Sevinc Seyidova: “Azərbaycan mətbuatı hərtərəfli qayğıya malikdir” AÇIQLAMA

“Azərbaycan mətbuatı bu gün peşəkar jurnalist kollektivinə, ən müasir texniki avadanldıqlara və hərtərəfli qayğıya malikdir”. Bunu SİA-ya açıqlamasında “Həftə İçi” qəzetinin baş redaktoru Sevinc Seyidova deyib.

Onun sözlərinə görə, bu diqqət və qayğının əsas mənbəyi isə Prezident İlham Əliyevin timsalında Azərbaycan dövlətidir: “Artıq neçə ildir ki, Azərbaycan Respublikası Prezidenti yanında KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun xətti ilə mətbuatın inkişafı üçün mühüm addımlar atılır. İstər çap mətbuatının reallaşdırdığı layihələrin müqabilində ayrılan maddi yardımlar, istərsə də il ərzində bir neçə dəfə KİV-lərdə çalışan əksər jurnalistlərin iştirak etdiyi müsabiqələrin təşkili mətbuatın inkişafı baxımından xüsusi əhəmiyyətə malikdir. Dövlət başçısı tərəfindən hər il qəzetlərə birdəfəlik maddi yardımlar ayrılır. Bütün qeyd etdiyimiz məqamlar müasir Azərbaycan mətbuatının formalaşması və özünütəsdiqində əvəzsiz rol oynayır. Ən əsası isə, Prezidentin birbaşa təşəbbüsü ilə yüzlərlə jurnalistlərimizin təmənnasız evlərlə təmin olunması dövlətin medianın inkişafına göstərdiyi diqqət və qayğının ən bariz nümunəsidir. Təsəvvür edin, bu humanist addımla illərlə ev, mənzil sahibi ola bilməyən həmkarlarımıza necə böyük sevinc hissləri yaşadıldı. Təbii ki, peşəkar jurnalistlərimizin daha yaxşı çalışması, mətbuatın sürətli inkişafına nail olmaq üçün media ailəsinin fərdlərinin sosial və iqtisadi təminatı mühüm əhəmiyyət daşıyır. Beləliklə, tam əminliklə deyə bilərik ki, mətbuatımız dövlət və milli maraqlarının müdafiəsi, sağlam ictimai rəyin formalaşdırılması, cəmiyyətdə maarifləndirmə və informasiyanın çatdırılması ilə bağlı qarşısına qoyulan başlıca vəzifələrin öhdəsindən layiqincə gəlmək iqtidarındadır”.

Müəllif: Gülyana

Bütün xəbərlər Facebook səhifəmizdə