu qədər tarixi var. 143 il fəaliyyət göstərəndən, nəhəng inkişaf yolu keçəndən sonra kimlərinsə əsaslandırılmamış və ambisioz iddiaları ilə bu medianın fəaliyyətini dayandırmaq, eyni zamanda bəyan eləmək ki, bu qədər illər fəaliyyət göstərdi, daha bəsdir, bunumu istəyirlər? Mənə elə gəlir ki, belə çağırışlara ciddi bir əhəmiyyət də vermək lazım deyil, çünki heç ictimaiyyət də buna əhəmiyyət vermir. Ona görə də belə məsələlər ətrafında geniş müzakirə aparmağa ehtiyac da yoxdur. Onu da unutmaq olmaz ki, bu gün çap mediası ölkədə jurnalistikanın inkişafını, prinsip və dəyərlərini, etikasını özündə saxlayan ən əhəmiyyətli məkanlarından biridir. Qoy digər informasiya resurları - televiziya, sayt, radio əməkdaşları məndən inciməsinlər, jurnalistika prinsiplərinin ən yüksək səviyyədə qorunub-saxlanmasına xidmət edən məkan birinci növbədə çap mediasıdır. Bax, buna görə də çox arqumentlər deməyə əsas verir ki, "Mətbuat Klubu", "Press Klub" və s. bənzər adlar altında fəaliyyət göstərən kimlərinsə tələbləri real deyil və bu gün Azərbaycanın ümumi inkişafı əleyhinə çıxış edənlər bilməlidirlər ki, onlar yüzlərlə, minlərlə təmsilçisi, əsgəri, jurnalisti olan Azərbaycan mediasına qarşı yönəlmiş bir çağırış etsələr də, həmin çağırışlara heç bir əhəmiyyət verilməyəcək.

"Yeni Müsavat" qəzetinin baş redaktoru Rauf Arifoğlu

Mənim fikrim başqa cürdür. Hesab edirəm ki, çap mediasını yaşada bildiyimiz qədər yaşatmaq lazımdır. Çünki bu, həm də bir ənənədir, eyni zamanda nyu-medianın bazasıdır. Mən bunu hər gün praktikada da görürəm. Belə ki, musavat.com, minval.az və başqa saytlarımız "Yeni Müsavat" qəzetinin planlaşdırılmasından, bazasından yararlanaraq materialları ictimaiyyətin, oxucuların diqqətinə çatdırır. Azərbaycan Prezidenti və dövləti çap mediasının qorunması üçün böyük fədakarlıqlar həyata keçirir. Prezidentin fondundan olan ayırmalar, maliyyələşmələr düzgün yoldur və hesab edirəm ki, bu ənənələri qorumaq lazımdır. Ola bilər ki, çap mediası gəlir gətirməsin, yaxud nyu-media çap mediasını üstələsin, ancaq ümumilikdə bizim 143 illik ənənəmiz var. Çap mediasını özünü yaşada bilməsi zamanına qədər yaşatmaq lazımdır.

"Palitra" qəzetinin baş redaktoru Namiq Əliyev

-Azərbaycan Prezidentinin respublikada nəşr olunan mətbuat orqanlarına 1 milyon manat vəsait ayırması yüksək qiymətləndirilməlidir. Birmənalı şəkildə etiraf olunmalıdır ki, çap mediası bu gün dövlətin dəstəyi hesabına ayaqda dura bilir. Əgər dövlət səviyyəsində belə yardımlar olmasa qəzetlərin çoxu fəaliyyətlərini dayandırmaq məcburiyyətində qalarlar. Bu praktika inkişaf etmiş Qərb dövlətlərində, məsələn Avstriyada da var. Çap mediasının saxlanması isə dövlət və milli maraqlar baxımından əhəmiyyət kəsb edir. Ona görə də çap mediasına yardım göstərilməsinin əleyhinə çıxanların yanaşması düzgün deyil. Onlar istəyirlər ki, dövlətçilik mövqeyində duran çap mediasını sıradan çıxarsınlar və informasiya meydanında boşluq yaransın.

"Həftə içi" qəzetinin baş redaktoru Sevinc Seyidova

-Bu cür təkliflərin səsləndirilməsini doğru saymıram. Çünki, "Media Klubu"nda təmsil olunan və bu təkliflə çıxış edənlərin özlərini məhz çap mediası yetişdirib. Onların hər biri vaxtilə gündəlik nəşr olunan qəzetlərdə baş redaktor və təsisçi olaraq, böyük jurnalist kollektivlərinə rəhbərlik ediblər. Bu səbəbdən belə bir təklifin səsləndirilməsi səbəblərini anlamıram. Qəzetlər hər bir peşəkar jurnalistin praktiki cəhətdən yetişdirilməsi üçün bir məktəb rolunu oynayır. Ümumiyyətlə, bu gün dünyanın heç bir dövlətində çap mediasının sıradan çıxdığı ilə bağlı məlumatlara rast gəlmirik. Düzdür, informasiya texnologiyalarının inkişafı bu sahəyə olan marağı bir qədər azaltsa da, hələ də çap mediası yaşayır. Deməli, cəmiyyətdə qəzetlərə, jurnallara tələb qalmaqdadır. Bu həm də bir tarixdir. Keçmişdən gələn ənənədir. Bu ənənəni yaşatmaq hər birimizin borcudur. Azərbaycan dövləti isə hər zaman keçmişinə, ənənələrinə sahib çıxıb. Dövlətimizin çap mediasına göstərdiyi dəstək bu gün onun ayaqda durması, üzərinə düşən vəzifələri layiqincə yerinə yetirməsində çox böyük rol oynayır. Azərbaycanda hazırda 30-dan çox gündəlik və həftəlik qəzet nəşr olunur. Bu rəqəmin özü dövlətimizin media ilə bağlı siyasətində qəzet və jurnallara nə dərəcədə diqqət yetirildiyinin bariz göstəricisidir. Bu diqqət və qayğıya görə çap mediasının təmsilçiləri olaraq Azərbaycan Prezidenti cənab İlham Əliyevə minnətdarıq. İnanırıq ki, bu dəstək davamlı olacaq.

Rövşən NURƏDDİNOĞLU

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...