Namiq Əliyev: “Dövlətin mətbuata qayğısının uzunmüddətli olacağına əminik” AÇIQLAMA

“Azərbaycan Prezidenti İlham Əliyev qəzetlərə maliyyə yardımı ayrılması ilə bağlı sərəncam imzaladı. Bu proses Ümummilli Lider Heydər Əliyevin prezidentliyi dövründən başlayaraq, bu günədək davam edir və əminik ki, uzunmüddətli xarakter daşıyacaq”. Bunu SİA-ya açıqlamasında “Palitra” qəzetinin baş redaktoru Namiq Əliyev deyib.

Onun sözlərinə görə, Sərəncam Azərbaycan dövlətinin və onun Prezidentinin mətbuata göstərdiyi diqqət və qayğının növbəti təzahürü idi: “Mətbuatda senzuranın ləğvi, qəzetlərin borclarına edilən güzəştlər, yardımlar, yazı müsabiqələri, ən əsası isə jurnalistlərə mənzillərin verilməsi bu sahədə əldə olunan nailiyyətlərdəndir. Mətbuata göstərilən diqqət və qayğı bu sahənin yeni dövrə uyğun formalaşmasına, inkişafına müsbət mənada ciddi təsir göstərir. Əvvəla, xüsusi olaraq vurğulayaq ki, əgər ayrılan bu vəsaitlər, yardımlar olmasa, mətbuatın ayaq üstə durması çox çətin olardı. Bu yardımlardan istifadə edib maddi-texniki bazamızı yeniləyirik, əməkdaşların iş və sosial şəraitini yaxşılaşdırırıq. Təkcə “Palitra” qəzetindən 4 nəfər əməkdaşın mənzil-məişət şəraitinin yaxşılaşdırılması faktı fikrimizi əsaslandırmaq üçün yetərlidir. Mətbuat da, öz növbəsində, göstərilən qayğıya adekvat olaraq, Azərbaycan dövlətinin, onun milli təhlükəsizliyinin, milli maraqlarının, maddi və mənəvi dəyərlərinin keşiyində dayanmalıdır. Bu gün Azərbaycanın inkişafını, sabitliyini, asayişini istəməyən müxtəlif daxili və xarici qüvvələr var. Onlar mübarizə meydanının məkanını dəyişiblər, sosial şəbəkələr üzərindən ideoloji və informasiya hücumları edirlər. Mən tam əminəm ki, sosial şəbəkələrdə aranı qarışdırmağa cəhd edən saxta profillərin bəziləri erməni kəşfiyyatına mənsubdur. Belələrinə qarşı mübarizədə mətbuat nümayəndələrinin üzərinə ağır və məsuliyyətli yük düşür. Hadisələrin gedişi göstərir ki, dövlətini və xalqını sevən jurnalistlərimiz bu şərfli vəzifənin öhdəsindən gələ biləcəklər. Mətbuatın inkişafı üçün qarşıda duran vəzifələrdən biri də, bu sahədə daha peşəkar, beynəlxalq səviyyəli kadrların hazırlanmasıdır. Doğrudur, həm xarici ölkələrdə, həm də respublikada müəyyən sayda peşəkar kadrlarımız var, lakin zamanın çağırışlarına cavab vermək üçün bu say kifayət qədər deyil. Ümid edirik ki, dövlətin mətbuata yardımları sayəsində bu istiqamətdə də, uğurlar əldə edəcəyik”.

Müəllif: Gülyana

Bütün xəbərlər Facebook səhifəmizdə