Ermənilərin Panik kəndi panikada ANALİZ+FOTOLAR

Rusiyanın Gümrüdəki 102-ci hərbi bazası kəndi güclü atəşə tutub

İyunun 17-də Gümrüdə dislokasiya olunmuş Rusiyanın 102-ci hərbi bazasının hərbçiləri texnika və canlı qüvvə ilə Artik bölgəsinin Panik kəndinə daxil olaraq, orada atəş açıb, qumbara atıb və s. hərbi hazırlıq əməliyyatları keçirib. SİA xəbər verir ki, olayla bağlı “lragir.am” saytı yazıb. Saytın yazdığına görə, kəndin sakinləri hərbi kolonun ətrafına yığışaraq, hərbi komandanlığa suallar veriblər ki, rus əsgərləri azaraq, kəndin ərazisinə daxil olublar, yoxsa bu təxribatdır və s.? Lakin komandir heç bir suala cavab verməyərək, hərbi hazırlıq əməliyyatının davam etdirilməsi əmrini verib.

Ermənilərin anti-Rusiya tələbləri 102-ci bazanın ölkədən çıxarılmasına hesablanıb?

Digər erməni sayt və portalları da bənzər fikirlərlə çıxış edərək, hətta rusların erməni kəndlərini ələ keçirmək planları olduğunu yazıblar. Hətta iddia olunub ki, 102-ci bazanın hərbçiləri bir neçə il öncə erməni ailəsini qətlə yetirən Premyakovun yeni sxemi üzrə hərəkətə keçiblər.

“Bütün hallarda bu, növbəti təxribatdır”-deyə yazan erməni mediası Rusiyaya məxsus hərbi bazadakı problemlərin hələ də həll edilmədiyini qeyd edir. O da iddia olunur ki, ruslar zaman-zaman bu kimi davranışları ilə ermənilərə nəyisə xatırlatmağa çalışır. Bununla da hərbi bazanın Ermənistandan çıxarılması məsələsinə cüzi də olsa toxunulur: “Baza haqqındakı məsələni daha dəqiq qoymaq lazımdır – ya qarşıya qoyulmuş məsələlər icra edilməli, ya da Ermənistandan çıxarılmalıdır. Bu, dünyada yeganə hərbi bazadır ki, onu qəbul edən ölkə maliyyələşdirir. Bazada baş verənlərə görə isə birmənalı olaraq, Rusiya məsuliyyət daşıyır”.

Rusiya Ermənistana “səni işğal edərəm” mesajını verib

Nəticə isə budur ki, Ermənistanda son vaxtlar anti-Rusiya meylləri artmaqdadır və bu ölkə rusların for-postu rolunu oynamaqla yanaşı, həm də vassalıdır. Uzun illər Rusiyanın hərbi yardımları ilə zor-bəla ilə ayaqda qalan Ermənistan indi daha çətin vəziyyətə düşüb. Söz yox ki, ən adi analiz aparsaq belə, nəticəyə gələ bilərik ki, əslində Rusiyanın 102-ci bazası ermənilərin həyasızlığına qarşı azca güc nümayiş etdirməklə - Panik kəndinin ərazisinə daxil olaraq, hərbi hazırlıq əməliyyatları adı altında əhalini panikaya salıb. Bununla işarə edib ki, ermənilər çox da atılıb-düşməsinlər. Əks halda, hərbi hazırlıq əməliyyatları real hərbi əməliyyatlarla əvəz olunar, hətta Ermənistan Rusiyanın işğalına məruz qala bilər. Görünən isə budur ki, baş verən Gümrü hadisələri, xüsusilə sonuncu olay məhz həmin istiqamətdə inkişaf edir. Daha doğrusu, Rusiya Ermənistana “səni işğal edərəm” mesajını verib.

Rövşən NURƏDDİNOĞLU

Bütün xəbərlər Facebook səhifəmizdə