Yeni Ermənistan iddiası cəfəngiyatdır TƏHLİL

Məxməri inqlab sayəsində səfalət içərisində olan dövlətin güclənməsini iddia etmək gülüncdür

Ermənilərin “Böyük Ermənistan” xülyaları artıq “demokratik ölkə”, “yeni Ermənistan” arzuları ilə əvəzlənməkdədir ki, bu da əslində işğalçı dövlətin öz acınacaqlı vəziyyətini dərk etməsi, marjinallaşmış durumu ilə barışması, gücsüzlüyünü qəbul edərək böyük, əlçatmaz iddialardan əl çəkməsinin etirafıdır. Müstəqillik uğrunda xalqların illərlə, bəzən əsrlərlə davam edən, bu yolda şəhidlər verən mücadiləsi fonunda küçə nümayişçisinin cəmi bir neçə gün ərzində ölkəni demokratikləşdirməsi, xalqa azadlıq, suverenlik bəxş etməsi iddiaları da, əlbəttə ki, əvvəlki xülyalarından fərqlənməyən cəfəngiyyatdır və bu cəfəngiyata nəinki dünya ictimaiyyəti, heç özləri də inanmır.

Yeni Ermənistan barədə uydurmalar yerli auditoriyaya hesablanıb və əhalinin sakitləşdirilməsi üçündür

Paşinyan hakimiyyəti yeni Ermənistan, yeni strategiya barədə uydurmalarla ictimaiyyəti çaşdırmağa, hətta yerli əhalini belə sakitləşdirməyə çalışır. Ona görə sakitləşdirməyə çalışır ki, kütləni yalançı vədlərlə aldadıb hakimiyyəti ələ keçirdiklərini ört-basdır etsinlər və nümayişlərin yenidən alovlanmasının qarşısını alsınlar. Əks halda hadisələr idarəetmədən çıxa və bu dəfə Qərbin ssenarisi ilə yox, narazılıqlar, tələblər fonunda təzahür edə bilər. Bu isə nəinki Paşinyan və onun komandasının, ümumiyyətlə bütövlükdə Ermənistanın faciəsi deməkdir. Məhz buna görə də yeni hakimiyyət hələ də davamlı olaraq şirnikləndirici vədlərlə, şişirdilmiş informasiyalarla, güya ki, çiçəklənən yeni Ermənistan kimi arzularla daxili auditoriyanı aldadır. Güya ki, bütün dünya dövlətlərinin bu demokratik və yeni Ermənistana marağının olduğu, mötəbər təşkilatların, demokratik institutların güya onların yanında olduğu və daim dətəkləyəcəyi barədə uydurmalarla da hələlik Ermənistan cəmiyyətinin bir növ könlünü alır.
Erməni xislətini, yəni, qonşu dövlətlərin torpaqlarını qanunsuz yolla ələ keçirmək, zəbt etdiyini özününküləşdirmək, işğal altında saxlamaq, qaytarmamaq kimi işğalçılıq meyillərini nəzərə alaraq, hətta Ermənistanın ordusu, onun qüdrəti barədə sakitləşdirici və ümidverici şişirtmələrdən də istifadə edilir. Güya ki, Ermənistanda sərhədlərin qorunmasına, torpaqların mühafizəsinə, ordunun toplanmasına yeni hakimiyyət xüsusi diqqət ayırıb. Hətta dövlət məsələlərinə cəlb olunan ordunun sərhəddə müdafiə təyinatından güya ki, Azərbaycan tərəfi təlaş içindədir və bunu hərbi avantüra adlandırır. Bütün bu uydurmalarına Azərbaycanın təbliğat siyasəti deyən ermənilərin deyəsən bundan sonra da utanmaq niyyəti yoxdur. Çünki, belə bir niyyəti, yəni utanmaq fikirləri olsaydı öz taktikalarını başqasının adına yazmazdılar və ən azından qarayaxmadan çəkinərdilər.

Paşinyan hakimiyyəti ermənilərin psixoloji hazırlığı üçün çalışır və kütlə daxilində xof, qorxu yaranmasından ehtiyat edir

İşğalçı ölkənin kütləvi informasiya vasitələrində Azərbaycan tərəfinin hərbi ritorikadan istifadə etməsi, hərbi qüvvəni nümayiş etdirməsi, güc toplanması barədə məlumatlar işıqlandırılır. Bununla da rəsmi Bakının Minsk qrupu həmsədrləri tərəfindən mühakiməsinə kütləni inandırmağa cəhd edilir. Hətta, Lələ-Təpə yüksəkliyinə Rusiyalı deputat və ekspertlərin gəlişini təşkil olunmuş adlandıran erməni mətbuatı bu işdə məqsədin fotosessiya, nümayiş olduğunu iddia edir və ekspertlərin Azərbaycanla bağlı həqiqətləri dilə gətirməsinə kölgə salmağa çalışır. Burda da məqsəd ondan ibarətdir ki, Azərbaycanın güya regional və geosiyasi mərkəzlər tərəfindən dəstəklənmədiyini təbliğ etmək, ölkəmizin geniş həcmdə dəstək olmadan nəinki hərbi əməliyyatlar, ümumiyyətlə heç bir sahədə qələbə qazana bilməyəcəyinə kütləni inandırmaqdır.
Eyni zamanda 26 iyun tarixində Bakıda hərbi paradın keçirilməsini erməni mətbuatının xüsusi qısqanclıqla qarşıladığı da inkar edilə bilməz. İşğalçı dövlətin kütləvi inormasiya vasitələri gah hərbi paradın nümayiş olduğunu qeyd edir və xüsusi ilə vurğulayır ki, Azərbaycan hücuma hazırlaşsaydı heç zaman bunu nümayişkəranə şəkildə etməzdi və həmləsini səssiz-səmirsiz, xəlvəti edərdi. Gah da hərbi paradı özləri üçün mənəvi-psixoloji və diplomatik şantaj kimi qiymətləndirir. Hətta, yeni hakimiyyətə xidmət edən mətbuatın “Ermənistan zəiflik nümayiş etdirərsə, şantaja məhəl qoyarsa, Bakı öz məqsədlərinə nail ola bilər”, kimi fikirləri təsdiq edir ki, Paşinyan hakimiyyəti ermənilərin psixoloji hazırlığı üçün çalışır və kütlə daxilində xof, qorxu yaranmasından ehtiyat edir, təlaş yaranmamasına həssas yanaşır. Amma bütün bunlar əbsdir və açıq-aşkar hiss olunur ki, nəinki erməni xalqı, hətta yeni hakimiyyətin özü də artıq təşviş içindədir və Azərbaycanın təkcə hərbi sahədə deyil, bütün istiqamətlərdə əhəmiyyətli dərəcədə üstünlüyündən xoflanıb.
Erməni mətbuatı, daha dəqiq desək, 1in.am saytı məxməri inqilab sayəsində Ermənistanın gücləndiyini, rəmi Bakının şantajlarına məhəl qoymadığını qeyd edir və bu soyuqqanlığının Azərbaycanda təşviş yaratdığını vurğulayır və bununla da növbəti dəfə həyasızlıq nümayiş etdirir. Ermənilərin, erməni mətbuatının nümayiş etdirdiyi bu reaksiya ona görə həyasızlıq kimi görsənir ki, əvvəla məxməri inqlab sayəsində, bir neçə gün ərzində bir dövlətin, özü də səfalət içərisində olan marjinallaşmış bir dövlətin güclənməsini iddia etmək həyasızlıqdan başqa bir qiymət ala bilməz. Yeni Ermənistan arzusu cəfəngiyat, məxməri inqlab sayəsində səfalət içərisində olan dövlətin güclənməsini iddia etmək gülüncdür. Digər tərəfdən, rəsmi Bakını ermənilərin təşvişi zərrə qədər maraqlandırmır və Azərbaycana erməni təşvişi yox, Qarabağ torpaqlarını geri qaytarmaq lazımdır. Təbii ki, bu torpaqlar ən tez zamanda qaytarıldığı vaxt Ermənistanda təşviş də yaranacaq, yeni inqlab dalğası da dalğalanacaq, Nikol kimi hələ neçə-neçə avantürist də Serjin misalında qovulacaq, çox güman ki, hələ puç olmuş “Böyük Ermənistan” xülyalı bir dövlət belə xəritədən silinəcək.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə