Deputat: “Azərbaycan-İtaliya münasibətləri sürətlə inkişaf edir" ÖZƏL

“Azərbaycan-İtaliya münasibətləri son illərdə də sürətlə inkişaf edir. Bildiyiniz kimi İtaliya dövləti ATƏT-ə sədrlik edir. Azərbaycan-İtaliya münasibətləri həm iqtisadi, həm də siyasi cəhətdən hər iki tərəf üçün önəmli əhəmiyyət kəsb edir”. Bunu SİA-ya açıqlamasında millət vəkili Tahir Mirkişili deyib.

“Nəzərə alsaq ki, TAP kəmərinin sonuncu təyinat nöqtəsi İtaliya ərazisidir, təbii ki, bu zaman İtaliya ərazisindən Avropanın bir çox ölkələrinə qazın, eyni zamanda nəql olunan neftin paylanılması həm İtaliyanın rolunu kifayət qədər artırır, həm də Azərbaycanın münasibətini daha da inkişaf etdirir. Həmçinin bu layihə İtaliyanın özü üçün böyük gəlir əldə etmək və yeni iş yerləri açmaq imkanı yaradır. Düşünürəm ki, bu baxımından hər iki dövlətin münasibətləri konstruktiv, eyni zamanda proqmatik iqtisadi və siyasi əsaslara söykənir. Azərbaycan və İtaliya prezidentlərinin görüşündə də bu məsələlər səsləndirilib”-deyə, T.Mirkişili fikrini tamamlayıb.

Qeyd edək ki, bu gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin İtaliya Respublikasının Prezidenti Sercio Mattarella ilə təkbətək görüşü olub. Görüşdə Azərbaycan ilə İtaliya arasında ikitərəfli münasibətlərin siyasi, iqtisadi və digər istiqamətlərdə uğurla inkişaf etdiyi vurğulanıb. İtaliya Prezidenti Sercio Mattarellanın Azərbaycana rəsmi səfərinin əlaqələrimizin genişləndirilməsinə töhfə verəcəyinə əminlik ifadə olunub. Söhbət zamanı ikitərəfli münasibətlər və qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə