"Heydər Əliyev: Azərbaycançılıq ideologiyası və mənəvi dəyərlər" KONFRANS - SƏS TV

Bu gün Dini Qurumlarla iş üzrə Dövlət Komitəsinin tabeliyində fəaliyyət göstərən Mənəvi Dəyərlərin Təbliği Fondunun təşkilatçılığı ilə "Heydər Əliyev: Azərbaycançılıq ideologiyası və mənəvi dəyərlər" adlı elmi konfans keçirilib. SİA-nın xəbərinə görə, konfrans Dövlət Himninin səsləndirilməsi ilə öz işinə başlayıb.

Tədbiri giriş sözü ilə açan Mənəvi Dəyərlərin Təbliği Fondunun icraçı direktoru Mehman İsmayılov Prezident İlham Əliyev tərəfindən yaradılan fondun məqsədləri haqqında məlumat verib. O bildirib ki, fondun əsas prioritet istiqaməti gənclərə əsası Ulu Öndər tərəfindən qoyulan azərbaycançılıq ideologiyasını təbliğ etməkdir: "Bundan əlavə fondun məqsədi vətəndaşlarln dini etiqad azadlığını həyata keçirmək üçün dini qurumlara dövlət dəstəyinin göstərilməsidir".

İcraçı direktor qeyd edib ki, ölkəmizdə vaxtilə bu sahədə atılan addım Azərbaycanın dünyaya inteqrasiyasında xüsusi yerə malikdir. Onun sözlərinə görə, Ulu Öndərin banisi olan Azərbaycançılıq ideologiyası daxili etnik separatçı meyllərini parçalayaraq tolerant mühitin yaradılmasına geniş imkanlar yaratdı: "Bundan başqa Azərbaycan çoxmədəniyyətlilik mövcud olmasına baxmayaraq vahid mədəniyyətin formalaşması da Azərbaycançılıq ideologiyası nəticəsində əldə olunan uğurlarındandır. İdeologiyanın təməlini milli mənəvi dəyərlər təşkil edir. Milli-mənəvi dəyərlər illərlə formalaşan sistemdir, Ulu Öndərin həyata keçirdiyi siyasət nəticəsində bu sistemin yenidən özümüz qaytarmağa, inkişafa nail olduq".

Konfransda "Mənəvi Dəyərlərin Təbliği işində Heydər Əliyev siyasəti" adlı məruzə ilə çıxış edən Mənəvi Dəyərlərin Təbliği Fondunun Himayəçilər Şurasının üzvü, Səs Media Qrupun rəhbəri Bəhruz Quliyev bildirib ki, konfransın mövzusu hər kəsi düşündürür.

B.Quliyev söyləyib ki, bu ideologiyanın formalaşmasında böyük rol oynayan Ulu Öndərin siyasəti nəticəsində Azərbaycan bir çox təhlükələrdən yan keçə bilib: "İdeologiya insanları eyni hədəf ətrafında toplayan, milli düşüncə yaradan amildir. İdeologiya cəmiyyəti vahid düşüncə ətrafında birləşir. Bu amil dövlətin möhkəmlənməsi üçün mühümdür. 90-cu illərdə rastlaşdığımız ideologiyasızlıq mühiti hər birimizi vətəndaş müharibəyə sürükləmişdi. O dövrdə müxtəlif qruplar yaranır, yeni müstəqil olan Azərbaycanın parçalanmasına yol açılırdı. Lakin uğurlu dövlət quruluşu Ulu Öndərin siyasətində öz əksini tapdı. Azərbaycançılıq ideologiyası həmin dövrdə insanların dinc yaşamasını təmin etdi. Bununla da cəmiyyətə vətənpərvərlik gətirməklə yanaşı, vahid xalq və cəmiyyət formalaşdırmış oldu. Bundan sonra xalq-hakimiyyət birliyi yaranaraq dövlətçiliyin qorunub saxlanması, inkişafı yönümdə oz imkanlarını ortaya qoymuş oldu".

Fondun Himayəçilər Şurasının üzvü qeyd edib ki, son Gəncə hadisələri xalq-hakimiyyət birliyi bütün proseslərin qarşısına çıxa bildi: "Bütün bunlar Azərbaycançılıq ideologiyasının kütləvi şüura təsirinin göstəricisidir. Bu gün Prezident İlham Əliyevin gördüyü işlər xalqla hakimiyyətin vahid mövqedən çıxış etməsinə imkan yaradıb".

Məruzəsini Ulu Öndərin "Mən fəxr edirəm ki, azərbaycanlıyam" fikri ilə bitirən B.Quliyev gənclərə xitabən qeyd edib ki, siz Azərbaycanda yaşadığınızla fəxr etməlisiniz.

Daha sonra çıxış edən "Yeni Azərbaycan" qəzetinin baş redaktoru, millət vəkili Hikmət Babaoğlu "Azərbaycançılıq ideologiyası multikulturalizmin siyasi-ideoloji hamisi kimi" mövzusunda məruzəsini təqdim edərək söyləyib ki, hər toplum millət demək deyil. Onun sözlərinə görə, millət tarixi inkişaf prosesində meydana çıxan sosial identifikasiyadır: "Bunu müəyyən edən də elə məhz mənəvi dəyərlərdir. Böyük sənayeləşmə millətləri formalaşdırdı. Bəzi sosioloqlar bunu vətəndaşlıq bağı kimi ifadə edirlər. Amma ümumi kontekstdən nəzər yetirdikdə deyə bilərik ki, milli mənəvi dəyərlər hər bir xalqın inkişafında əldə etdiyi intellektual müstəvidə proyeksiya olunan hadisədir. Azərbaycan cəmiyyətində insanlar etnik, irqi, dini mənsubiyyətinə görə fərqli ola bilər. Lakin onları burada bir-birinə bağlayan dəyərlər eynidir. Bu bizi başqalarından fərqləndirən cəhətdir".

Millət vəkili söyləyib ki, ideologiyalar müxtəlif təsnifatlandırıılır: "Sosial mənafeyə münasibətdə ideologiya liberal, milli, radikal və dinidir. Avropada ideologiya milli, irqi, sinfidir. Azərbaycançılıq ideologiyası isə liberal, ədalətli, sosial bazasına görə milli və rasionaldır".

H.Babaoğlu vurğulayıb ki, əgər biz hazırki yaşadığımız məkanda xalq kimi formalaşmasaydıq, var olmaq üçün mücadilə etməsəydik o zaman indiki keyfiyyətlərə malik olmazdıq. Nə yaxşı ki, Azərbaycan fərqlilikləri mənimsəyib və bu, özünəməxsus dəyərlərin formalaşması ilə nəticələnib".

AMEA-nın elmi işçisi, fəlsəfə üzrə fəlsəfə doktoru Əli İbrahimov qeyd edib ki, azərbaycançılıq ideologiyasının banisi olan Ulu Öndərin tarixi mükəmməl şəkildə bilməsi bu anlayışın meydana gəlməsində özünü göstərib: "İdeologiya anlayışı əsrlər öncə yazılan əsərlərdə öz əksini tapıb. Lakin onun milliləşdirilməsi və məfkurəyə çevrilməsi Ümummilli liderə məxsusdur. Bu sahədə biz iş aparmalı olsaq bu ideologiyadan yaxşı digər məfkurə görə bilmərik".

Elmi işçi qeyd edib ki, bəşəriyyət üçün nəzərdə tutulan komponentlər var ki, azərbaycançılıq ideologiyasında onlar öz əksini tapıb: "Azərbaycançılıq ideologiyası ilə bağlı elm yaradılıb. Bu ideologiya olmadan milli mənəvi dəyərlərə sahib olmaq mümkün deyil".

Konfransda çıxış edən Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun icraçı direktoru Oqtay Səmədov bildirib ki, azərbaycançılıq ideologiyası bir fənn olaraq məktəblərdən təbliğ olunmalıdır. Onun sözlərinə görə, insanlar kimliklərini bilməlidir. Biz tariximizi öyrənməli, millətin dəyərlərini öyrənmək üçün ilk növbədə özümüzdən başlamalıyıq.

O.Səmədov qeyd edib ki, bu istiqamətdə maarifləndirmə işləri bölgələrdə daha çox işlərin görülməsinə ehtiyac var.

İlahiyyat İnstitutunun rektoru Ceyhun Məmmədov çıxışında söyləyib ki, milli mənsubiyyət məsələsi hər şeydən öndədir: "Dinə yanaşmada müxtəlif fikirlər var. Zaman-zaman bu istiqamətdə zərərli tendensiyaların şahidi olmuşuq. Ulu Öndərin xalqın təkidi ilə hakimiyyətə gəlişindən sonra azərbaycançılıq ideologiyasının meydana gəlməsi bizi zərərli tendensiyalardan qorumuş oldu".

Rektor vurğulayıb ki, bu gün gəncliyin üzərinə böyük məsuliyyət düşür: "Hər birimiz bu ideologiyanın ətrafında birləşməli, azərbaycanlı olduğumuzu unutmamalıyıq. Dinimiz xalqımızın milli sərvətidir. Ən ağır tendensiya milləti dinlə qarşı-qarşıya gətirməkdir ki, bu məsələdə ehtiyatlı olmalıyıq. Biz milli dəyərlərimizə sadiq olduqca, heç bir qüvvə bizə təsir edə bilməz".

Konfransda gənclərlə diskussiya xarakterli müzakirələrin aparılmasına ehtiyac olduğu da vurğulanıb.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə